Məhkəmə qərarları › İş №3(025)-443/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-443/2022

18.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-443/2022 18.10.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi polis baş leytenantı X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1981-ci ildə Bərdə rayonunda anadan olmuş, Qəbələ rayonu, Zirik kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu, Zirik kəndində, münaqişə zəminində qudası Zərərçəkmiş şəxs döyərək sonuncuya sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 01 oktyabr 2022-ci il tarixli qərarına əsasən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkib əlaməti olmasına görə barəsində inzibati icraat başlanması və həmin maddə ilə protokol tərtib olunub inzibati məsuliyyətə cəlb olunması üçün Qəbələ RPŞ-nə göndərilməsi qərara alınmışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X1 Xuraman Çingiz qızının Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi polis baş leytenantı X4 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu, Zirik kəndində, münaqişə zəminində qudası Zərərçəkmiş şəxs döyərək sonuncuya sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, Səbirə onun qudasıdır. Təxminən bir ay əvvəl, kürəkəni Tural ilə qızı Marina arasında ailə daxili münaqişə baş vermişdir. Qızı Marinə azyaşlı uşağını götürüb onlara gəldi. Həmin vaxtdan Marinə onun evində idi. O, bir gün evə gələndə gördü ki, qudası Səbirə gəlib. O, qızının qulağından sırğaları dartıb çıxartmaq istəyirdi, uşağı və qızılları tələb edir. Bu zaman o, Səbirəyə maneə olaraq uşağı da qızılları da verməyəcəyini bildirdi. Daha sonra o, Səbirənin saçından tutaraq yolmuşdur, lakin ona təpik vurmamışdır. Daha sonra Səbirə qaçıb yola çıxdı. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Xuraman onun qudasıdır. Təxminən bir ay əvvəl o, Bakı şəhərində olan zaman oğlu Tural ilə gəlini Marina arasında ailə daxili münaqişə baş verdi. Gəlini Marinə azyaşlı uşağını götürüb öz anası evinə getdi. Həmin vaxtdan Marinə öz anası evində idi. Onlar isə bir necə dəfə gəlini barışıq edərək evə gətirmək istədi, oğlu Tural hər dəfə ona “mən uşağımı görmək istəyirəm get Marinanı gətir evə gəl” dedi. xx.xx.2022-ci il tarixdə Zirik kənd yerli icra nümayəndəsi ona “Marinanı görmüşəm mənə deyib ki məni gəlib aparsalar gedərəm” dedi. O, buna görə Arizin mağazasından çörək alıb orada qoyub Marinanın atası evinə getdi. Onu gətirib evə gəlmək istədi. O həyətə daxil oldu, həmin vaxt Marinanın atası Yavər onun qarşısına çıxdı. O Yavərə “Marinanı aparmaq istəyirəm ailə dağılmasın“ dedi. Bu zaman qudası Xuraman gəldi. Ona “çıx mənim həyətimdən sən mənim həyətimə nə üçün gəlmisən qızım Marinanın getməsinə icazə vermirəm mən onu başqa şəxlə evləndirəcəm” dedi. Həmin vaxt Xuraman onun üzərinə hücum edərək itələdi. O yerə yıxıldı, sonra saçından tutub yolaraq yerdə sürüklədi. Bu zaman evdə olan Xuramanın əri Yavər onu tutub aralaşdırmaq istəyirdi. O Xuramanın əlindən qaçıb yola çıxdı. Sonra isə AR DİN-nin 102 xidmətinə zəng edərək məlumat verdi. O Xuramana qarşı heç bir fiziki zor tətbiq etmədiyini bildirmişdir. Sonda isə Şəxs ilə barışmayacağını və ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində daha yüngül inazibati tənbeh növünün təyin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin xx.xx.2022-ci il tarixli, 518 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər – alının sol tərəfinin, sol gözün alt hissəsinin sıyrığı və boyunun sağ aşağı hissəsinin qançırı kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin (əşyanın) təsirindən müayinə olunanın qeyd etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş 18 oktyabr 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tərəflərin izahatları, ekspert rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbəblə Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar