Məhkəmə qərarları › İş №3(025)-435/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-435/2024

22.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-435/2024 22.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X9, zərərçəkmiş şəxslər, X6 və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu Yemişanlı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddələri ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat (xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta protokol) başlanmışdır kı, o, xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində, qohumu X2 məxsus olan fərdi yaşayış evinin həyətyanı sahəsində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qardaşı arvadı Zərərçəkmiş şəxs və sonuncunun anası X3 döyərək onlara sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə onun qardaşı X10 2017-ci ildə evlənmiş, onların X7 adında uşaqları olmuş və münasibətləri pozulduğu üçün 2024-cü ilin ilin may ayında ayrılmışlar. Həmin vaxtdan sonra Zərərçəkmiş şəxs uşaqla birlikdə Qəbələ rayonu Nic qəsəbəsində öz valideynlərinə məxsus olan Qəbələ rayonu Nic qəsəbəsində yerləşən evdə yaşamış və uşağı atasına göstərməmişdir. xx.xx.2004-cü il tarixdə o, qardaşları, Əşrəf və Amillə birlikdə X7 ilə görüşməkdən ötrü uşağın yaşadığı ünvana getmişdir. Əşrəf Amillə birlikdə küçədə gözləmiş, o, isə uşağı gətirməkdən ötrü həyətə girmiş və Nərgizi atasının yanına gətirmişdir. O, uşağı bir qədər kənara çəkib onunla şəkil şəkdirmək istərkən Şahnisə acıqlı halda onlara tərəf gələrək uşağı almaq istəmiş və onun ünvanına təhqiramiz ifadələr işlədərək münaqişə yaratmışdır. Həmin vaxt X4 onlara tərəf gəlmək istərkən ayağı sürüşüb su arxına yıxılmış və qalxdıqdan sonra üzərinə hücum edib Şahnisə ilə birlikdə itələyərək onu həmin su arxına salmışlar. Şahnisə onun saçını yolmuş və üzünü cırmışdır. Əşrəf Şahnisəni kənarlaşdırmaq məqsədilə onun bel nahiyəsindən tutub geri itələyərkən Şahnisə yerə yıxılmışdır. Bundan sonra baldızı Cəmilə əlindəki lapatka ilə onlara hücum etmiş və onlar həyətdən çıxaraq AR DİN-nin 102 xidmətinə zəng etmişlər. Həmin vaxt o, X4 və Zərərçəkmiş şəxs döyməmiş və onlara qarşı fiziki zorakılıq etməmişdir. İş üzrə zərərçəkmiş şəxs X5 göstərmişdir ki, o, X10 2017-ci ildə evlənmiş, onların X7 adında uşaqları olmuş və münasibətləri pozulduğu üçün 2024-cü ilin ilin may ayında ayrılmışlar. Həmin vaxtdan sonra o, uşaqla birlikdə Qəbələ rayonu Nic qəsəbəsində öz valideynlərinə məxsus olan evdə yaşamışdır. xx.xx.2004-cü il tarixdə Əşrəf bacısı Vüsalə və qardaşı Amillə birlikdə onun yaşadığı ünvana gəlmiş, Vüsalə həyətə girərək onu çağırmış və Nərgizi görməyə gəldiklərini bildirərək uşağı qucağına alaraq küçəyə tərəf aparmışdır. O, uşağı almaqdan ötrü Vüsalənin dalınca getmiş və uşağı ondan almağa cəhd etmişdir. Həmin vaxt Əşrəf qardaşı Amillə birlikdə həyətin giriş hissəsində Vüsalənin yanında olmuş, ona yaxınlaşaraq qolundan tutub yerə yıxmış və başından yumruqla vurmuşdur. X4 ona kömək etmək istərkən Vüsalə Xanımı itələyərək su arxına salmışdır. İş üzrə zərərkəkmiş şəxs X4 göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu Nic qəsəbəsində yaşayır. Onun qızı Zərərçəkmiş şəxs 2017-ci ildə X10 ilə evlənmiş, onların X7 adında uşaqları olmuş və münasibətləri pozulduğu üçün 2024-cü ilin ilin may ayında ayrılmışlar. Şahnisə həmin vaxtdan etibarən uşaqla birlikdə Qəbələ rayonu Nic qəsəbəsində, onlarla birlikdə yaşamışdır. xx.xx.2004-cü il tarixdə Əşrəf bacısı Vüsalə və qardaşı Amillə birlikdə onun yaşadığı ünvana gəlmiş, Vüsalə həyətə girərək Şahnisəni çağırmış və Nərgizi görməyə gəldiklərini bildirərək uşağı qucağına alaraq küçəyə tərəf aparmışdır. Şahnisə uşağı almaqdan ötrü Vüsalənin dalınca getmiş və uşağı ondan almağa cəhd etmişdir. Həmin vaxt o, həyətdə olmuş və səs-küy eşidərək Şahnisənin dalınca getmişdir. Əşrəf qardaşı Amillə birlikdə həyətin giriş hissəsində Vüsalənin yanında olmuşdur. Onlara yaxınlaşarkən Vüsalə onun saçından tutub dartaraq su arxına salmış, Əşrəf isə başından yumruqla vurmuşdur. İşdə olan MTE və PA Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 371 saylı ekspert rəyinə əsasən 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – bədəni üzərində sol almacıq nahiyəsinin, sol diz oynağının ön səthinin sıyrığı, alt çənənin sol tərəfinin və sol saidin bayır aşağı 1/3-ninqançırı kimi xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə yəni 27 iyul 2024-cü ildə törənə bilər. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. İşdə olan MTE və PA Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 374 saylı ekspert rəyinə əsasən 1996-cı il təvəllüdlü Şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – bədəni üzərində sağ körpücüküstü nahiyənin, sol saidin arxa orta 1/3-nin, sağ bayır topuq nahiyəsinin sıyrıqları və sağ bazunun içəri yuxarı 1/3-nin qançırı kimi xəsarəti vardır. Qeyd olunan xəsarətlər küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə yəni 27 iyul 2024-cü ildə törənə bilər. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. İşdə olan MTE və PA Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 376 saylı ekspert rəyinə əsasən 1969-cu il təvəllüdlü X1 məhkəmə-tibbi müayinəsi zamanı üzərində bədən xəsarəti aşkar edilməmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirməyə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədquiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X10 xx.xx.2024-cü il tarixdə azyaşlı övladı Nərgizi görməkdən ötrü bacısı Vüsalə və qardaşı Amillə birlikdə arvadı Zərərçəkmiş şəxs yaşadığı Qəbələ rayonu Nic qəsəbəsində yerləşən evə getmiş və həmin vaxt uşağa görə Vüsalə ilə Şahnisə arasında yaranmış münaqişəyə qoşularaq Şahnisəni itələyib yerə yıxaraq ona sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Şəxs X4 və Zərərçəkmiş şəxs döyərək xəsarətlər yetirməsi müəyyən edilməmişdir. X4 və Zərərçəkmiş şəxs həmin vaxt Şəxs tərəfindən döyülmələri ilə bağlı izahatı qərəzli olduğlarına görə mötəbər deyil və iş üzrə sübut kimi qəbul edilmir. AR İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin AR İXM-nin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində AR İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 112, 115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində AR İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata (xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta protokol üzrə) xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar