Məhkəmə qərarları › İş №3(025)-446/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-446/2023

19.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-446/2023 19.08.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ DYPB İTÜBİ-nin polis kapitanı X1, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1953-cü il martın 05-də Kəlbəcər rayonunda doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, ünvan 2yan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4cü maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ DYPB İTÜBİ-nin polis kapitanı X2 tərəfindən 19 avqust 2023-cü il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ şəhəri, H.Əliyev prospektində “QAZ 2410” minik markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərkən “Yol hərəkəti haqqında” qanunun tələblərini pozaraq “Vaz 21101” minik marklı, **-RG-*** nömrəli avtomobillə toqquşmuşdur. Beləliklə, “Vaz 21101” minik marklı, **-RG-*** qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ DYPB İTÜBİ-nin polis kapitanı X2 göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ şəhəri, H.Əliyev prospektində “QAZ 2410” minik markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərkən “Yol hərəkəti haqqında” qanunun tələblərini pozaraq “Vaz 21101” minik marklı, **-RG-*** nömrəli avtomobillə toqquşmuşdur. Beləliklə, “Vaz 21101” minik marklı, **-RG-*** qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmçinin Zərərçəkmiş şəxs hal-hazırda Bakı şəhərində olduğundan məhkəmə iclasında iştirak edə bilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.4-cü maddələri ilə özünü təqsirli bilib göstərdi ki, “QAZ 2410” minik markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsussur. Onun sürücülük vəsiqəsi olsa da, vaxtı bitmişdir. xx.xx.2023-cü il tarixdə Qəbələ şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən qarşısında hərəkət edən “Vaz 21101” minik marklı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobillə düzgün ara məsafəsi saxlamamış, nəticədə həmin avtomobili arxadan vurmuşdur. Həmin avtomobilə dəymiş ziyan sığorta tərəfindən qarşılanacaqdır. Törətdiyi əməldən peşmandır. Yaşının nəzərə alınmasını və yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs yaşının nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. İşə baxılmasının yeri və müddəti barədə lazımı qaydada xəbər verilməsinə baxmayaraq, Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinin tələblərinə əsasən inzibati materiala Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Qəbələ rayon Polis şöbəsinin X4 Bölməsinin rəisi, polis mayoru Bəxtiyar Heydərov tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs adına Azərbaycan Respublikası DİNnin Baş X4 İdarəsinin Mərkəzi Məlumat Bazasında AC665592 saylı BE, CE, DE kateqoriyalı sürücülük vəsiqəsi qeydiyyata alınmış, lain xx.xx.2023-cü il tarixdə vaxtı bitmişdir. İşdə olan Xüsusi texniki vasitə ilə çıxarılmış qəbzdən görünür ki, Şəxs sərxoşluq vəziyyəti yoxlanılarkən onun spirtli içki qəbul etməsi müəyyən edilməmişdir. İşdə olan AD 646610 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “QAZ 2410” minik markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəxs məxsusdur. İnzibati xəta haqqında materialları araşdırıb, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs dinləyərək məhkəmə hesab edir ki, onun əməlində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinib, tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir. Belə ki, Azərbaycan Respublikası İXM-in 332.4-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasını nəzərdə tutur. Göründüyü kimi, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “QAZ 2410” minik markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq törətmiş olduğu yol nəqliyyat hadisəsi nəticəsində “Vaz 21101” minik marklı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər yetirdiyindən, onun Azərbaycan Respublikası İXM-in 332.4-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni vəəsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 34-cü maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61- 80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs yaşının 65-dən yuxarı olmasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nə göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar