Məhkəmə qərarları › İş №3(025)-452/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-452/2024

09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-452/2024 09.09.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Qərarı barəsində şikayət verilmiş şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Nümayəndə, şikayət vermiş şəxs Yusifov Hicran Loğman oğlunun iştirakları ilə Yusifov Hicran Loğman oğlunun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yusifov Hicran Loğman oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X4 tərəfindən qəbul edilmiş inzibati cərimənin tətbiq edilməsi haqqında xx.xx.2023cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati cərimənin tətbiq edilməsi haqqında 30 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli qərarı ilə o, yəni Qəbələ rayon Kürd bələdiyyəsinin sədr əvəzi Yusifov Hicran Loğman oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan İXM) 271-ci maddəsində nəzərdə tutlmuş inzibati xətaya görə barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Belə ki, həmin qərarın çıxarılmasına əsas kimi barəsində tərtib edilmiş xx.xx.2023cü il tarixli, MN ******* nömrəli protokol və inzibati xəta haqqında işin digər materialları göstərilmişdir. Qeyd etmək istəyir ki, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokoldan xəbəri olmamış və onun iştirakı ilə tərtib edilməmiş, inzibati xəta haqqında işin digər sənədlərinin də hansı sənədlər olması ona məlum deyil. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokolunun və onun əsasında çıxarılmış 30 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli qərarının tərtib edilmə səbəbi kimi Qəbələ rayon Kürd bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahələrində sənaye və məişət tullantılarının qalaqlanması göstərilmişdir. Protokol tərtib edilərkən o, məlumatsız olmuş və müvafiq olaraq izahatı alınmamışdır. 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən təkcə Kürd bələdiyyəsinə xx.xx.2023-cü il tarixli Ç- MG/4523-045 №-li Məcburi göstəriş daxil olmuş və tərəfindən əraziyə atılmış sənaye və məişət tullantıları təmizlənmiş və vətəndaşlarla maarifləndirici söhbətlər aparılmış və Kürd kənd yaşayış sahələrində təmizliyə riayət olunması ilə bağlı lövhələr quraşdırılmışdır. 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati cərimənin tətbiq edilməsi haqqında 30 noyabr 2023-cü il tarixli, MN № ******* nömrəli qərarının mövcudluğu barədə məlumatı isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ rayon İcra və Probasiya şöbəsindən ona məktub gəldikdən sonra bilmiş və sonradan, bir neçə gün bundan əvvəl qərarın surətini qəbul etmişdir. Ona görə də hesab edir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X4 tərəfindən inzibati cərimənin tətbiq edilməsi haqqında 30 noyabr 2023-cü il tarixli, MN № ******* nömrəli qərarı qanunsuz və əsassızdır. Məhkəmə iclasında iştirak edən şikayət vermiş Yusifov Hicran Loğman oğlu şikayətin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Həmçinin göstərdi ki, Qəbələ rayon məhkəməsində əvvəlki bələdiyyə sədri Hüseynli Ərtoğrul barəsində cinayət işinə baxılan zaman o, bələdiyyə sədrinin vəzifəsini müvəqqəti icra etməyə başlamışdır.. O, əsas iş yeri Qaradeyin kənd məktəbində tarix müəllimi işləyir. Bir gün Nəsir adlı polis əməkdaşı zəng edərək onu Kürd kəndində çağırmışdır. Kürd kəndində “Qaş” deyilən əraziyə yaxın hissədə çökəklik bir yer vardır. Həmin yerə kim tərəfindən və hansı tarixdə olması müəyyən olunmayan zibilin tökülməsi müəyyən olunmamışdır. Daha sonra onu polis şöbəsinə dəvət edərək, izahat alınmışdır. Bundan sonra 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən ona məcburi göstəriş gəlmişdir. Məcburi göstərişdə tələb olunan məsələlərə əməl etmiş, öz vəsaiti hesabına həmin əraziyə yük maşını apararaq həmin ərazini qazdırmış, zibilləri isə basdırmışdır. Bunu təsdiqləyən foto-şəkillər çəkilmiş, həmçinin video qeydiyyat aparılmışdır. Lakin səbəbini bilmədən onu xəbərdar etmədən, izahatı alınmadan barəsində İXM-nin 271-ci maddəsi ilə qərar qəbul edilərək 2000 manat cərimə olunmuşdur. Həmin qərarın əsassız və qanunsuz olması səbəbindən ləğv olunmasını məhkəmədən xahiş edir. Qərarı barəsində şikayət verilmiş şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, protokol tərtib edilsə belə, bütün hallarda məcburi göstəriş verilir. Protokol yazıldığı üçün də Yusifov Hicran Loğman oğlu barəsində qərar qəbul edilmişdir. Qərarın çıxarılmasının vaxtı və yeri barədə Yusifov Hicran Loğman oğluna məlumat verilmiş, lakin Hicran Yusifov iştirak etməmişdir. Lakin həmin məktubun Hicran Yusifova çatmasını təsdiqləyən heç bir sənəd onlarda yoxdur. Müvafiq qərar verilməsini məhkəmənin mülahizəsinə buraxırlar. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət təmin edilməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı regional Ekologiya və Təbii Sərvətlər idarəsinin Yusifov Hicran Loğman oğlunun Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair inzibati xəta haqqında 30 noyabr 2023-cü il tarixli qərarı Yusifov Hicran Loğman oğlunun hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 30 noyabr 2023-cü il tarixli, №1440510 saylı inzibati xəta haqqında qərardan görünür ki, Yusifov Hicran Loğman oğlu Qəbələ rayonu, Kürd bələdiyyəsi mülkiyyətinə aid torpaq sahələrində sənaye və məişət tulantılarının qalaqlanmasına görə Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 2000 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. - Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı regional Ekologiya və Təbii Sərvətlər idarəsinin Qəbələ rayon Kürd bələdiyyəsinin sədri Yusifov hicran Loğman oğluna ünvanlanmış “X3 Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozuntularını aradan qaldırılması üçün “Məcburi Göstəriş”də göstərilmişdir ki, Kürd bələdiyyəsi ərazisində ayrı-ayrı vətəndaşlar tərəfindən pərakəndə şəkildə məişət tullantıları atılaraq antisanitar vəziyyət yarandığı göstərilmişdir. - Qəbələ rayon Kürd Bələdiyyəsi tərəfindən 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 19 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikasının Ekologiya və TəbiiSərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Kürd bələdiyyəsinə daxil olmuş 21 noyabr 2023-cü il tarixli, Ç- MG/4523045 nömrəli məcburi göstərişdə qeyd olunan Tapşırığa əsasən Ərazi məişət tullantılarından təmizlənmiş, tullantıların əraziyə atılmaması barədə vətəndaşlarla maarifləndirici söhbətlər aparılmış və Kürd kənd yaşayış sahələrində təmizliyə riayət olunması ilə bağlı maarifləndirici lövhələrin qoyulması təmin edilmişdir. - xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, Azərbaycan Respublikasının Ekologiya və TəbiiSərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Kürd bələdiyyəsinə daxil olmuş 21 noyabr 2023-cü il tarixli, Ç-MG/4523045 nömrəli məcburi göstərişdə qeyd olunan Tapşırığa əsasən Ərazi məişət tullantılarından təmizlənmiş, tullantıların əraziyə atılmaması barədə vətəndaşlarla maarifləndirici söhbətlər aparılmış və Kürd kənd yaşayış sahələrində təmizliyə riayət olunması ilə bağlı maarifləndirici lövhələrin qoyulması təmin edilmişdir. Aktın doğru və düzgün olmasını Kürd Bələdiyyəsinin sədr əvəzi Yusifov Hicran Loğman oğlu, Kürd Bələdiyyəsinin üzvü X1 və Kürd Bələdiyyəsinin üzvü X2 imzaları ilə təsdiq etmişlər. Məhkəmə şikayətin dəlillərini müzakirə edib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 57.1-ci maddəsinin tələbinə görə, inzibati xəta haqqında işlər üzrə sənədlərin (qərarlar, qərardadlar protokollar və bildirişlərin) göndərilməsi qaydaları müəyyən edilmişdir. Həmin qaydalara uyğun göndərildiyi və ya təqdim edildiyi halda sənəd rəsmi qaydada verilmiş sayılır. İXM-nin 60-cı maddəsində isə inzibati xətalar haqqında işlər üzrə bildirişlərin işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün onlara işə baxılma tarixinə ən azı 5 gün qalmış verilməli olması, habelə bildirişdə göstərilməli olan məlumatlar, o cümlədən işə baxılmanın tarixi və saatı öz əksini tapmışdır. İXM-nin 61.3-cü maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İşin məhkəmədə araşdırılan hallarından göründüyü kimi, Yusifov Hicran Loğman oğlunun barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokolun surəti vaxtında ona təqdim olunmamışdır. İşə baxılmanın vaxtı və yeri barədə ona bildiriş göndərdildiyi qeyd edilsə də, bildirişin Yusifov Hicran Loğman oğluna çatmasını təsdiq edən heç bir sənəd 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Beləliklə, Hicran Yusifov işə baxılanadək inzibati icraat materialları ilə tanış ola bilməmiş, bununla da müdafiəsini qura bilməmişdir. Bu isə məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, inzibati xəta hadisəsinin baş verməsi barədə xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol Yusifov Hicran Loğman oğlunun iştirakı olmadan tərtib olunaraq, tanış olub imzalanması üçün ona təqdim olunmamış, nə də sonradan ünvanına göndərilməmişdir. Habelə inzibati xəta haqqında işə bu barədə ona qabaqcadan lazımi qaydada məlumat verilmədən və onun iştirakı olmadan baxılmışdır ki, bütün bunlar da kobud qanun pozuntusu hesab olunur. Eləcə də nəzərə almaq lazımdır ki, məişət tullantılarının qalaqlanması faktının aşkar edilməsi heç də həmin halın məhz Kürd Bələdiyyəsinin sədrinin qərəzli hərəkətləri nəticəsində baş verməsi və onun bu əməlinin İXM-nin 271-ci maddəsinin təsiri altına düşməsi kimi nəticəyə gəlmək üçün əsas ola bilməz. Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranmasına səbəb tullantıların qalaqlanması qaydalarının pozulması, göstərilən tullantıları yandırarkən X3 tələblərinə əməl edilməməsi səbəb olduğu halda, Yusifov Hicran Loğman oğlu həmin maddə ilə Kürd kəndi ərazisində sənaye və məişət tulantılarının qalaqlanmasına görə inzibati qaydada tənbeh edilmişdir. Həmin maddənin hazırki işə tətbiqinin mümkünlüyü nəzərdən keçirilərkən aydın olur ki, Kürd Bələdiyyəsinin sədri Yusifov Hicran Loğman oğlu adıçəkilən maddə ilə inzibati məsuliyyətə cəlb olunmuşdur ona görə ki, Qəbələ rayonu, Kürd bələdiyyəsi mülkiyyətinə aid torpaq sahələrində sənaye və məişət tulantılarının qalaqlanması faktı aşkar olunmuşdur. Məhkəmənin qənaətinə görə, İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş tullantıların qalaqlanması qaydalarının pozulması dedikdə, həmin maddənin subyekti kimi məhz həmin yerləri bilavasitə çirkləndirən şəxs (şəxslər) nəzərdə tutulmuşdur. Kürd Bələdiyyəsinin sədri tərəfindən belə halların baş verməsi isə iş materiallarından müəyyən olunmur. Ona görə də hazırki vəziyyətdə onun barəsində İXM-nin 271-ci maddəsinin tətbiqi yolverilməzdir. Eyni zamanda məhkəmə qeyd edir ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının qanununda və “X3 haqqında” Azərbaycan Respublikasının qanununda tullantıların qalaqlanması qaydalarının pozulmasına görə bələdiyyə sədrlərinin məsuliyyət daşıması öz əksini tapmamışdır. İXM-nin 10-cu maddəsində müəyyən olunmuşdur ki, dövlət orqanları və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər. Məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli göstərişlə Qəbələ rayon Kürd Bələdiyyəsinin sədri vəzifəsini icra edən Yusifov Hicran Loğman oğluna Kürd bələdiyyəsi ərazisində ayrı-ayrı vətəndaşlar tərəfindən pərakəndə şəkildə məişət tullantıları atılaraq antisanitar vəziyyət yarandığı, həmin halın aradan qaldırılması tələb edilmişdir. Yusifov Hicran Loğman oğlu da Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı regional Ekologiya və Təbii Sərvətlər idarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 19 nömrəli arayışda Azərbaycan Respublikasının Ekologiya və TəbiiSərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Kürd bələdiyyəsinə daxil olmuş 21 noyabr 2023-cü il tarixli, Ç-MG/4523045 nömrəli məcburi göstərişdə qeyd olunan Tapşırığa əsasən Ərazi məişət tullantılarından təmizləndiyi, tullantıların əraziyə atılmaması barədə vətəndaşlarla maarifləndirici söhbətlər aparıldığı və Kürd kənd yaşayış sahələrində təmizliyə riayət olunması ilə bağlı maarifləndirici lövhələrin qoyulmasının təmin edildiyi göstərilmişdir. Bununla da müəyyən olunur ki, Yusifov Hicran Loğman oğlu bələdiyyə sədri kimi üzərinə düşən vəzifəni vaxtında və lazımi səviyyədə yerinə yetirmişdir. Beləliklə, məhkəmə inzibati xəta haqqında işin materiallarına, habelə məhkəmə iclasında müəyyən olunmuş işin həqiqi hallarına qiymət verərək hesab edir ki, Kürd Bələdiyyəsinin sədri Yusifov Hicran Loğman oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur, ona görə də o, həmin maddə ilə inzibati məsuliyyət daşıya bilməz. İXM-nin 53.0.2-ci maddəsinin tələbinə görə, şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 129.1.3-cü maddəsinin tələbinə görə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İXM-nin 134.1.3-cü maddəsinin tələbinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430-438-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi tərəfindən Yusifov Hicran Loğman oğlunun barəsində qəbul edilmiş 30 noyabr 2023-cü il tarixli, №1440510 saylı inzibati xəta haqqında qərar əməlində inzibati xəta tərkibi olmadığından ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar