Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-434/2023 14.08.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X6, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1972-ci il iyunun 15-də Bakı şəhərində doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Məhkəmənin icraatına 14 avqust 2023-cü il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X8 tərəfindən Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Həmin İXH protokollarda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat Qəbələ şəhəri ərazisində “Ruhlar Parkı” adlanan yerdə ictimai qaydanı pozaraq xırda xuliqanlıq törətmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda məhkəmənin icraatına 14 avqust 2023-cü il tarixdə Qəbələ RPŞ İTBnin sahə rəisi, polis baş leytenantı X8 tərəfindən Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Həmin İXH protokollarda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat Qəbələ şəhəri ərazisində “Ruhlar Parkı” adlanan ərazidə polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 3(025)-435/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə 3(025)-434/2023 və 3(025)-435/2023 saylı inzibati işlərin bir icraatda birləşdirilməsi və bir icraatda birləşdirilmiş işə 3(025)-434/2023 saylı nömrə verilməsi qərara alınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTBnin sahə rəisi, polis baş leytenantı X8 göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat Qəbələ şəhəri ərazisində “Ruhlar Parkı” adlanan yerdə ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmiş, həmçinin xidməti vəzifələrini yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin şəxsin barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, Turizim sektorunda sürücü kimi fəaliyyət göstərir. Təxminən iki gün əvvəl öz şəxsi maşını ilə Qəbələ rayonuna turist gətirib gəlmişdir. xx.xx.2023-cü il tarixdə Qəbələ şəhər ərazisində yerləşən moykada maşınını yuduzdururmuş. Bu zaman orada qaçaraq bir nəfər şəxsin ora gəldiyini görmüşdür. Həmin şəxsin başında xəsarət olduğundan oradakı uşaqlara bildirmiş ki, başına soyuq su qoyaq başında olan şiş çəkilsin. Sonra həmin şəxsin gəldiyi tərəfə getmişdir. Orada iki nəfər qadın var imiş. O, qadınlardan nə olduğunu soruşmuş və onlar bu barədə heç bir cavab vermədilər. Sonra orada olan digər yoldaşı Əlinin əlindən polis əməkdaşları tutaraq bildirmiş ki, “sən bizim işimizə müdaxilə etmə” və dostu Əlini şöbəyə gətirmək istəyirmişlər. Bu zaman o da həmin vaxtı çəkiliş etməyə başlamış və polis əməkdaşlarının Əlinin şöbəyə aparmasına müdaxilə etmişdir. O, həmin hadisə zamanı çəkiliş apararaq orada olan polis əməkdaşlarını videogörüntüyə çəkərək onların fəaliyyətinə maneəçilik törətmişdir. Ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürsounun vəkili Vəkil çıxış edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-nin 510-cu maddəsinin tərkibinin olmadığını və həmin maddə ilə başlanmış inzibati xəta haqqında işə xitam verilməsi, İXM-nin 535.1-ci maddəsi ilə barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, qaynı Məhəmmədəli adlı şəxslə bir yerdə ailələrini Qəbələ şəhərinə hava almaq üçün öz şəxsi maşınları ilə aparmışlar. Qəbələ şəhər "Ruhlar Parkı" adlanan yerdə tanımadıqları şəxs onların avtomaşının qarşısına öz şəxsi avtomobili ilə çıxaraq təhlükəli vəziyyət yaratmışdır. Avtomaşını o idarə etmişdir. Onun yanındakı Asif adlı şəxs "ucadan biraz ehtiyyatlı ol, yola niyə fikir vermirsən" deyərək həmin şəxsə irad tutmuşdur. Bu zaman sürücünün yanındakı şəxs uca səslə onlara qışqıraraq irad tutmuşdur. Sonra onlar maşını yolun kənarına çəkərək maşından düşmüşlər və həmin şəxslə mübahisələri başlamışdır. Həmin şəxslə dava-dalaş edərkən ailə üzviləri onları ayırmağa çalışmışdır. Bundan sonra aralarında olan dava-dalaşla bağlı həmin hadisə yerinə polis əməkdaşları yaxınlaşmış və onları sakitləşdirmişlər. Həmin vaxtı orada olan adını sonradan bildiyi Arif adlı şəxs hadisəni çəkməyə başlamışdır. O, hadisəni çəkərək həmin şəxslərlə etdikləri mübahisəni sakitləşdirməyə çalışan polis əməkdaşlarına maneəçilik törədir və onların qanuni tələblərinə qəsdən tabe olmurdu. Bir neçə dəfə polis əməkdaşları ondan bu hərəkətinə son qoymağı və sakitləşməyi tələb etsə də, həmin şəxs əsasız çəkilişlər apararaq polis əməkdaşlarının dava-dalaş edən şəxsləri polis şöbəsinə gətirilməsinə maneəçilik törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirmişdir ki, qaynı Məhəmmədəli adlı şəxslə bir yerdə ailələrini Qəbələ şəhərinə hava almaq üçün öz şəxsi maşınları ilə aparmışlar. Qəbələ şəhər "Ruhlar Parkı" adlanan yerdə tanımadıqları şəxs onların avtomaşının qarşısına öz şəxsi avtomobili ilə çıxaraq təhlükəli vəziyyət yaratmışdır. O da ona "ucadan biraz ehtiyyatlı ol, yola niyə fikir vermirsən" deyərək irad tutmuşdur. Bu zaman sürücünün yanındakı şəxs uca səslə onlara qışqıraraq irad tutmuşdur. Sonra maşını yolun kənarına çəkərək maşından düşmüşlər və həmin şəxslə mübahisələri başlamışdır. Onunla dava-dalaş edərkən ailə üzviləri onları ayırmağa çalışırmış. Bundan sonra aralarında olan dava-dalaşla bağlı həmin hadisə yerinə polis əməkdaşları yaxınlaş və onları sakitləşdirmişlər. Həmin vaxtı orada olan adını sonradan bildiyi Arif adlı şəxs hadisəni çəkməyə başlamışdır. O hadisəni çəkərək həmin şəxslərlə etdikləri mübahisəni sakitləşdirməyə çalışan polis əməkdaşlarına maneəçilik törədir, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bir neçə dəfə polis əməkdaşları ondan bu hərəkətinə son qoymağı və sakitləşməyi tələb etsə də, həmin şəxs əsasız çəkilişlər apararaq polis əməkdaşlarının dava-dalaş edən şəxsləri polis şöbəsinə gətirlməsinə maneəçilik törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri Nurlan Quliyevlə birlikdə xidmətdə olarkən Qəbələ şəhəri Ruhlar Parkı adlanan ərazidə bir qurup şəxsin bir-birləri ilə mübahisə edərək dava-dalaş etdiklərini görmüşlər. Buna görədə dərhal həmin yerə yaxınlaşaraq özlərini təqdim edib həmin şəxsləri sakitləşdirərək dava-dalaş etməsinlər deyə aralamağa çalışmışlar. Lakin həmin vaxt adı sonradan onlara məlum olan Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində qeydiyyatda olan Şəxs və Şamaxı rayon Xınıslı kənd sakini X12 mobil telefonları ilə orada olan qadınları və hadisəni çəkərək işlərinə manəçilik törədirdilər. Buna görə də hadisə baş verən yerdəki şəxslərdən bir neçəsi adlarını qeyd etdiyi şəxslərin çəkiliş aparmasına narazılıq edib onların həmin yerdən uzaqlaşmasını tələb etdilər. Həmin vaxt Şəxs və X12 ünvansız nalayiq ifadələr işlədərək "heç kim bizə heçnə edə bilməz", "yaxşı edib çəkiliş aparırıq" sözlərini deyərək nümayişkaranə hərəkətlər edir, və hərkətləri ilə digər şəxslərin diqqətini özlərinə cəlb etdirib sözü gedən əraziyə digər şəxslərində toplaşmasına şərait yaradırdı. Yuxarda qeyd etdiyi səbəblərdən sözügedən əraziyə digər polis əməkdaşlarını köməyə çağırmış və həmin şəxslərə törədiyi əməlin ictimai qayda pozuntusu olduğunu izah edərək hərəkətlərinə son qoymağı xahiş etmişlər. Lakin həmin şəxslərdən biri, yəni Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmur və qərəzli olaraq hərəkətlərini davam etdirərək nümayişkarana hərəkətlər edirmiş. Onlar həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsələr də, həmin şəxs öz hərəkətlərinə davam edərək onların işlərinə manəçilik törədərək qanuni tələblərini qəsdən yerinə yetirməmişdir. Bundan sonra həmin şəxslərin barəsində qanuni tədbir görülməsi üçün həmin şəxslər tərəflərindən Qəbələ rayon polis şöbəsinə gətirildi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Orxan Şəfayət oğlu ilə oxşar məzmunlu izahat verərək onun dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. İşdə olan 13 avqust 2023-cü il tarixli “X11 Haqqında” protokoldan görünür ki, Şəxs 13 avqust 2023-cü il tarixdə, saat 23:30-da tutulmuşdur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin dispozisiyasından göründüyü kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat Qəbələ şəhəri ərazisində “Ruhlar Parkı” adlanan ərazidə polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə işin faktiki hallarını nəzərə almaqla hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs oğlunun hərəkətlərində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi həmin Məcəllənin 38-ci fəslinə, yəni ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyət əleyhinə olan inzibati xətalara daxil edilmişdir. İctimai qayda dedikdə dövlət orqanları və qeyri-hökümət təşkilatlarının fəaliyyəti, əhalinin əməyi və istirahəti üçün normal şəraitin və ictimai həyatın əmin-amanlıq vəziyyətinin təmin edilməsi məqsədi daşıyan, ictimai yerlərdə insanların ünsiyyəti prosesində yaranan, cəmiyyətin tələbatı ilə şərtləndirilən və sosial normalarla tənzimlənən ictiami münasibətlər sistemi kimi başa düşülür. Göründüyü kimi İXM-nin 510-cu maddəsi ilə məsuliyyətin yaranması üçün təqsirli şəxsin əməlində xırda xuliqanlıq hərəkətləri olmalıdır. Xırda xuliqanlıq isə ictimai qaydaya qəsd edən inzibati xətadır. O, təqsirli şəxsin mədəniyyət və dünyagörüşü səviyyəsinin aşağı olmasını, onun təkəbbürlüyünü, özündən razı olmasını, onu əhatə edən insanların maraqlarına laqeydliyini və əxlaq qaydalarına məhəl qoyulmamasını sübut edir. Bu inzibati xətanın obyekti ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat sahələrində yarana ictimai münasibətlərdir. Xətanın bilavəsitə obyekti isə vətəndaşların ictimai yerlərdə olması ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Bu xətaların törədilməsi zamanı, hər bir halda, ictimai qaydaya, vətəndaşların şərəf və ləyaqətinə, onların normal iş şəraitinə, istirahətinə, hüquq və qanuni maraqlarına ziyan vurulur. Obyektiv cəhətdən xırda xuliqanlıq ictimai qaydanı pozan hərəkətlərlə törədilir. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində həmin halların, yəni ictimai qaydanın pozulmasının mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmadı. Ona görə də məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokoldan və məhkəmə iclasında araşdırılan sübutlardan göründüyü kimi Şəxs hərəkətlərində ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər kimi hallar mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər edilmədiyindən onun İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Bu səbəbdən Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2, 34.3, 114.1.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 13 avqust 2023-cü il saat 23:30-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, İXM-nin 510-cu maddəsinə aid hissədə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-434/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-434/2023
14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver