Məhkəmə qərarları › İş №3(025)-434/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-434/2021

31.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-434/2021 31.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi X2 iştirakları ilə, xx.xx.1984-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 30.08.2021-ci il tarixdə saat 20:30 radələrində Qəbələ şəhəri, Elçin Kərimov küçəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq inzibati xəta törətmişdir. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1 Saleh Abducəlil oğlunun Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi X8 izahatında bildirmişdir ki, Şəxs 30.08.2021-ci il tarixdə saat 20:30 radələrində Qəbələ şəhəri, Elçin Kərimov küçəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır, bu səbəbdən barəsində inzibati məsuliyyətə cəlb edilməsi üçün tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında bildirmişdir ki, 30.08.2021-ci il tarixdə Qəbələ şəhəri, Elçin Kərimov küçəsində yerləşən yaşadığı evdə ailədaxili məsələlərə görə münaqişə yarandı. Bu zaman onlar münaqişə edərkən qonşu “102” xidmətinə zəng edərək məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları onların yaşadığı evə gəldilər. Polis əməkdaşları onu sakitləşdirməyə çalışdılar, o, isə əsəbi olduğundan həmin şəxslərə məhəl qoymayaraq öz hərəkətlərinə davam etmişdir. Polislər onun hərəkətlərinin qarşısını almaq üçün şöbəyə aparmaq istəmişdirlər. O, isə polis əməkdaşlarının tələblərinə əməl etməyərək maşına minmək istəməmişdir. Hadisə yerində olan polis əməkdaşlarına tabesizlik göstərdiyi üçün onlar güc tətbiq edərək onu Polis şöbəsinə gətirdilər. Etdiyi əməldən peşmandır, bir daha bu cür hərəkətlərə yol verməyəcək. Sonda isə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid X7 izahatında göstərmişdir ki, 30.08.2021-ci il tarixdə Qəbələ RPŞnin ƏİQ-nin tərkibində olmuşdur. Həmin tarixdə saat 19:52 radələrində Növbətçi Hissədə olan zaman 102 xidmətinə Qəbələ şəhər, E.Kərimov küçəsində yaşayan X4 077 *** ** ** saylı mobil nömrə vasitəsilə zəng edərək münaqişə olması barədə məlumat vermişdir. Həmin mobil nömrə ilə əlaqə saxladı, telefonda danışan qadın dərhal polisin yaxınlaşmasını, münaqişə olduğunu, münaqişənin qanla nəticələnə biləcəyini bildirdi. Həmin qadınla ünvanı dəqiqləşdirərək dərhal növbətçinin göstərişi ilə sürücü polis nəfəri polis baş serjantı Rəşad Qədirova məlumat verildi və dərhal hadisə yerinə getdilər. Hadisə yerinə çatan zaman adını sonradan bildiyi Kəmalə Mehdiyevanın qapısının qarşısında bir neçə nəfər şəxsin olduğunu, adını sonradan müəyyən etdikləri Şəxs münaqişə etdiyini, nalayiq ifadələr işlətdiyini, orada olan şəxslərin onu sakitləşdirməyə çalışdığını gördülər. Dərhal onlara yaxınlaşdılar. Özünü təqdim etmək istəyən zaman Şəxs ona əl-qol atmağa başladı, “sizi bura kim çağırıb” deyərək ünvansız nalayiq ifadələr işlətdi. Sonuncunu sakit olmağa dəvət edərək mobil telefonu vasitəsilə çəkiliş etmək istəyən zaman o telofunu almaq istədi və çəkiliş etməyinə mane oldu. O, həyətə daxil olaraq münaqişənin səbəbini öyrənməyə çalışdı və müəyyən oldu ki, Şəxs sərxoş vəziyyətdə bacısı oğluna avtomobilinə əyləşməyi bildirib, o minmədiyinə görə sonuncu Kəmalə Mehdiyevanın qapısının qarşısına gələrək münaqişə yaratmağa başlamışdır. O, həyətdə olan zaman Şəxs həyətə daxil olaraq, bacısına, bacısının ərinə, bacısı qızına bacısının eltisinə nalayiq ifadələr işlətdi. Həmin zaman orada olan Şəxs anasına oğlunu sakitləşdirməyi bildirdilər, daha sonra dəfələrlə Salehi intizama dəvət edərək nalayiq ifadə işlətməməsini, münaqişə baş verən ərazini tərk etməsini, əks təqdirdə fiziki güc işlədərək onu polis şöbəsinə aparacağını bildirdi. Bu zaman o yenə ünvansız nalayiq ifadələr işlətməyə başladı, “məni heç kim şöbəyə apara bilməz, nə edirəmsə yaxşı edirəm” dedi. Onun qolundan tutaraq həyətdən çıxartdı və növbətçi hissənin xidməti avtomobilinə əyləşməsini bildirdi. O dartınaraq əlindən çıxmağa çalışdı, o, bu zaman onun arxasına keçərək hər iki əli ilə belindən qolları altda qalan formada tutdu. Rəşad Qədirova avtomobilin arxa sağ qapısını açmağı bildirdi, o qapını açdı, Salehi maşının arxa oturacağına əyləşdirərək polis şöbəsi istiqamətinə hərəkət etdilər. O maşında olan zaman ünvansız nalayiq ifadələr işlətməyə başladı, onu işdən çıxartdıracağı ilə hədələdi. Ona barəsində qanuni tədbir görüləcəyini bildirdi. Polis şöbəsinə çatdıqdan sonra o inzibati binanın arxasında ucadan ünvansız nalayiq ifadələr işlətdi, onu intizama dəvət etsələr də o nalayiq ifadə işlətməyə davam etdi. Bu barədə növbətçi hissəyə və rəhbərliyə məruzə edildi və baş vermiş hadisə ilə bağlı raport yazdı. Məhkəmə iclasında şahid X9 şahid X3 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə Şəxs törətdiyi əməli etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə hesab edir ki, 30 avqust 2021-ci il tarixdən 31 avqust 2021-ci il tarixədək hazırki iş üzrə inzibati qaydada tutma müddəti nəzərə alınmaqla, Şəxs tətbiq edilən cərimənin həddi təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimənin yuxarı həddinin dörddə üçündən çox olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 150 (bir yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar