Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-441/2020 29.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Şahin Osmanovun, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbacan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində Şəxs əmisi Zərərçəkmiş şəxs ilə mübahisə etmiş, sonuncunu çəkiclə vuraraq ona bədən xəsarətləri yetirmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi, polis baş leytenantı Şahin Osmanov izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində Şəxs əmisi Zərərçəkmiş şəxs ilə mübahisə etmiş, sonuncunu çəkiclə vuraraq ona bədən xəsarətləri yetirmişdir.Təhqiqatın araşdırması nəticəsində tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əmisidir. X1 əmisi Elmanın Həyat yoldaşı Nabad ilə münasibətləri olmuşdur. 2019-cu ilin noyabr ayında əmisi Elman qardaşı Əziz ilə həyat yoldaşı Nabadı evlərində bir yerdə görmüş və bundan sonra qardaşı ilə münaqişələri başlamışdır. Belə ki, qardaşı Əzizin onun həyat yoldaşı Nabad ilə münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs bir neçə dəfə qardaşını öldürməklə hədələmişdir. Buna görə də polisdə bir neçə dəfə araşdırma olmuşdur. Zərərçəkmiş şəxs onlara həyətindən su borusu çəkməyə qoymur. xx.xx.2020-ci il tarixdə günorta saat 12 radələrindən yolda öz həyətimizə qardaşı Əziz ilə birlikdə su borusu çəkirdilər. Təxminən 2 saat yolda işləmişdilər. Saat 15:20 radələrindən sonra əmisi Elman həmin yerə öz bağ sahəsindən yaxınlaşdı, bağında hasarın yanında dayandı. Elman onlara yaxınlaşaraq salam verdi, “buradan sizə su gedəcəkmi, su borusu üzü yuxarıdı dedi”. Onlar da Elmana inşallah gedər dedilər. Elman onlara yenə “buradan sizə su getməyəcək” dedi. Elmandan niyə deyərək soruşdu. O “mən imkan verməyəcəm” dedi. Daha sonra səsini qaldıraraq sözlü mübahisə etməyə başladı. Elman Əzizə “niyə mənim ailəmi dağıtdın, niyə elədin” sözlərini dedi. Əziz ona “bu söhbət olub qurtardı, mövzunu bağla sənin başqa işin gücün yoxdurmu” dedi. Elman Əzizə “səni güllələyəcəm, səni öldürəcəm”, daha sonra ona tərəf çevrilərək onu da öldürəcəyini dedi. Həmin zaman qardaşı telefon ilə onu çəkirdi. Daha sonra Elman əlindəki şabalıd meyvəsini yığmaq üçün nəzərdə tutulan “Zutqun” kimi deyilən ağacı götürərək hasardan yola keçərək üzərlərinə gəldi. Qaçaraq həyətə tərəf getdi. Bu zaman Elman arxadan onun sol qoluna əlindəki ağac ilə vurdu. Onun sağ əlində kərki deyilən çəkiç aləti, digər əlində isə içərisində sim, kəlbətin, zubil, boruları bağalamaq üçün nəzərdə tutulan xamıt olan sumka var idi. Bir qədər qaçıb arxaya baxan zaman gördü ki, qardaşı ilə əmisi yerdə yıxılı vəziyyətdədirlər, Əmisi Elman qardaşı Əzizi sol qolu ilə boğazından sıxaraq boğurdu. Buna görə də geri qayıtdı. Bir qədər əvvəl əmisi qardaşını real olaraq öldürməklə inandırıcı hədələdiyi və onlar arasında münaqişə olduğu, əmisinin üzərində kəsici və ya deşici alət olmasından şübhələnərək onlara yaxınlaşdı və sağ əlindəki çəkicin arxası ilə əmisi Elmanın başına bir dəfə bərk olmayan zərbə vurdu. Əmisi yenə qardaşını buraxmırdı. Bu zaman yuxarıdakı qonşu Aydın Niftalıyev gələrək sözlə onları sakitləşdirdi. Onlar ayağa qalxdılar, əmisi qardaşını buraxmamışdı. Həmin şəxsləri ayıran zaman Elman nalayiq ifadələr işlədərək təpik ilə onun sağ budunun yuxarı hissəsinə yavaşca zərbə vurdu. Daha sonra kərkini və sumkanı götürərək həyətə getdilər . Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Səfa Niftyalıyev və Əziz Niftalıyev onun qardaşı oğullarıdır. Onun Əziz ilə 2019-cu ilin noyabr ayından namus məsələsi ilə bağlı münaqişəsi vardır. Belə ki, həyat yoldaşı Nabad ona Əziz ilə xəyanət etmişdir. Bu məsələlərə görə o, həyat yoldaşından 2020-ci ilin may ayında rəsmi olaraq boşanmışdır. Onun Səfa ilə heç bir münaqişəsi yoxdur. Münaqişəsi ancaq Əziz Niftalıyevnəndir. 2020-ci ilin may ayından bəri həyətindən onlara keçən su turbasını çıxartmasını demiş və o, həmin su xəttini halhazırda həyətindən keçməyə qoymur. Onun onların anası Nahidə Niftalıyeva ilə də münaqişəsi vardır. Səfa ona şər və böhtan atır. Səfa onun atasının və anasının qəbrinə söymüşdür. O da “gəl üzr istə sənə həyətdən su verim” demişdir. xx.xx.2020-ci il tarixdə səhər saatlarında mağazaya gedərək ot biçən motor üçün benzin, özü üçün siqaret və araq aldı. Evə qayıdan zaman saat 13:30 radələri olardı. Evdə nahar etdi. Təxminən 150 qram araq içdi. Dağa gedərək şabalıd ağacının meyvələrini yığmağa gedirdi. Həyətyanı sahənin kənarında yolda saat 15:30 radələrində Səfa Niftalıyev və Əziz Niftalıyevin su borusunu çəkdiyini gördü. Onlara salam verərək “sizə bağdan su xətti verirdim, anan gəlib üzr istəmədi ona görə vermədim, o məndən üzr istəsin sizə su xətti verim, sizə buradan üzü yuxarı su getməz” dedi. Əziz ona “biz həmin sözü eşitməmişik” dedi. Əziz ilə münaqişəsi olduğu üçün ondan “mənim ailəmi niyə dağıtdın, sənə görə mən boşandım” dedi. Gülərək “yaxşı etmişəm” dedi. Səfa da nalayiq ifadələr işlədərək “yaxşı edibdi” dedi. Bu zaman Səfaya qarşı nalayiq ifadələr işlətdi. Əlində Şabalıd ağacının meyvələrini ağacdan vurub salmaq üçün çubuq var idi. Hasarın keçid hissəsindən keçərək yola onlar tərəfə gəldi. Səfa yenə ona qarşı nalayiq ifadələr işlətdi. Əlindəki çubuq ilə arxa tərəfdən Səfaya bir dəfə vurdu. Harasına dəydiyini dəqiq bilmədi. Səfanın əlində kərki deyilən çəkiç aləti var idi. Əziz onlardan təxminən 2 metr kənarda idi. Səfa qaçıb getmişdi. Əziz onun üzərinə gəldi. Əlindəki çubuğu yerə tulladı, onlar bir-birinin kürək nahiyəsindən tutdu və onlar bir-birini qucaqladılar. Yaxın məsafədə olduğu üçün bir-birini vura bilmədilər. Bu zaman Səfa öz həyətləri tərəfdən gələrək əlindəki çəkicin arxası ilə Əzizin başının üzərindən onun başının ortasına zərbə vurdu. Həmin zaman qan axdı, o, çəkicin hər iki tərəfindən tutdu. Səfa da çəkici buraxmamışdı. Əziz onların ortasında qalmışdı. Bir anlıq huşunu itirdi və yerə Əziz ilə birlikdə yıxıldı. Səfa Əzizi ayağa qaldıraraq apardı. Səfa orda olan lapatkanı götürərək üzünün sol tərəfindən ağadan olan sapı ilə vurdu, lakin möhkəm dəymədi, üzünə sürtdü. Daha sonra onların hər ikisi qaçdı. Sonda isə Şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Şahin Osmanov tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 53, 106-109, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-441/2020
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-441/2020
29.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver