Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-448/2021 20.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan şəxs X2 və qərarından şikayət verilən Qəbələ rayon Yol patrul xidməti inspektoru polis baş serjantı X3 iştirakları ilə, X2 Qəbələ rayon Yol patrul xidməti inspektoru polis baş serjantı X3 qəbul etdiyi inzibati tənbeh vermə haqqında TP ******* saylı 01.09.2021-ci il tarixli qərarından vermiş olduğu şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 rayon Yol patrul xidməti inspektoru polis baş serjantı X3 qəbul etdiyi inzibati tənbeh vermə haqqında TP ******* saylı 01.09.2021-ci il tarixli qərarından şikayətlə məhkəməyə müraciət edərək, qərarın ləğv edilməsi və Qəbələ rayon Yol patrul xidməti inspektoru polis baş serjantları X3 və X4 ilə bağlı etdikləri “xidməti vəzifələrinə yaraşmayan” hərəkətlərinə görə məsuliyyət daşımaları üçün müvafiq orqanlara məlumat verilməsi haqqında qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X5 01.09.2021-ci il tarixdə saat təxminən 12:00-13:00 radələrində özünə məxsus “Chevrolet Cruze” minik markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ şəhərində, “Modul tipli” xəstəxanın yanında, 10 saylı Ərazi Vergilər İdarəsi ilə üzbəüz yoldan çıxıb Qəbələ şəhəri istiqamətində hərəkətdə idi. Avtomobili ilə yol ayrıcında dayanıb sol tərəfdən avtomobil gəlmədiyindən əmin olub sağa doğru hərəkət etməyə başlamışdı. Həmin vaxt onunla eyni istiqamətdə olan avtomobil ondan xeyli uzaqda olduğundan və rahatlıqla yoluna davam edə biləcəyini düşündüyündən sağa doğru hərəkət etdi. Təxminən 50-100 metr hərəkət etmişdi ki, yol patrul xidməti avtomobili ona məxsus avtomobilə saxlamaq əmri verdi. Belə olub avtomobilini saxladı və yol polisi əməkdaşı Kazım Kazımlı ona yaxınlaşdı. Ondan sənədlərini tələb etdi və sənədlərini ona təqdim etdi. Kazım Kazımlı sənədlərini götürərək öz xidməti maşınlarına yaxınlaşdı. Təxminən 5 dəqiqə gözlədikdən sonra avtomobilindən enərək polis əməkdaşlarına yaxınlaşdı və onlara heç bir qayda pozuntusu törətmədiyini bildirdi. Bu zaman heç bir səbəb olmadan və heç bir müqavimət göstərmədiyi halda Kazım Kazımlı mənə “niyə müqavimət göstərirsən” deyə bildirdi. Bu zaman digər yol polisi əməkdaşı X4 “müqavimət göstərirsə, şöbəyə aparaq” deyə bildirdi. Onun avtomobilinə onların yaxınlaşdığını görüb avtomobilin açarın avtomobildən götürmək istədi. Bu zaman yuxarıda adlarını çəkdiyi polis əməkdaşlarından xatırlamadığı hansısa onu arxadan tutaraq, sanki cinayətkarmış kimi onu polis avtomobilinə mindirdilər. Ətrafda adamlar olduğundan və şəxsi nüfusunu qoruduğundan heç bir müqavimət göstərmədi. Daha sonra onun avtomobilini X4 idarə edərək, o isə yol polisi maşınında Qəbələ rayon Polis şöbəsinə gəldi. Heç anlaya bilmədiyi məsələ ondan ibarətdir ki, polis şöbəsində onu avtomobildən düşürən kimi polis əməkdaşları Kazım Kazımlı onun əllərimi arxadan büküb, boynunu isə əyərək saxlamış, bu zaman Pərviz Nəsibov onun boynumun arxasından dəfələrlə yumruqla vurmuş, Kazım Kazımlı isə təpiklə onu vurmağa davam etmişdir. Bu zaman kimsə “sizi videoya çəkdilər, videoya düşdüz” deyə bildirdi. Belə olub onu otağa salıb onu vuran zaman hadisəni görüntüyə alan şəxsin arxasınca getdilər. Daha sonra onu polis şöbəsində olan çayxanaya aparıb onu təhqir etməyə başladılar. Ona “biz polisik, bizlə kobud davrananın axırı belə olur” və s. ifadələrlə təhqir etdilər. Əslində istədiklərə onlara müqavimət göstərməyi idi, lakin heç bir müqavimət göstərmədi. Polis şöbəsinə təxminən 12:00-13:00 arası aparılmışdır. Lakin heç bir əsas olmadan onu 4-5 saat qanunsuz polis şöbəsində saxlayaraq, saat 6-ya işləmiş şöbədən buraxdılar. Şöbəyə daxil olandan telefonunun ona verilməsini və vəkili ilə əlaqə saxlamağı tələb etdi. Buna baxmayaraq telefonu ona uzun müddət verilmədi. Daha sonra barəsində inzibati xəta haqqında protokol tərtib etdiklərini, protokola qol çəkməyini bildirdilər. O, protokola qol çəkməkdən imtina etdi. Daha sonra barəsində qərar çıxarıldığı, 60 manat cərimə edildiyini qeyd etdilər. Telefonunu onlardan aldıqdan sonra Bakıda fəaliyyət göstərən vəkili ilə danışaraq baş verənləri ona danışdı və ondan telefonu polis əməkdaşına verməyini tələb etdi. Polis əməkdaşları vəkil ilə danışdıqdan sonra ona şikayət etməməyini, hətta 60 manat cərimənidə özləri ödəyəcəklərini bildirdilər. O, bununla razılaşmadı. Həmçinin onu da qeyd edi ki, avtomobili polis şöbəsinə daxil olarkən saxlanca qəbul edilməsi barədə akt tərtib edilməmişdir. Polis şöbəsindən çıxandan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “102” xidmətinə, “902” qaynar xəttinə və Qəbələ rayon Prokurorluğuna şikayət ərizələri vermişdir. Qəbələ rayon prokurorluğunda bu məsələ ilə bağlı ondan izahat alınmışdır. Ona barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar təqdim edilməmişdir. 06.09.2021-ci il tarixdə Qəbələ rayon Polis şöbəsinə yaxınlaşaraq protokolun və qərarın surətinin ona verilməsini tələb etdi. Ona protokolda olan “protokolu qəbul etdim” yerinə imza etdirsələr də, protokolu ona verməkdən imtina etdilər və yalnız ona inzibati tənbeh vermə haqqında qərar təqdim edildi. O, barəsində tərtib edilmiş protokolla razı olmadığı halda barəsində dərhal eyni tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. TP ******* nömrəli, 01.09.2021-ci il tarixli qərarla razı deyil. Barəsində qəbul edilmiş TP ******* nömrəli, 01.09.2021-ci il tarixli qərarda İXM-nin 327.2-ci maddəsinin tələblərini pozmağı göstərilmişdir. Lakin həmin maddədə göstərilən hallar onun tərəfindən pozulmamışdır. Həmçinin inzibati xətanın mövcudluğu ilə razı olmadığı halda, barəsində inzibati xəta haqqında protokol tərtib etməli olduğu halda, qərar qəbul edərək hüquqları pozulmuşdur. İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Bundan əlavə barəmdə dərhal qərar qəbul edilsə də, “smsradar” mobil tətbiqində qərar göstərilsə də, İXM-nin 327.2-ci maddəsinin tələblərini pozduğuma dair şəkillər və ya videogörüntülər sistemə əlavə edilməmişdir. Nəticədə təqsirli bilindiyi maddənin dispozisiyinda nəzərdə tutulmuş “pozuntu” ilə bağlı heç bir sübut yoxdur. O, öz təqsirsizliyini sübuta yetirməli deyil. Əgər bununla bağlı şübhələr varsa, həmin şübhələr onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Əgər təqsirinin olması ilə bağlı yol polisi əməkdaşlarında hər-hansı sübuta yetirəcək hallar varsa həmin halların məhkəməyə təqdim edilməsini və məhkəmə zamanı araşdırılmasını xahiş edir. Əgər bununla bağlı yol polisi əməkdaşlarında hər hansı videogörüntü varsa, həmin videogörüntülərin avtomobilin saxlandığı andan avtomobilin polis şöbəsinə aparılmasına qədər bütün görüntülərin məhkəməyə təqdim edilməsini xahiş edir. Çünki bu zaman polis əməkdaşlarının ona göstərdikləri şiddətində özünü göstərəcəyindən əmindir. Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq hesab edirəm ki, onun tərəfindən guya yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Qeyd olunanlarla əlaqədar qərarın ləğv edilməsi və Qəbələ rayon Yol patrul xidməti inspektoru polis baş serjantları X3 və X4 ilə bağlı etdikləri “xidməti vəzifələrinə yaraşmayan” hərəkətlərinə görə məsuliyyət daşımaları üçün müvafiq orqanlara məlumat verilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında şikayətçi X5 şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən şəxs Qəbələ rayon Yol patrul xidməti inspektoru polis baş serjantı X6 izahatında bildirmişdir ki, 01.09.2021-ci il tarixdə saat 12:00-13:00 radələrində H.Əliyev prospektində aşağıdan yuxarıya hərəkətdə olan zaman Rayon Mərkəzi Xəstəxanasından gələn yoldan Chevrolet Cruze minik markalı **-SC-*** dövlət nömrə nişanlı avtomobil yol ayrıcını gözləmədən iti surətlə əsas yola, yəni prospektə onları gözləmədən çıxdığı üçün sayrışan işıqlardan istifadə edərək onun arxasıyla hərəkət edib ona yolun sağında saxlamasını bildirmişlər. Həmin sürücü hərəkəti davam etdirdiyindən onun arxasıyla gedib bir neçə çağırışdan sonra bir qədər irəlidə avtomobilini dayandırmışdır. O, avtomaşından düşərək ona yaxınlaşıb özünü təqdim edərək qayda pozuntusunu izah edib sənədləri təqdim etməsini istədikdə, sürücü ona şəxsiyyət vəsiqəsini və avtomobilin texpasportunu verib, sürücülük vəsiqəsinin üzərində olmadığını bildirmişdir. Həmin sürücünün X5 olduğunu müəyyən etmişdir. Onun sürücülük vəsiqəsi üstündə olmadığından xidməti avtomobilə yaxınlaşıb bortkompüterdən sürücülük vəsiqəsini yoxlamış, lakin həmin ad soyadla sürücülük vəsiqəsi çıxmamışdır. Bu zaman Kərimov Samir idarə etdiyi maşından düşüb ona yaxınlaşaraq, heç bir söz demədən təqdim etdiyi sənədlərini əlindən dartıb götürmüş, maşınına tərəfə qaçmışdır. Buna görə S.Kərimova çatıb, sənədlərin qaytarılmasını tələb etmişlər. Lakin S.Kərimov onların tələbinə əhəmiyyət verməyərək idarə etdiyi avtomobilə minib uzaqlaşmağa çalışmış, onun qolundan tutub patrul maşınına yaxınlaşaraq ona polis şöbəsinə getmək lazım olduğunu söyləmişdirlər. Polis Şöbəsində onlara sürücü Kərimov Samirin 300 manatdan çox cərimə olduğu və mərkəzi sistemdən sürücülük vəsiqəsi çıxarılan zaman vəsiqədə 14 balın olması məlum olmuşdur. Odur ki, onun törətdiyi əmələ görə barəsində İXM-nın 327.2-ci maddəsinə əsasən 60 manat və 3 bal cərimə edilərək, sürücülük vəsiqəsinin balı 17 bal, ödənməmiş cərimə isə 402 manatdan yaxın olması bildirilmiş və cərimə yazıldıqdan sonra onun özü və avtomobilini buraxmışdırlar. X5 barəsində 01 sentyabr 2021-ci il tarixdə İXP ******* saylı protokol tərtib edilmiş və həmin protokol əsasında eyni tarixdə TP ******* qərar qəbul edilərək X5 60 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatını dinləyərək, hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş üzrə təqdim edilmiş materiallar əsasında Qəbələ rayon Yol patrul xidməti inspektoru polis baş serjantı X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqların, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbələri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Tədqiq edilmiş materiallardan görünür ki, X2 barəsində inzibati xətanın törədilməsi haqqında TP ******* saylı 01.09.2021-ci il tarixli qərar Qəbələ rayon Yol patrul xidməti inspektoru polis baş serjantı X6 tərəfindən qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinin tələblərinə görə inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edilərsə, dərhal inzibati xəta haqında protokol tərtib edilir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Barəsində inzibati icraat aparılan şəxs X1 Rayon Məhkəməsinə Qəbələ rayon Yol patrul xidməti inspektoru polis baş serjantı X3 qəbul etdiyi inzibati tənbeh vermə haqqında TP ******* saylı 01.09.2021-ci il tarixli qərardan vermiş olduğu şikayətində, həmçinin Qəbələ Rayon Polis Şöbəsində verdiyi izahatında inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığını qeyd etmişdir. Eyni zamanda Qəbələ rayon Yol patrul xidməti inspektoru polis baş serjantı X3 qəbul etdiyi inzibati tənbeh vermə haqqında TP ******* saylı 01.09.2021-ci il tarixli qərarın Samir Kərimov tərəfindən imzalanmaması bir daha onun inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığına dəlalət edir. Qanunvericiliyin tələblərinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Samir Kərimovun inzibati xətanın mövcudluğu ilə razılaşmaması ilə əlaqədar Qəbələ rayon Yol patrul xidməti inspektoru polis baş serjantı X3 inzibati xəta hadisəsinin mövcudluğu barədə protokol tərtib edərək, baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərməli olduğu halda, onun inzibati xəta haqqında protokol tərtib etdikdən dərhal sonra (həmin dəqiqə), qanunsuz olaraq inzibati xəta haqqında iş üzrə birbaşa qərar qəbul etməsi nəticəsində Samir Kərimovun qanunla müəyyən edilmiş hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 85-1-ci maddəsinə əsasən Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraat Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Bu səbəbdən, barəsində inzibati icraat aparılan Samir Kərimovun qanunla müəyyən edilmiş hüquqlarının pozulması ilə, Qəbələ rayon Yol patrul xidməti inspektoru polis baş serjantı X3 tərəfindən Qanunvericiliyin tələblərinə zidd tərtib edilmiş TP ******* saylı 01.09.2021-ci il tarixli qərar əsaslı sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Qəbələ rayon Yol patrul xidməti inspektoru polis baş serjantı X3 qəbul etdiyi inzibati tənbeh vermə haqqında TP ******* saylı 01.09.2021-ci il tarixli qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Qəbələ Rayon Polis X9 Polis Bölməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X5 barəsində Qəbələ rayon Yol patrul xidməti inspektoru polis baş serjantı X3 qəbul etdiyi inzibati tənbeh vermə haqqında TP ******* saylı 01.09.2021-ci il tarixli qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Qəbələ Rayon Polis X9 Polis Bölməsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-448/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-448/2021
20.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver