Məhkəmə qərarları › İş №3(025)-458/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-458/2025

07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-458/2025 07.10.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, AR İN ƏMDX Qəbələ ərazi şöbəsinin nümayəndəsi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 iştirakı ilə, AR İN ƏMDX Qəbələ ərazi şöbəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: AR İN ƏMDX Qəbələ ərazi şöbəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarı ilə X3 "xxxx" MMC-nin mülkiyyətində olan Qəbələ rayonu Qaradeyin kəndi ərazisində yerləşən 2,3 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 150 kv/m hissəsində əsaslı tikinti (qaraj binası) işləri apardığına görə Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000,0 manat cərimə olunmuşdur. X3 AR İN ƏMDX Qəbələ ərazi şöbəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarından məhkəməyə şikayət edib qərarın ləğv edilməsini xahiş etmişdir. X3 izahatında göstərmişdir ki, 0, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-də qaraj müdiri vəzifəsində işləyir və əmək müqaviləsində nəzərdə tutulan əmək vəzifələrini yerinə yetirir. "xxxx" MMC-nin mülkiyyətində olan Qəbələ rayonu Qaradeyin kəndi ərazisində yerləşən 2,3 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində kənd təsərrüfatı texnikasının yerləşdirilməsi məqsədilə əsaslı olmayan tikinti (talvar) aparılması planlaşdırılmış və 2025-ci ilin aprel ayında bu məqsədlə əraziyə bəzi tikinti materialları gətirilərək yığılmışdır. Lakin o, həmin ərazidə olmamış və heç bir tikinti aparmamışdır. 2025-ci ilin aprel ayında rəhbərliyin tapşırığına əsasən AR İN ƏMDX Qəbələ ərazi şöbəsinə getmiş və ona təqdim olunan sənədləri cəmiyyətin adından imzalamışdır. "xxxx" MMC-nin mülkiyyətində olan Qəbələ rayonu Qaradeyin kəndi ərazisində yerləşən 2,3 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində onun tikinti aparmaq səlahiyyəti və imkanları yoxdur. Ona görə də, AR İN ƏMDX Qəbələ ərazi şöbəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli MN № ******* saylı qərarı ləğv edilməlidir. AR İN ƏMDX Qəbələ ərazi şöbəsinin nümayəndəsi X4 göstərmişdir ki, torpaqların idarə olunması və istifadəsinə nəzarət çərçivəsində aparılan monitorinq nəticəsində "xxxx" MMC-nin mülkiyyətində olan Qəbələ rayonu Qaradeyin kəndi ərazisində yerləşən 2,3 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 150 kv/m hissəsində əsaslı tikinti (qaraj binası) işləri apardığı aşkar edilmiş və xx.xx.2025-ci il tarixli Akt tərtib edilərək sənədləşdirilmişdir. Araşdırma nəticəsində həmin tikinti işlərinin "xxxx" MMC-də qaraj müdiri vəzifəsində işləyən X3 tərəfindən yerinə yetirildiyi müəyyən edilmiş və barəsində xx.xx.2025-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək AR İN ƏMDX Qəbələ ərazi şöbəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarı ilə inzibati qaydada tənbeh edilmişdir. Ona görə də, şikayət əsassız hesab edilməlidir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən A 437559 saylı planda yeri təyin olunan Qəbələ rayonu Qaradeyin kəndi ərazisində yerləşən 2,3 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2019-cu il tarixdə **********58 reyestr nömrəsi ilə "xxxx" MMC-nin adına mülkiyyət hüququ əsasında Dövlət qeydiyyatına alınmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli “Torpaqladan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti ilə bağlı keçirilmiş monitorinqin nəticəsi haqqında” Aktın surətinə əsasən AR İN ƏMDX Qəbələ ərazi şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinq nəticəsində "xxxx" MMC-nin mülkiyyətində olan Qəbələ rayonu Qaradeyin kəndi ərazisində yerləşən 2,3 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 150 kv/m hissəsində əsaslı tikinti (qaraj binası) işləri apardığı aşkar edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinin surətinə əsasən X3 "xxxx" MMC-də qaraj müdiri vəzifəsinə qəbul edilmişdir. Onun əmək əmək funksiyasına bütün avadanlıq və qurğuların təhlükəsiz istismarını təmin etməklə şirkət aktivlərinin təhlükəsizliyinin təmin edilməsi Təmir obyektlərinin işçilərinə və ya kənar podratçılara işin planlaşdırılması və təyin edilməsi Təmir işlərinin gedişatının monitorinqi, yerinə yetirilən işlərin keyfiyyətinin yoxlanılması və lazım gəldikdə podratçılar və ya işçilərlə problemlərin həlli Tikinti, təmir və texniki xidmət əməliyyatlarının bütün mərhələlərində bütün zəruri təhlükəsizlik tədbirlərinə əməl olunmasını təmin etmək Podratçıların təkliflərinin nəzərdən keçirilməsi və qiymət, reputasiya və istinadlara əsaslanaraq ən ixtisaslı iddiaçıların seçilməsi Təmir xərclərinin hesablanması, büdcə limitləri ilə bağlı rəhbərliklə məsləhətləşmələr və təmir sifarişlərinin təsdiqi Nəqliyyat vasitələrinin təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək üçün donanma əməliyyatlarının auditinin aparılması Nəqliyyat vasitələrinin və avadanlıqların hissələrinin inventarının idarə edilməsi və lazım gəldikdə yeni hissələrin sifarişi Maşın və avadanlıqlara düzgün texniki qulluq prosedurları üzrə işçilərə təlimlərin verilməsi daxildir. AR İXM-nin 75.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. AR İXM-nin 75.0.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta törətmiş şəxs müəyyən edilməlidir. Həmin Məcəllənin 75.0.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 247.2-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. AR Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Həmin Məcəllənin 54.3-cü maddəsinə əsasən hüquqi şəxsin idarəsi ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, X3 "xxxx" MMC-də qaraj müdiri vəzifəsində işləmiş, onun cəmiyyətin idarə olunmasında iştirak etmək və cəmiyyətin mülkiyyətində olan torpaq sahəsindən istifadə etmək səlahiyyətləri olmamışdır. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (ərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, AR İN ƏMDX Qəbələ ərazi şöbəsi heç bir araşdırma aparmamış, "xxxx" MMC-nin mülkiyyətində olan Qəbələ rayonu Qaradeyin kəndi ərazisində yerləşən 2,3 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 150 kv/m hissəsində əsaslı tikinti (qaraj binası) işləri aparılması faktı üzrə heç bir araşdırma aparmamış, inzibati xəta törətmiş şəxsi, habelə X1 aşkar edilən faktla əlaqəsini müəyyən edən hər hansı bir sübut toplamadan onu AR İXM-nin 247.2-ci maddəsi ilə təqsirli saymaqda haqlı olmamışdır. AR İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin AR İXM-nin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, AR İN ƏMDX Qəbələ ərazi şöbəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarı ləğv edilməli və X3 barəsində AR İXM-nin 247.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. AR İN ƏMDX Qəbələ ərazi şöbəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarı ləğv edilsin. X3 barəsində AR İXM-nin 247.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar