Məhkəmə qərarları › İş №3(025)-459/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-459/2021

15.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-459/2021 15.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis kapitanı X7, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə Şəxs - 1989-cu il fevralın 24-də Qəbələ rayonu Bum qəsəbəsində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Qəbələ rayonu Bum qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 15 sentyabr 2021-ci il tarixdə Qəbələ rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs 13.09.2021-ci il tarixdə təxminən saat 19:00 radələrində Qəbələ rayonu Polis şöbəsinin qarşısında ictimai qaydanın qorunması ilə bağlı polis əməkdaşlarının vəzifələrini həyata keçirərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 15 sentyabr 2021-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis kapitanı X11 göstərdi ki, Şəxs 13.09.2021-ci il tarixdə təxminən saat 19:00 radələrində Qəbələ rayonu Polis şöbəsinin qarşısında ictimai qaydanın qorunması ilə bağlı polis əməkdaşlarının vəzifələrini həyata keçirərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin şəxsin barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək etdiklərinə görə əməlindən peşman olduğunu bildirdi və barəsinə yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Eyni zamanda etdikləri hərəkətə görə polis əməkdaşlarından üzr istədi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili X2 çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlini səmimi etiraf edərək peşiman olmasının nəzərə alınmasını və barəsində yüngül qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X8 izahatında bildirmişdir ki, 13.09.2021-ci il tarixdə Qəbələ rayon polis şöbəsinə raportla müraciət edərək Qəbələ rayon Bum qəsəbə sakinləri X15, Şəxs və X5 Qəbələ RPŞnin qarşısında onun və digər polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması və nalayiq ifadələrlə söyüşlər söyməsi barədə bildirmişdir. Belə ki, qeyd edilən tarixdə qeyd edilən şəxslər avtomobilləri ilə Qəbələ RPŞ-nin qarşısına gəlmişlər. O, bu zaman şöbənin qarşısında digər polis əməkdaşları ilə dayanmış və axşam düzülüşünü gözləmişlər. Həmin şəxslər onlara yaxınlaşaraq uca səslə qışqıraraq nalayiq ifadələrlə ünvanlı və ünvansız söyüşlər söymüşlər. Onların dediklərindən X6 qohumları olduqlarını anlamışlar. Onlara dəfələrlə nizam intizamlı olmalarını, söyüş söyməmələrini bildirsələr də, onlar hərəkətlərinə davam etmişlər və ətrafdakı vətəndaşların diqqətlərini özlərinə cəlb etmələrinə səy göstərmişlər. Onların barəsində tədbir görülməsi üçün Qəbələ RPŞ-nin növbətçi hissəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyən X17 izahatında bildirmişdir ki, 13.09.2021-ci il tarixdə Qəbələ RPŞ-də axşam toplanışı zamanı saat 19:00 radələrində cinayət işi ilə bağlı axtarışda olan Qəbələ rayon Bum qəsəbə sakini X9 RPŞ-nin əməkdaşları tərəfindən şöbəyə gətirələrək istintaqa təhvil verilmişdir. 19:10 radələrində Tərlan Eyyubovun yaxın qohumları şöbənin çöl qapısına gələrək RPŞ-nin həyətinə daxil olmağa çalışmışlar. Həmin vaxt içlərində daha aqressiv olan X15, Şəxs və X10 onların qanuni tələblərini qəsdən pozaraq şöbənin iş rejimini pozmuşlar. Dövlət və dövlətçiliyə, hakimiyyət orqanlarına ünvanlı və ünvansız söyüşlər söymüşlər. Onları sakitləşdirməyə çalışsalar da, öz qanunsuz əməllərinə davam etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri X3 Anar Ayəm oğlu ilə oxşar məzmunlu izahat verərək onun dediklərini təsdiq etmişdir. İş materiallarında olan 13 sentyabr 2020-ci il tarixli “X16 Haqqında” protokoldan görünür ki, X10 13 sentyabr 2021-ci il tarixdə, saat 19:10-da tutulmuşdur. İş materiallarında olan 13 sentyabr 2021-ci il tarixli “xüsusi vasitə sayılan əl qandalının tətbiqi barədə” aktdan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Şəxs 13.09.2021-ci il tarixdə saat 19:10 radələrində Qəbələ RPŞ-nin inzibati binanın qarşısında və inzibati binada özünü aqressiv apararaq, özünə xəsarət yetirə biləcəyini və şöbənin əmlakına ziyan vura biləcəyinə görə barəsində xüsusi vasitə sayılan əl qandalı tətbiq edilmişdir. İş materiallarında olan 13.09.2021-ci il tarixli video müşahidə kamerasının diskə köçürülmüş görüntülərinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olundu ki, həqiqətən Şəxs 13.09.2021-ci il tarixdə Qəbələ RPŞ-nin inzibati binasının qarşısında polis işçilərinin qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs 13.09.2021-ci il tarixdə sərxoş olmamışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özünün etirafı, şahidlərin izahatı və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi qəbul edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 13.09.2021-ci il tarixdə təxminən saat 19:00 radələrində Qəbələ rayonu Polis şöbəsinin qarşısında ictimai qaydanın qorunması ilə bağlı polis əməkdaşlarının vəzifələrini həyata keçirərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikası İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə işin faktiki hallarını nəzərə almaqla hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 150 (bir yüz əlli) manat inzibati cərimə tətbiq edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar