Məhkəmə qərarları › İş №3(025)-45/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-45/2024

29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-45/2024 29.01.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1982-ci ildə Özbəkistan Respublikası, Ağdərə rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs vuraraq sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 22 yanvar 2024-cü il tarixli qərarına əsasən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkib əlaməti olmasına görə barəsində inzibati icraat başlanması və həmin maddə ilə protokol tərtib olunub inzibati məsuliyyətə cəlb olunması üçün Qəbələ RPŞ-nə göndərilməsi qərara alınmışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 İbrahim Jasim oğlunun Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X3 izahatında bildirmişdir ki, Şəxs 21 və xx.xx.2023-cü il tarixdə Qəbələ şəhəri, Elçin Kərimov küçəsi, ev 14-də həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək qəsdən fiziki ağrı yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Mədinə ilə 2009-cu il tarixdə rəsmi qaydada evlənmişdir. Birgə nikahlarından 1 oğlan və 2 qız övladı var. Mədinə ilə münasibətləri müxtəlif səbəblərdən qaydasında olmadığına görə sonuncu Qəbələ Rayon Məhkəməsinə boşanma ilə bağlı ərizə ilə müraciət etmiş və 21 dekabr 2023-cü il tarixdə aralarında ikinci məhkəmə prosesi baş tutmuşdur. Məhkəmə prosesindən çıxdıqdan sonra prosesdə iştirak edən müəllim kollektivi ilə birgə işə, həyat yoldaşı isə övladları ilə birgə evə qayıtmışdır. Həmin gün saat 18 radələrində iş saatı bitdikdən sonra birbaşa evə getmiş və evə çatdığı zaman həyat yoldaşının valideyinlərinin üzərinə qışqırmasına, bu səbəbdən də atası Jasmin Faxlulovun əsəbləşməsinə şahidlik etmişdir. Atasını sakitləşdirərək otağa yola salmışdır və yoldaşına artıq boşanma ərəfəsində olduqlarını bildirərək nə üçün evdə köhnə mübahisələri yenidən təkrarladığını soruşmuşdur. Mədinə isə ona cavab olaraq səhvin atası Jasmin Faxlulovda olmasını söyləyərək üzərinə qışqırmışdır. Mədinədən qışqırmamasını və sakitləşməsini tələb etmişdir. Lakin Mədinə tələbinə məhəl qoymayaraq telefonu götürüb Daxili İşlər Nazirliyinin qaynar xəttinə müraciət edəcəyini dediyinə görə əlini uzadıb ona mane olmağa çalışdığı zaman telefon yerə düşmüşdür. Telefonu yerdən götürdüyü zaman Mədinə ayağı ilə telefonu basaraq götürməyinə maneə olmaq istədiyi zaman telefon sınaraq yararsız hala düşmüşdür, hansı ki, həmin mobil telefonu Mədinəyə o almışdır. Bu minvalla aralarındakı münaqişə sona çatmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs onun həyat yoldaşıdır. İbrahimlə 2009-cu il tarixdə ailə həyatı qurmuşdur və evlilikləri müddətində münasibətləri normal vəziyyətdə olmuşdur. Lakin, sonradan qaynanasının və qaynatasının ailə işlərinə müdaxilələr etmələri səbəbindən münasibətləri bir qədər pisləşmişdir, hansı ki hal-hazırda həyat yoldaşı ilə boşanma ərəfəsindədir. Onun həyat yoldaşı ilə rəsmi qaydada ayrılmaq fikrini ondan Türkiyə Respublikasında yaşayan anasıgilə getmək istədiyini bildirdiyi zaman ona razılıq verməməsi daha da gücləndirmişdir. 21 dekabr 2023-cü tarixdə saat 10:45 radələrində Qəbələ rayon məhkəməsində boşanma üçün ikinci məhkəmə prosesində iştirak etmişdir və prosesdən sonra onlar evə gəlmişdir. Onlar evə gəldikdən sonra qabları yumaq üçün mətbəxə keçmiş və qaynatası Jasmin ona “bu gündən sonra sənin yediklərin zəhərin olsun” demiş, qaynatasına “nə üçün, elə deyirsən, oğlun mənimlə boşansaydı, mən burada yaşamazdım” demişdir. Bu əsnada aralarında sözlü mübahisə düşmüş və mübahisə zəmnində yoldaşı İbrahim ona tərəf gələrək nə üçün mübahisə etdiklərini soruşmuşdur. Yoldaşına anası ilə atasından onu təhqir etməmələrini tələb etmişdir, yoldaşı isə onu başa düşməyərək təpiklə hər iki ayağına bir neçə dəfə zərbə vurmuşdur. Sonda isə Şəxs şikayətçi olduğunu və onunla barışmayacağını bildirmişdir. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmadığından işin icraatına xitam verilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin 23 dekabr 2023-cü il tarixli 688 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol budun ön aşağı 1/3-nin qançırı kimi xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların) təsirindən müayinə olunan göstərdiyi tarixdə yəni 21 dekabr 2023-cü ildə törənə bilər. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X3 tərəfindən tərtib edilmiş 29 yanvar 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tərəflərin izahatları, ekspert rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbəblə Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar