Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-464/2024 06.09.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1979-cu ildə anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu Abrıx kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddələri ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat (xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta protokol) başlanmışdır kı, o, xx.xx.2024-cü il tarixdə saat 10-00 radələrində Qəbələ rayon Mərkəzi Bazarında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı onu döyərək ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, Qəbələ rayon bazarında meyvə-tərəvəz alqı-satqısı ilə məşğul olur. 19 avqust 2024-cü il tarixdə saat təqribən 10 radələrində Qəbələ rayonu, Nic qəsəbə sakini Zərərçəkmiş şəxs onun fəaliyyət göstərdiyi piştaxtaya yaxınlaşaraq 1 kiloqram üzüm almış və təxminən bir neçə dəqiqədən sonra aldığı üzümün turş olduğunu bildirərək geri qaytarmışdır. O, da Zərərçəkmiş şəxs üzümü alıb 2 manatı geri qaytarmış, lakin Alik yenə də piştaxtanın qarşısında dayanaraq gələn müştərilərə maneə olduğuna görə onu əli ilə kənara itələmişdir. Bundan sonra Alik DİN-nin qaynar xəttinə zəng edərək döyülməsi barədə yalan məlumat vermişdir. Həmin vaxt o, Aliki döyməmiş və ona xəsarət yetirməmişdir. İş üzrə Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, 19 avqust 2024-cü il tarixdə saat 10 radələrində o, Qəbələ rayon Mərkəzi Bazarında satıcı kimi fəaliyyət göstərən Bilal adlı şəxsdən 2 manata 1 kiloqram üzüm almış və bir qədər kənarda dadına baxıb üzümün turş oduğunu müəyyən edərək geri qaytarmaq üçün Bialın olduğu piştaxtaya yaxınlaşmışdır. Həmin vaxt Bilal onunla kobud rəftar etmiş və üzümü alıb 2 manatı qaytardıqdan sonra onun sol sifət nahiyəsindən bir dəfə sillə ilə vurmuşdur. Bundan sonra o, DİN-nin qaynar xəttinə zəng edərək Bilalın hərəkətləri barədə məlumat vermişdir. İşdə olan MTE və PA Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 431 saylı ekspert rəyinə əsasən 1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – bədəni üzərində üzün sağ tərəfinin qançırı kimi xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə yəni 19 avqust 2024-cü ildə törənə bilər. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirməyə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Himayəsində iki nəfər azyaşlı uşağı olması Şəxs məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alıaraq barəsində İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 112, 115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300,0 (üç yüz) manat cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-464/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-464/2024
06.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver