Məhkəmə qərarları › İş №3(025)-448/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-448/2024

28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-448/2024 28.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X2, Zərərçəkmiş şəxs, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə Şəxs - 1985-ci il aprelin 25-də Qəbələ rayonu Qəmərvan kəndində doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu, Qəmərvan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 28 avqust 2024-cü il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X3 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, xx.xx.2024-cü il tarixdə günorta radələrində Qəbələ şəhərində Zərərçəkmiş şəxs məxsus biri 5 manat dəyərində, 76 ədəd “dan ulduzu” loteryalarını Qəbələ rayonu, Qəmərvan kənd sakini Şəxs oğurlayaraq 380 manat maddi ziyan vurmuşdur. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 28 avqust 2024-cü il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X3 göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə günorta radələrində Qəbələ şəhərində Zərərçəkmiş şəxs məxsus biri 5 manat dəyərində, 76 ədəd “dan ulduzu” loteryaları oğurlamışdır. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətinə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Əlavə olaraq göstərmişdir ki, material araşdırılması üçün polis sahə rəisi, polis baş leytenantı Orxan İsmayılova həvalə edilmişdir. İş təhqiqatda araşdırılarkən Şəxs Bakı şəhərinə getmişdir. Orxan İsmayılov məzuniyyətə çıxdığından sözügedən material ona həvalə edilmişdir. Şəxs barəsində “102” müraciəti olunan zaman onun Qəbələ gəldiyi məlum olmuş və beləliklə məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bildi və izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə yaşadığı evdə spirtli içki qəbul edərək, Qəbələ şəhərinə gəlmiş, onun ailəsi ilə arasında münaqişə baş verdiyi üçün ailəsi evdən çıxıb öz atası evinə getmişdir. O da işləmək üçün Bakı şəhərinə getmək istəmiş, lakin pulu olmamışdır. Qəbələ şəhərində “Poz Qazan” lotereyası satılan yerin yanından keçən zaman lotereya satan şəxsin bir qədər aralı gedərək yaxında olan maşının yük yerinə nə isə qoyduğunu görmüşdür. O da bundan istifadə edərək stolun üzərində olan poz qazan lotereyasından götürmüş, sonra isə oradan uzaqlaşdıb kənarada həmin lotereyanı pozmuşdur. Uduş olsa həmin pul ilə Bakı şəhərinə getmək istəmiş, lakin poz qazandan bir necəsini silmiş, heç nə uduş olmamış, lakin tam pozub qurtarmamış polis əməkdaşı gəlmişdir. Loteryaları həmin gün sahibinə geri qaytarmışdır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsinin nəzərə alınmasını və barəsində inzibati həbslə bağlı olmayan qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Azərlotereyada 3 ildir ki, satıcı kimi işləyir. Ona "Poz qazan" lotereya biletləri təhvil verildmişdir. O isə həmin biletləri yol kənarında dayanaraq satışını həyata keçirmişdir. xx.xx.2024-cü il tarixdə saat 09 radlərində işə gəlmiş, lotereya satışına başlamış, saat təxminən 09:18 radlərində tanışı Mehman adlı şəxs özünə məxsus avtomobil ilə onun lotereya satdığı yerin yanında maşını saxlamış, arxa yük yerini açmış, ona "gəl mənə kömək et piyvə cəllkərini maşınınb yük yerinə qoyaq" demişdir. O da kömək etmək üçün satış həyata keçirdiyi yerdən təxminən 3 metr aralı maşının yanına gəlmiş, kömək etmişdir. O qayıdan zaman sonradan adı ona məlum olan Xəyal adlı şəxs loteriya satdığı yerin yanında dayandığını görmüş, o, Xəyalın lotereyadan oğurladığından şübhələnmiş, lotereyaya baxmış, bu zaman Xəyal adlı şəxs onun yanından aralaşıb getmişdir. O isə lotereya biletlərindən hər birinin ayrılıqda dəyəri 5 manat olan "Dan Ulduzu" adlı poz qazanın 76 ədədinin yox çıxıdığını, həmin şəxs tərəfindən oğurlandığını bilmiş, daha da dəqiqləşdirmək üçün yaxında olan müşahidə kamerasına baxmış, bu zaman ona həmin şəxs biletləri oğurladığı daha dəqiq müəyyən olunmuşdur. O da buna görə Qəbələ RPŞ-nə gələrək ərizə ilə müraciət etmiş, ona oğurluq zamanı 380 manat maddi ziyan dəymişdir. Şəxs lateryaların qaytarıldığını iddia etsə də, əslində loteryaları qaytarmamış və ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Qəbələ RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X1 26 iyul 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, HK-1/924 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində inzibati protokol tərtib olunması üçün qərarın surəti Qəbələ RPŞ-nin İTB-nə verilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs oğurluq yolu ilə özgəsinin əmlakını talayaraq Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tədqiq olunmuş digər materiallarla tam təsdiqini tapmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşmançılıq çəkməsini inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hallar kimi qəbul edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Sözügedən maddənin qeyd hissəsinə əsasən həmin maddədə göstərilən əməllər Azərbaycan Respulikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin birinci bəndinə əsasən, həmin Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. İş materiallarından göründüyü kimi Şəxs tərəfindən talanmış əmlakın dəyəri beş yüz manatdan yuxarı olmadığından, bu, xırda talama hesab edilir. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarında olan 27 avqust 2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 27 avqust 2024-cü il tarixdə, saat 20:30-da tutulmuşdur. Bu səbəbdən həbsdə saxlama müddətinin əvvəli 27 avqust 2024-cü il saat 20:30-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) ay müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 27 avqust 2024-cü il saat 20:30-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar