Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-46/2022 26.01.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin DYPB YPXBİ-nin polis serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə 03 aprel 1993-cü il tarixdə Qəbələ rayonu, Nohurqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qəbələ rayonu Nohurqışlaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ Rayon Polis şöbəsi tərəfindən 25 yanvar 2022-ci il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 2021-ci il noyabrın 09-da, saat 21 radələrində “Mersedes Benz” minik markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ Rayon Polis Şöbəsinin DYPB YPXBİ-nin polis serjantı X3 göstərdi ki, Şəxs 2021-ci il noyabrın 09-da, saat 21 radələrində “Mersedes Benz” minik markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə etmişdir. Belə ki, Qəbələ rayon Polis şöbəsinin müstəntiqi, polis baş leytenantıİlkin Göyçəli tərəfindən HK-1/1606saylı material üzrə 10yanvar 2022-ci il tarixdə Şəxs əməlində cinayət tərkibi olmadığı üçün “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş, Şəxs barəsində AR İXM-nin 333.2-ci maddəsi ilə inzibati protokol tərtib olunması üçün qərarın surəti Qəbələ RPŞ-nin DYPB-nə verilməsi qərara alınmışdır. Beləliklə, tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-in 333.2-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 09.11.2021-ci il tarixdə saat təxminən 21 radələrində Qəbələ rayon Tüntül kəndi ərazisində yerləşən kafedən yemək yeyib spirtli içki qəbul etdikdən sonra kafedən çıxaraq üzü Qəbələ rayon Nohurqışlaq kəndi ərazisində yerləşən “Star Petrol” adlı yanacaqdoldurma məntəqəsi istiqamətində kənd daxili asfalt örtüklü yolda Mersedes Benz markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə saatda təxminən 60 km sürətlə hərəkətdə olan zaman qarşıdakı döngədə əks istiqamətli hərəkət zolağında üzü Tüntül kəndi istiqamətində hərəkət edən tanımadığı avtomobil gördüyü üçün və döngə sərt olduğu üçün tormozdan istifadə edərək avtomobilin sürətini azaltmış, elə bu zaman avtomobilinin arxa hissəsi ilə Vaz 2101 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtmobilin ön hissəsi ilə toqquşmuşdur. Toqquşmanın təsirindən hər ikisi avtomobillərini asfalt örtüklü yolda saxlamış, lakin sonradan avtomobili yolun sağında olan ehtiyyat hissəyə sürüb saxlamışdır. Daha sonra avtomobildən yerə düşmüşlər. Hadisə yerinə polis əməkdaşları gələrək hadisə yerini müayinə edərək fotoşəkil çəkmişlər. Özünü pis hiss etdiyi üçün Qəbələ rayon diaqnostika mərkəzinə getmiş, hadisə zamanı sərxoş olmuşdur.Törətdiyi əməldən çox peşimandır. İİ Qarabağ müharibəsinin iştirakçısıdır və qazidir. Belə ki, müharibədə yaralanmış və İİ qrup əlildir. Bu halların nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş etdi. Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, İİ Qarabağ müharibəsində yaralanaraq İİ qrup əlil olmasını və barəsində yüngül qərar qəbul edilməsini xahiş edir. Qəbələ Rayon Polis şöbəsi İstintaq Bölməsində Şəxs barəsində toplanmış HK-1/606 nömrəli rədd materialına baxış keçirilərkən müəyyən olundu: - Məhkəmə-kimyəvi ekspertizasının nəticəsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyindən daxil olmuş 24 dekabr 2021-ci il tarixli, 4085/K nömrəli ekspert rəyindən görünür ki, Şəxs götürülmüş qan nümunəsində metil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən aşkar edilməmişdir. Lakin Şəxs götürülmüş qan nümunəsinin tərkibində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı -0,9 faizdir. - Şəxs barəsində son 1 il ərzində yol hərəkəti qaydalarını pozduğuna görə barəsində inzibati xəta haqqında protokolun tərtib edilib-edilməməsi ilə bağlı şöbəinin DYPB-nə sorğu verilmiş, sorğuya verilmiş cavaba əsasən Şəxs barəsində 02.10.2021-ci il tarixdə Qəbələ RPŞnin DYPB YPXİ polis baş serjantı, X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixortop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyinə görə AP N: ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və 02.10.2021-ci il tarixli, MN N:0710019 nömrəli inzibati tənbeh vermə haqqında qərarla Şəxs 400 manat məbləğində cərimə edilmişdir. Məhkəmə baxışı zamanı araşdırılan sübutlar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan, Şəxs 2021-ci il noyabrın 09-da, saat 21 radələrində “Mersedes Benz” minik markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobili barəsində inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədərək sərxoş halda idarə etməsi özünün etirafı və iş üzrə araşdırılmış digər sübutlarla təsdiq edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan, Şəxs Azərbaycan Respublikası İXM-in 333.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafedici izahatı və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, İİ Qarabağ müharibəsində yaralanaraq İİ qrup əlil olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası İXM-in 32.1-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni vəəsaslı olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 saylı 27.06.2014-ciil tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”-nın 2.4-ci bəndinə əsasən “xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir”. Azərbaycan Respublikası İXM-in 333-cü maddəsinin qeyd hissəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası İXM-in 333.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs şəxsiyyətini, törətdiyi əməli etiraf etməklə səmimi peşmançılığını və işin digər hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 333.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırmaqla cərimə inzibati tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 400 (dörd yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlikedən: AbbasƏliyev
Məhkəmə qərarları › İş №3(025)-46/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-46/2022
26.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver