Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-453/2021 14.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X3, Zərərçəkmiş şəxs, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə Şəxs - 1999-cu il avqustun 09-da Qəbələ rayonu Vəndam qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru R.S.İbadovun tərtib etdiyi 14 sentyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qəbələ Rayon Məhkəməsinin 2(025)-2300/2017 nömrəli, 26 sentyabr 2017-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qəbələ rayon İcra və probasiya şöbəsindən daxil olmuş 14.09.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-2300/2017 nömrəli, 26 sentyabr 2017-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 9790 manat maddi zərər və 30 manat dövlət rüsumu olmaqla, cəmi 9.820 (doqquz min səkkiz yüz iyirmi) manat məbləğində pul tutulub iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədi 22.11.2017-ci il tarixdə şöbənin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə icra olunması üçün borclunun ünvanına göndərilmişdir. İcra sənədinin icrası barədə borcluya bildiriş göndərilməsinə baxmayaraq, icra sənədi üzrə tələb təmin edilməmiş və bunun səbəbi barədə icra şöbəsinə məlumat verilməmişdir. Borclunun əmlak vəziyyəti araşdırılmış, lakin tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borcluya xəbərdarlıq edilmiş və icra sənədi üzrə tələbi icra etməsi bildirilmiş, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi və məhkəməyə göndəriləcəyi barədə məlumat verilmişdir. Lakin onun barəsində görülən tədbirlərin nəticəsi olmamış, onun yekun olaraq protokol tərtib edilərkən 9520 manat borcu qalmışdır. Məhkəmə iclasında Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 protokolda göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, borclu Şəxs qərar və bildirişləri alsa da, Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, 22.11.2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya göndərilmişdir. Həmçinin “Elektron sistem” vasitəsilə axtarış edilmiş və adına hər hansı əmlak aşkar edilməmişdir. Şəxs borcunu ödəmədiyindən əvvəllərdə inzibati qaydada həbs edilmişdir. Qeyd edilənlərlə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, barəsində inzibati protokol tərtib edilmişdir. Protokol tərtin edilərkən Şəxs 9520 manat məbləğində borcu var idi. Şəxs hal-hazırda 2000 manat ödəniş etmişdir. Odur ki, inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, onun 9520 manat məbləğində borcunun olmasını qəbul edir. Bu günə qədər borcundan cəmi 300 manat ödəniş etmişdir. Bu gün isə 2000 manat məbləğində Zərərçəkmiş şəxs borcundan ödəmişdir. Əvvəllər borcunu ödəyə bilməməyin səbəb maddi imkanın olmaması olmuşdur. Bu gün isə atasına məxsus avtomobili satılaraq 2000 manat borcundan ödəyə bilmişlər. Gələcəkdə özünə məxsus torpağı sataraq borcunu birdəfəlik ödəmək niyyətindədir. Həmçinin o, icra məmurunun çağırışlarına vaxtlı-vaxtında gəlmişdir. Heç bir əmlakını icra və probasiya şöbəsindən gizlətməmişdir. Əksinə borcunun ödənilməsi üçün atasının adına olan avtomobili satmışlar. Göstərilənlərin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili X2 izahatında bildirdi ki, icra məmurunun və Şəxs izahatından müəyyən olundu ki, sonuncunun rəsmi iş yeri və gəliri yoxdur. Həmçinin tələbin yönəldilə biləcəyi heç bir əmlak yoxdur. Borc məbləği isə 9520 manatdır və icra məmuru da izahatında həmin məbləğin qərəzli olaraq Şəxs tərəfindən ödənilməməsini sübut edə bilməmişdir. Əksinə olaraq Şəxs atasına məxsus avtomobili sataraq borcundan bu gün 2000 manat ödəniş etmişdir. Hesab edir ki, Şəxs əməlində qərəzlilik sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs tərəfindən ona hal-hazırda 2000 manat ödənilmişdir. Qalan borcun ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Sonra zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Şəxs 2000 manat pul alınaraq ona ödənildiyi üçün Şəxs barəsində aparılan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Beləliklə, məhkəmə icra məmurunu, zərərçəkmiş şəxsi və barəsində İXH protokol tərtib olunan şəxsi dinləyib, işin faktiki hallarını nəzərdən keçirib belə hesab edir ki, Şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmədiyindən və onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzürsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət etməmişdir. Məhkəmə prosesində borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərini üzürsüz səbəbdən icra etməməsi məhkəmə tərəfindən araşdırılmış icra işi, proses iştirakçılarının izahatları və tədqiq olunmuş digər materiallarla da təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş icra işindən görünür ki: - Qəbələ Rayon Məhkəməsinin 2(025)-2300/2017 nömrəli, 26 sentyabr 2017-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 9790 manat maddi zərər və 30 manat dövlət rüsumu olmaqla, cəmi 9.820 (doqquz min səkkiz yüz iyirmi) manat məbləğində pul tutulub iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. - Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru Ruslan Alpaşayevin 22.11.2017-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarına əsasən Qəbələ Rayon Məhkəməsinin 2(025)-2300/2017 nömrəli, 26 sentyabr 2017-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraata başlanılmışdır. - 22.11.2017-ci il tarixli bildirişin surətindən görünür ki, 22.11.2017-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarın surəti borclu Şəxs təqdim edilmişdir. - “Elektron icra sistem”indən Çıxarışlardan görünür ki, Şəxs adına hər hansı daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli Qərarında vurğulanır: «Məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarını qərəzli icra etməmə, bir qayda olaraq, hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər.» «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, «məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə qərarlarının icrası məsələsinin daim xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, səlahiyyətli dövlət orqanları məhkəmə qərarlarının icrası ilə bağlı bütün lazımi tədbirləri vaxtında görməlidirlər.» Beləliklə, yuxarıda qeyd olunan müddəalardan aydın olduğu kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını təmin etmək vəzifəsi, borclu ilə yanaşı səlahiyyətli dövlət orqanlarının, bu halda icra qurumunun və bu sənədin icrasına nəzarət edən məhkəmənin vəzifəsidir. Borclunun icra sənədinin icrasından qərəzli olaraq yayınmasını əks etdirən hallar Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında sadalanmışdır. Hazırki işdə borclu Şəxs bu cür hərəkətləri etməsi məhkəmə iclasında tədqiq edilən sübutlarla təsdiq edilmir və eyni zamanda icra işindədə buna dair sənədlər mövcud deyildir. Belə ki, birincisi, borclu Şəxs icra məmurunun çağırışlarına vaxt-vaxtında gəlmiş və izahat vermişdir. İkincisi, borcunun əmlak vəziyyəti yoxlunılmış, lakin tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Göründüyü kimi, borclu tərəfindən, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi kimi qərəzli hərəkətlərə yol verilməmişdir. Əksinə olaraq borclu tərəfindən atasının mülkiyyətində olan avtomobil satılaraq 2000 manat məbləğində ödəniş edilmişdir. Nəhayət, məhkəməsinin qənaətincə, Şəxs Qəbələ Rayon Məhkəməsinin 2(025)- 2300/2017 nömrəli, 26 sentyabr 2017-ci il tarixli icra sənədi üzrə olan borcunu ödənilməsindən qərəzli şəkildə yayınmır, belə ki, məhkəməsi araşdırması zamanı 9520 borcundan 2000 (iki min) manat ödəməsi özü-özülüyündə sübut edir ki, Şəxs öhdəliklərinin icrasından yayınmır. Eyni zamanda məhkəmə onu da nəzərə alır ki, Şəxsin ödədiyi 2.000 manat 9520 manat pul məbləğinə mütənasib olmasa da, Şəxs rəsmi olaraq heç bir yerdə işləməməsi, onun adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməməsi həmin 2.000 manat məbləğ hal-hazırda Şəxs əmlak vəziyyətinə uyğundur. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, Şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmədiyindən və onunəməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə barəsində olan izibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından Qəbələ Rayon Məhkəməsinin 2(025)-2300/2017 nömrəli, 26 sentyabr 2017-ci il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-453/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-453/2021
14.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver