Məhkəmə qərarları › İş №3(025)-433/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-433/2022

27.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-433/2022 27.10.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş materiala baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə MN seriyalı, ******* nömrəli, 04 oktyabr 2022ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2020-ci il üzrə maliyyə hesabatlarının auditinin 2021-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmışdır. Nəticədə "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə MN seriyalı, ******* nömrəli, 04 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə verdiyi izahatında göstərmişdir ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması, sahibkarlıq sahəsində hüquqi bazanın təkmilləşdirilməsi məqsədi ilə «Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında» fərman, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanun, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə" və digər qanunvericilik sənədləri təsdiq etmişdir. Lakin bəzi dövlət və qeyri-dövlət orqanları həmin qanunvericiliyin tələblərini pozaraq sahibkarlığın inkişafına mane olan müdaxilələr edir, sahibkarları qanunları pozmağa təhrik edirlər. Belə ki, Azərbaycan Respublikasının Maliyyə nazirliyinin uçot siyasəti idarəsi tərəfindən 2021 -ci ildə "xxxx" MMC-yə “ictimai əhəmiyyətli qurum kimi maliyyə hesabatlarının dərc edilməməsinə görə” protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə həmin işə inzibati xəta tərkibi olmadığına görə xitam vermişdir. 2022-ci ildə yenə həmin şəxs tərəfindən məktub yazılaraq auditor rəyini onlara göndərilməsi tələb olunmuşdur. Məktubda hansı qanunvericiliyə əsasən tələb etdikləri göstərilməmişdir. Qanunvericilikdə auditor rəyinin Maliyyə Nazirliyinə təqdim edilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən də “2020-ci il üzrə maliyyə hesabatlarının 2021-ci ildə auditinin aparılmamasma görə” protokol tərtib edilmişdir. Kommersiya sirri haqqında qanununun 4.1.4-cü maddəsinə əsasən auditor rəyi daxil olmaqla maliyyə hesabatlarında olan məlumatlar kommersiya sirridir və həmin qanunun 17-ci maddəsinə əsasən kommersiya sirri təşkil edən məlumatları qeyriqanuni yolla əldə edən və ya yayan şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Aşağıda göstərilən səbəblərə görə "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında işə həmin Məcəllənin 61.1.4-cü maddəsinə əsaslanaraq. İnzibati Xətalar Məcəlləsinin 464.-cü maddəsində məcburi auditdən yayınmağa görə tənbeh tədbiri nəzərdə tutulmuşdur. Protokolda isə xətanın mahiyyəti “auditdən yayınmağa görə” qeyd edilmişdir. Protokolda xətanın mahiyyəti tam açıqlanmamış, hansı qanuna əsasən məcburi yoxlama aparılmalı olduğu qeyd edilməmişdir. Lakin protokolun göndərildiyi məktubda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsaslanaraq məcburi audit keçirilməli olduğu idda edilmişdir. "xxxx" MMC ictimai əhəmiyyətli qurum və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatı olmadığı üçün, habelə "xxxx" MMC dövlət zəmanəti ilə kredit almadığı və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak etmədiyi üçün, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatı olmadığı üçün maliyyə hesabatlarını dərc etməməlidir. Bu səbəbdən də müəssisədə məcburi audit keçirilməməlidir. Qeyd olunanları nəzərə alaraq шşdə inzibati xəta tərkibi olunmadığına görə "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında işə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Belə olan halda məhkəmə onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib, Qanunun aşağıda qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki, inzibati tənbeh vermə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva tərəfindən "xxxx" MMC-nə ünvanlanmış 04 avqust 2022-ci il tarixli bildirişdən görünür ki, ünvan 1 ünvanında fəaliyyət göstərən "xxxx" MMC (VÖEN-**********) tərəfindən 2020-ci il üzrə maliyyə hesabatlarının auditinin 2021-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında işə 04 oktyabr 2022-ci il tarixdə, saat 14:30-da Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsində baxılacağı, təşkilatın 2020-ci il üzrə illik maliyyə hesabatlarının auditinin keçirilməsi ilə əlaqədar auditor rəyinin mövcud olduğu təqdirdə həmin yuxarıda qeyd olunan tarixədək email ünvanlarına göndərilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4-cü maddəsinə uyğun olaraq məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir. (kənar audit). “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununa görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Azərbaycan Respublikasının Məcəllənin 99.2-ci maddəsinə uyğun olaraq açıq səhmar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) hamının tanış olması üçün hər il dərc etməyə borcludur. Həmin Məcəllənin 107.6-cı maddəsinə uyğun olaraq illik hesabatının və maliyyə hesabatlarının (mikro və kiçik sahibkarlıq subyketləri istisna olmaqla) dərci zamanı səhmdar cəmiyyəti illik maliyyə hesabatlarının yoxlanılması üçün müstəqil auditoru cəlb etməyə borcludur. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq ictimai əhəmiyyətli qurumlardan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından, habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarından illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə təşkilatın internet səhifəsi olduqda, həmin təşkilatın internet səhifəsində və mətbu orqanda dərc etdirməsi tələb olunur. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12-1.9-cu maddəsinə əsasən birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən publik hüquqi şəxslərdən, nizamnamələrində maliyyə hesabatlarının dərc edilməsi nəzərdə tutulan, Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərdən, habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin dövlət büdcəsindən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı vəsait ayrılan publik hüquqi şəxslərdən (dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisəsi, uşaq evləri sosial xidmət müəssisəsi, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsi, məktəbəqədər təhsil müəssisəsi, ümumtəhsil məktəbi, peşə təhsili müəssisəsi, orta ixtisas təhsili müəssisəsi, ali təhisl müəssisəsi, xüsusi təhsil müəssisəsi və ailə tipli kiçik qrup evi istisna olmaqla) illik maliyyə hesabatını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə özlərinin rəsmi internet səhifələrində və ya mətbu orqanda dərc etdirməsi tələb olunur. “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli, 97 nömrəli qərarının 3.1-ci bəndinə əsasən Kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. Həmin Qərarın 3.2-ci bəndinə əsasən Kommersiya təşkilatı illik maliyyə hesabatlarını tabe olduğu yuxarı təşkilata və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən əsas cəmiyyətə, bunlar olmadıqda isə təsisçiyə (təsisçilərə) təqdim edir. Həmin Qərarın 3.3-cü bəndinə əsasən Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən kommersiya təşkilatı həmin hesabatları tabe olduğu yuxarı təşkilata və təsisçiyə (təsisçilərə) təqdim edir. Həmin Qərarın 3.4-cü bəndinə əsasən Kommersiya təşkilatının (investisiya fondları və onların idarəçiləri, sığorta şirkətləri, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər istisna olmaqla) illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi barədə məlumatlar onların tabe olduqları yuxarı təşkilat və ya təsisçi (təsisçilər) tərəfindən bu hesabatların sonuncu təqdimetmə günündən sonra 10 gün ərzində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, investisiya fondlarının və onların idarəçilərinin, sığorta şirkətlərinin, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin məlumatları isə Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir. Hazırki işdə isə müəyyən edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2020-ci il üzrə maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, kənar audit cəlb etməklə auditor yoxlaması keçirməli, müvafiq olaraq auditor hesabatını 2021-ci ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməli idi. Yəni "xxxx" MMC tərəfindən 2020-ci il üzrə maliyyə hesabatlarının keçirilməsindən və təqdim edilməsinin son günü 2021-ci ilin iyun ayının 30-u olmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş MN seriyalı, ******* nömrəli, 04 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulan əməli törətməsi işin materialları ilə tam sübuta yetirilir. Belə ki, 2020-ci il üzrə maliyyə hesabatlarının auditinin 2021-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməsi barədə "xxxx" MMC məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırda inzibati xətanın törədildiyi gündən artıq 1 il müddət keçmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş əməl törədilsə də, müddətin keçməsi ilə bağlı, inzibati məsuliyyətdən azad edilməli və hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 19 dekabr 2019-cu il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu diqqətəlayiq bir məqamı da göstərməyi lazım bilir. Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Həmçinin, X1 111.1-ci maddəsinə uyğun olaraq, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Konstitusiya Məhkəməsinin Plenumu inzibati xətalar üzrə işlərin məhkəmələr tərəfindən baxılmasına dair özünün əvvəlki hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, inzibati xətalara dair işlərə sadələşdirilmiş qaydada baxılmasını, inzibati xəta törətmiş şəxs barəsində qanunvericiliyin tələbinə görə yalnız üç ay müddətində inzibati tənbehin verilməsinin mümkünlüyünü və tərtib edilmiş materialların tamamlanmasının bilavasitə onların da vəzifəsinə aid edildiyini nəzərə alaraq, məhkəmələr daxil olmuş materiallara qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən olunmuş müddətlər çərçivəsində obyektiv və qərəzsiz baxmalıdırlar. İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi həmin Məcəllənin 36-ci fəslinə, yəni Vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara daxil edilmiş və Vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati məsuliyyətə cəlb etmə müddəti ilə bağlı xüsusi norma göstərilmiş və bu müddət 1 il müəyyən edilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC-nin 2020-ci il üzrə maliyyə hesabatlarının verilməsinin son günü 2021-ci ilin iyun ayının 30-udur. 30 iyun 2021-ci il tarixdən, yəni inzibati xətanın törədildiyi vaxtdan 1 (bir) il keçmiş olur. İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 48-51, 53, 61, 106-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və "xxxx" MMC inzibati məsuliyyətdən azad edilməklə barəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsi tərəfindən tərtib olunmuş MN seriyalı, ******* nömrəli, 04 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar