Məhkəmə qərarları › İş №3(025)-444/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-444/2022

18.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-444/2022 18.10.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X2, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxxxx 1979-cu il tarixdə Qəbələ rayonu Uludaş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ rayonu Mıxlıqovaq kəndində qeydiyyatda olmaqla Qəbələ rayonu Uludaş kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə 18 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X3 tərəfindən Şəxs barədə tərtib edilmiş 18 oktyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında həmin protokol Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X4 18 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı əsasında tərtib edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2022-ci il tarixdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarını istehlak miqdarı qədər daşımışdır. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi göstərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X3 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs üzərində aşkar olunmuş narkotik vasitə hesab edilən marixuananın miqdarı şəxsi istehlak miqdarında olduğuna görə onun barəsində cinayət işinin başlanılmasının rədd edilməsinə dair xx.xx.2022-ci il tarixli qərar qəbul edilmiş və həmin qərar əsasında da inzibati xəta haqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, 17 oktyabr 2022-ci il tarixdə günorta radələrində içərisində narkotik vasitə olan kağız bükümü yaşadığı kəndin sahə rəisi vəzifəsində işləyən Cəmil müəllimə “istifadə etmək üçün” təqdim etmişdir. Cəmil adlı polis əməkdaşı da barəsində araşdırma aparılması məqsədi ilə onu Qəbələ rayon Polis şöbəsinə gətirmişdir. O, əvvəllər də narkotik vasitə qəbul etmiş, hətta bu barədə müalicələr də almışdır. Sözügedən narkotik vasitəni isə kənd ərazisində yol kənarından tapmışdır. Son olaraq törətdiyi əməldən peşman olduğunu bildirməklə barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərmişdir ki, 17 oktyabr 2022-ci il tarixdə nahar vaxtı həmkəndlisi X7 həyət qapısının qarşısında səsləyərək onu yeyibiçməyə dəvət etmiş və qarşılıqlı razılaşmaya gəldikdən sonra birlikdə kafeyə getmişlər. Kafeyə çatdıqdan sonra yemək sifariş edərək bir masada əyləşmişlər və təxminən bir neçə dəqiqədən sonra masalarına həmkəndlisi Səyavuş gəlmişdir. Lakin Səyavuşun davranışları idarə edilməz formada olmuş və sonuncunun özünü şübhəli apardığını görüb masadan qalxmışlar. Masadan qalxıb evlərinə geri qayıtmağa hazırlaşdıqları zaman polis əməkdaşları özləri ilə birgə Səyavuşu Qəbələ RPŞ-nə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Ələkbər Nəsib oğlu ilə oxşar məzmunlu izahat verərək onun dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında göstərmişdir ki, 17 oktyabr 2022-ci il tarixdə nahar vaxtı xidməti ərazisinə daxil olan Qəbələ rayon Tiknalı kəndi ərazisində yerləşən adı olmayan kafenin həyətində dayanmış və həmin vaxtı Uludaş kənd sakini Şəxs da iki nəfər həmkəndlisi ilə sözügedən kafeyə daxil olmuşdur. O, Şəxs uzun müddət spirtli içki aludəçisi olduğuna görə müalicə aldığını bildiyi üçün ondan vəziyyətinin hal-hazırda necə olduğunu soruşmuşdur. Səyavuş ona cavab verməyə hazırlaşdığı zaman hiss etmiş ki, o yüksək dərəcədə sərxoşdur. Səyavuş sualına cavab olaraq aqressiv formada müalicə almadığını və almayacağını bildirərək ona əlində olan bir ədəd bükümü göstərmişdir. O, həmin bükümün daxilində nə olduğunu soruşduğu zaman Səyavuş ona aydın formada cavab vermədiyi üçün, daha sonra isə narkotik vasitə olmasını bildirdiyi üçün o, həmin bükümün daxilindəki kütlənin nə olmasını müəyyənləşdirmək məqsədi ilə Şəxs əlindəki bükümlə birgə Qəbələ RPŞ-yə gətirmiş və sonradan bu barədə araşdırma aparılması üçün rayon polis şöbəsinə raportla məruzə etmişdir. Sonradan Səyavuşun üzərinə şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı Şəxs üzərindəki üst gödəkçəsinin sol yan cibindən heç nə aşkar edilməmiş, üst gödəkçəsinin sağ yan cibindən 1 ədəd mavi rəngli əl dəsmalı, üst gödəkçəsinin sol iç yan cibindən bir ədəd çəkilməmiş Argo markalı siqaret kötüyü, əynindəki parça şalvarın sağ yan cibindən bir ədəd 50-lik pul əskinazı və şalvarının sol yan cibindən isə kağız bükümdə narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Sonradan həmin kütlə elektron tərəzidə çəkilmiş və kütlənin kağız bükümlə birgə ümumi çəkisinin 0,5 qram təşkil etməsi müəyyən edilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkətinin yekununda aşkar edilən narkotik vasitəyə bənzər kütlə və digər əşyalar qablaşdırılmış, 103 nömrəli möhürlə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış keçirilən zaman Şəxs şalvarının sol cibindən aşkar edilən narkotik vasitəyə bənzər kütlənin ona aid olduğunu etiraf etmişdir. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 206-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etiraf edici izahatı, şahidlərin ifadəsi, işdə olan ekspert rəyləri və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilmişdir: Baxış keçirilməsi haqqında 17 oktyabr 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, Şəxs əynindəki parça şalvarın sol yan cibindən aşkar edilən kağız bükümdəki qurudulmuş marixuanaya bənzər kütlə, eləcə də digər əşyalar aşkar edilərək AR DİN-nin “103” saylı möhürü ilə möhürlənərək qablaşdırılıb götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X4 18 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış material üzrə cinayət hadisəsi olmadığından, fakt üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində AR İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Qəbələ RPŞ-nin İTB-nə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X12 Bölməsinin 17/793 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Şəxs...İştirakçılar...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi- 0,30 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qəbələ rayon Mərkəzi xəstəxanası X16 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 201 nömrəli «Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə» protokolundan görünür ki, Şəxsda orta dərəcə narkotik sərxoşluq müəyyən edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 12-ci qrafasına əsasən təmiz halda 5 qram qurudulmuş marixuana-kannabis şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə iclasında Şəxs inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə iclasında Şəxs inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 89.4-ci maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olubolmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Azərbaycan Respublikası İXM-in 206-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə - iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati protokolu tərtib etmiş şəxsin izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Qəbələ rayon Mərkəzi xəstəxanası X16 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 201 nömrəli «Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə» protokolundan görünür ki, Şəxs narkomaniya xəstəliyi aşkar olunmamış və bununla əlaqədar ona narkomaniyadan məcburi müalicənin təyin edilməsinə ehtiyac yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni 18 oktyabr 2022-ci il tarixdən saat 18:00-dan hesablanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan marixuana məhv edilməli, ekspertiza tədqiqatının dəyəri dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Qəbələ rayon vəkil bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, lal, kar, kor, fiziki və ya psixi qüsurlarına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. 66.3-cü maddəsinə əsasən, maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə baxışı dövründə hüquqlarını 2 saat müddətində müdafiə etmişdir. Odur ki, Şəxs göstərilmiş 2 saat hüquqi xidmətə görə Vəkil 12 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 18 oktyabr 2022-ci il tarixdən saat 18:00-dan hesablansın. İş üzrə maddi sübut – HK-1/1597 saylı rədd materialına əsasən Qəbələ rayon Polis şöbəsində saxlanılan qalıq çəkidə 0,30 qram narkotik vasitə olan – qurudulmuş marixuana məhv edilsin. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X12 Bölməsinin 17/793 saylı, xx.xx.2022-ci il tarixli rəyinin ekspertiza tədqiqatının dəyəri 34,55 (otuz dörd manat əlli beş qəpik) manat dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Şəxs göstərilmiş 2 saat hüquqi xidmətə görə Vəkil 6 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar