Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-46/2024 29.01.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ DYPB İTUBİ-nin polis kapitanı X9, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1976-ci il avqustun 09-da Ağdaş rayonunda doğulmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1, 332.4, 339.1 və 469.3-cü maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qəbələ rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Loğman Abdulxalıqovun 19 yanvar 2024-cü il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.2, 332.1, 332.4, 339.1 və 469.3-cü maddələri ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü materialın aidiyyəti üzrə Qəbələ RPŞ-nin DYPB-nə verilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Qəbələ rayon Polis şöbəsinin DYPB İTÜBİ-nin polis kapitanı X13 tərəfindən 29 yanvar 2024-cü il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ DYPB İTÜBİ-nin polis kapitanı X13 göstərdi ki, Şəxs "Yol Hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin Vİ hissəsinin, 33-cü maddəsinin 1-ci hissəsini, 37ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla, yəni, sürücülük hüququ və müvafiq etibarnamə olmadan, eləcə də texniki baxışdan keçirmədən, icbari sığortasını təmin etmədən faktiki sahibliyində olan Qaz 3110 minik markalı, ** GA *** dövlət qeydiyyat nişanlı avtomobili Qəbələ rayon Həmzəlli kəndində tam orta məktəbin yaxınlığı ilə üzü rayonun Bum qəsəbəsi istiqamətində idarə edərkən nəqliyyat hadisəsi baş vermiş, nəticədə Qəbələ rayon Cığatelli bələdiyyəsinə məxsus 01 ədəd işıqlandırma dirəyini vurub onu dib hissəsindən sındırıb yararsız vəziyyətə salmış, həmçinin, "xxxx"-yə məxsus 01 ədəd telefon-internet dirəyini zədələyərək həmin MMC-yə 135 manat, Həmzəlli kənd sakini X5 məxsus fərdi yaşayış evinin kənarındakı hasarı dağıtmaqla sonuncuya 50 (əlli) manat maddi ziyan vurmuşdur. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2, 332.1, 332.4, 339.1 və 469.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmçinin zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2, 332.1, 332.4, 339.1 və 469.3-cü maddələri ilə özünü təqsirli bilib göstərdi ki, idarə etdiyi Qaz 3110 minik markalı, ** GA *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Lakin, həmin avtomobil özünə məxsus deyil, mülkiyyətçi Bakı şəhər sakini X15 Federasiyasında yaşayır. X4 almış, ancaq etibarnaməsi yoxdur. Avtomobili sahibliyində olmasını təsdiq edəcək bir sənədi yoxdur, Müzəffər Hacıyevdən avtomobili metallom kimi təxminən 2023-cü ilin mart ayında 1200 manata almışdır. Avtomobili Müzəffərdən aldıqda onda da etibarnamənin müddəti bitmişdir. Avtomobili təmir edərək idarə etmiş, mühərrik nömrəsi texniki pasportdakı mühərrik nömrəsi ilə eyni deyildir. Belə ki, mühərrik xarab olduğu üçün başqa bir mühərriklə əvəz etmişdir. Həmin mühərriki Ağdaş rayon Dəhnə kəndindən xatırlamadığı şəxsdən almışdır. Eləcə də nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Təxminən 1 il yarımdır ki, çörək satışı ilə məşğuldur. 28 dekabr 2023-cü il tarixdə gecə saat 04 radələrində həmin avtomobili idarə edərək Qəbələ rayon Həmzəlli kəndi ilə Qəbələ rayon Bum qəsəbəsinə çörək sexinə gedirmiş ki, oradan çörəklərdən yığaraq Ağdaş rayonuna satmağa aparsın. Həmzəlli kənd körpüsünü keçdikdə sürəti təxminən 50-60 km/saat olarmış. Üzü Qəbələ rayon Bum qəsəbəsi istiqamətdə hərəkət edirmiş. Bundan sonra baş verənləri xatırlamır. Bir də səsə, guppultuya sanki ayılmış, Həmzəlli kənd məktəbinin yaxınlığında özünü görmüşdür. Körpüdən təxminən 150-200 metr Bum qəsəbəsi istiqamətdə getmişdir. Avtomobilini saxlamış, avtomobilinin yolun soluna, əks istiqamətədə çıxaraq oradakı səkidə işıq dirəyinə dəyərək onu zədələyib yola aşırdığını görmüşdür. Həmin yerdə orada səkidə olan bir ədəd telefon-internet dirəyi bir qədər arxaya əyilməklə zədələnmişdir. Həmçinin, avtomobilinin sol tərəfi zədələnmiş, avtomobilindən yerə düşmüş, alt dodağında xırda cızıq xəsarəti aldığını müəyyən etmişdir. Oradan hadisə barədə polisin "102" xidmətinə zəng edərək məlumat vermiş, hadisə yerinə polis əməkdaşları gələrək baxış etmiş, sərxoşluğu müayinə edilmiş, ayıq olduğu müəyyənləşmişdir. Hadisə nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili X7 çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsinin nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. İşə baxılmasının yeri və müddəti barədə lazımı qaydada xəbər verilməsinə baxmayaraq, zərərçəkmiş şəxslər Qəbələ rayon Cığatelli bələdiyyəsinin və "xxxx"-nin nümayənləri və zərərçəkmiş şəxs X10 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinin tələblərinə əsasən inzibati materiala Qəbələ rayon Cığatelli bələdiyyəsinin və "xxxx"-nin nümayənləri və zərərçəkmiş şəxs X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Qəbələ RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X1 19 yanvar 2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarına və HK-1/1933 saylı materiala baxış keçirilərkən müəyyən olundu: - HK-1/1933 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 327.2, 332.1, 332.4, 339.1 və 469.3-cü maddələri ilə inzibati protokol tərtib olunması üçün qərarın surəti Qəbələ RPŞ-nin DYPB-nə verilməsi qərara alınmışdır. - Materiala əlavə edilmiş Qəbələ RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru Eltac Məmmədov tərəfindən "ALCOVİSOR-AZ817" "ACE Z-series markalı aparat vasitəsi ilə xx.xx.2023-cü il saat 05:24 tarixli tərtib edilmiş 00030 nömrəli protokollaşma nömrəsi ilə qeydə alınmış qəbzdən görünür ki, hadisə baş verən anda sürücü Şəxs alkoqol miqdarı 0,000 %0, yəni, ayıq olmuş, alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. - Materiala əlavə edilmiş Qəbələ RPŞ-nin DYPB-nin rəisi, polis mayoru Bəxtiyar Heydərov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs adına Azərbaycan Respublikası DİN-in BDYP-nin X12 sürücülük vəsiqəsi qeydə alınmamışdır. - Materiala əlavə edilmiş Qəbələ rayon Həmzəlli kənd sakini X3 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə Şəxs idarə etdiyi Qaz 3110 minik markalı, ** GA *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə Qəbələ rayon Həmzəlli kəndində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində fərdi yaşayış evinin həyətyanı sahəsindəki hasara ümumilikdə 50 manat maddi ziyan dəydiyini bildirmiş, ziyanın ödətdirilməsini xahiş etmişdir. - Materiala əlavə edilmiş "xxxx"-nin məsul iş icraçısı X8 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs idarə etdiyi Qaz 3110 minik markalı, ** GA *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə Qəbələ rayon Həmzəlli kəndində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində MMC-yə məxsus 01 ədəd telefon-internet dirəyinin zədələndiyini, nəticədə MMC-yə 135 manat maddi ziyan dəydiyini bildirmiş, ziyanın ödətdirilməsini xahiş etmişdir. - Materiala əlavə edilmiş Qəbələ rayon Cığatelli Bələdiyyəsinin sədri X6 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs idarə etdiyi Qaz 3110 minik markalı, ** GA *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə Qəbələ rayon Həmzəlli kəndində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 01 ədəd işıqlandırma dirəyinin yararsız hala düşdüyünü bildirmiş, dəymiş ziyanın hadisəni törətmiş şəxs tərəfindən ödətdirilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materialları araşdırıb, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs dinləyərək məhkəmə hesab edir ki, onun əməlində Azərbaycan Respublikası İXM-nin 327.2, 332.1, 332.4, 339.1 və 469.3-cü maddələrinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinib, tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir. Belə ki, Azərbaycan Respublikası İXM-in 332.4-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasını nəzərdə tutur. Göründüyü kimi, 28 dekabr 2022-ci il tarixdə saat təqribən 04:30 radələrində Şəxs "Yol Hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin Vİ hissəsinin, 33cü maddəsinin 1-ci hissəsini, 37-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla, yəni, sürücülük hüququ və müvafiq etibarnamə olmadan, eləcə də texniki baxışdan keçirmədən, icbari sığortasını təmin etmədən faktiki sahibliyində olan Qaz 3110 minik markalı, ** GA *** dövlət qeydiyyat nişanlı avtomobili Qəbələ rayon Həmzəlli kəndində tam orta məktəbin yaxınlığı ilə üzü rayonun Bum qəsəbəsi istiqamətində idarə edərkən həmin Qanunun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69- cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə yəni, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən ayırmamalı, avtomobilin öz hərəkət zolağında dayanıqlı hərəkətini təmin etməli, yolun ortasında olan "1.1" ağ bütöv üfiqi nişanlama xəttini kəsib keçməməli və bununla əks hərəkət zolağı ilə qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkəti üçür təhlükə yaratmamalı olduğu halda, sadalanan yol hərəkəti qaydalarını pozaraq, yəni, yol hərəkət üçün təhlükəsiz şərait yaratmamış, hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən ayırmaqla avtomobilin öz hərəkət zolağında dayanıqlı hərəkətini təmin etməmiş, əks istiqamətli nəqliyyat axınlarının "1.1" üfüqi nişanlanma xətti ilə ayrılmasını nəzərə almadan həmin bütöv ağ xətti kəsib avtomobilini bütov ağ xətdən əks hərəkət zolağına, yəni, nəqliyyat vasitələrinin Qəbələ şəhəri istiqamətdə axınının hərəkət hissəsinə çıxartmaqla həmin hərəkət hissəsinin kənarındakı səkidə olan Qəbələ rayon Cığatelli kənd bələdiyyəsinə məxsus 01 ədəd işıqlandırma dirəyini vurub onu dib hissəsindən sındırıb yararsız vəziyyətə salmış, həmçinin, "xxxx"-yə məxsus 01 ədəd telefon-internet dirəyini zədələyərək həmin MMC-yə 135 manat, Həmzəlli kənd sakini X5 məxsus fərdi yaşayış evinin kənarındakı hasarı dağıtmaqla sonuncuya 50(əlli) manat maddi ziyan vurmuşdur. Bu səbəbdən onun Azərbaycan Respublikası İXM-in 332.4-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsinə əsasən Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 34-cü maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörd birindən az ola bilməz. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1, 339.1 və 469.3-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 29 yanvar 2024-cü il saat 12:20-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1, 339.1 və 469.3-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-46/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-46/2024
29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver