Məhkəmə qərarları › İş №3(025)-470/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-470/2023

04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-470/2023 04.09.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi vəzifəsini icra edən polis mayoru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1997-cü ildə Qəbələ rayonu, Zarağan kəndində anadan olmuş, Qəbələ rayonu, Zarağan kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 04 sentyabr 2023-cü il tarixdə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi vəzifəsini icra edən polis mayoru X11 tərəfindən Şəxs barəsində tərtib olunmuş, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Qəbələ rayonu, Zarağan kənd sakini Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu, M.Abduyev küçəsi 73 nömrəli binanın qarşısında nalayiq ifadələr işlədib, ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa, 04 sentyabr 2023-cü il tarixdə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi vəzifəsini icra edən polis mayoru X11 tərəfindən Şəxs barəsində tərtib olunmuş, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* saylı İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 04 sentyabr 2023-cü il tarixdə Qəbələ rayonu, M.Abduyev küçəsi 73 nömrəli binanın qarşısında polis işçiləri vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X11 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Şəxs və X2 rayonu, M.Abduyev küçəsində yerləşən bina 73, mənzil 42-nin qapısının qıfılını sındıraraq mənzilə daxil olmuşdular. Polis əməkdaşları yaxınlaşıb xanımla profilaktik söhbətlər aparan zaman, xanım polis əməkdaşlarını təhqir etmiş və ünvanlarına nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları dəfələrlə xanımı nizam-intizama dəvət etsələrdə xanım polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud surətdə pozmuşdur. Bu səbəbdən X6 barəsində Azərbaycan Respublikası İXM-nin 535.1 və 510-cu maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, qalmağa evləri yoxdur. Dəfələrlə İcraya, Bələdəiyyəyə və şəhər Sovetinə müraciət etmişdir. İcradan cavab olaraq “nəzərimizdəsiniz” demişdilər. M.Abduyev küçəsində “Qorodok” adlanan (vaxtilə ruslar yaşayan) şəhərcikdə ruslardan qalan boş evə daxil olmuş, evin boş olduğunu və evdə ruslardan qalan lazımısız taxtaların olduğunu görmüşdir. Evə daxil olduqdan sonra bir vətəndaş yaxınlaşaraq evin ona aid olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları hadisə yerinə yaxınlaşaraq evi tərk etməsini desələr də, o tərk etməmişdir. Polis əməkdaşları onu tutaraq evdən çıxarmışdılar. Məhkəmə iclasında şahid Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı Səxavət Qafarov izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə İTB-nin sahə poiis nəfəri, polis baş serjantı Fəxrəddin Rasimli ilə birlikdə xidməti ərazisi olan Qəbələ rayon Zarağan kəndində xidmətdə olan vaxt Fəxrəddin Rasimlinin istifadəsində olan mobil nömrəyə zəng edib özünü X1 təqdim edən-şəxs ona məxsus ünvan 1 ünvanına adlarını bilmədiyi iki nəfər qadının ona məxsus mənzilin qapısını sındıraraq özbaşına mənzilə daxil olduğunu və ona məxsus əşyaları binanın balkonuna yığdıqlarını bildirmişdir. O və Fəxrəddin Rasimli həmin şəxslərin şəxsiyyətini müəyyən etmək və məsələni yerində araşdırmaq üçün həmin ünvana getmişdilər. Muxtar Abduyev küçəsi bina 73, mənzil 3 ünvanına yaxınlaşıb adını sonradan bildiyi X8ma özümü təqdim edib mənzilin kimə aid olduğunu, qapını hansı səbəbdən sındırdıqlarını və özbaşına digər şəxsə məxsus mənzilə daxil olmasının səbəbini soruşduqda Zenfirə Davuda orada uca səslə qışqırıb “sənə nə aidiyyəti var, get işinlə məşğul ol” kimi ifadələr işlətdi ve qapını möhkəm şəkildə örtərək mənzilə daxil oldu. O təkrar qapını döyüb Zenfiranı çağırmış, Zenfira qapını açıb girəcəyində oturaraq onların mənzilə daxil olmağına icazə verməmişdir. O və Fəxrəddin Rasimli ona etdikləri əməlin qanun pozuntusunu izah edən vaxt ünvanlarına nalayiq ifadələr işlədərək içərisi su olan vedrəni ve oturduğu stulu onlara tərəf atmışdılar. Onlar Zenfiranı sakitləşməyi, nizam-intizamlı olmağı bildirsələrdə o onların qanuni tələblərinə tabe olmur, nümayişkaranə şəkildə uca səslə söyüşlər söyməyə davam edir və ətrafdakı olan şəxslərin diqqətini özünə cəlb ədirdi. O Zenfiranın davamlı hərəkətlər etməyini görüb ərazidə xidmət aparan PPXB-nün naryadlarını dəvət etmişdir. PPXB-nün poiis nəfərləri, polis baş serjantı Xətai Səmədov və polis serjantı Yusif Şahverdiyevlə birlikdə Zenfira Davudovam xidməti avtomobilə mindirən vaxt binanın qarşısında Zenfiranın qızı Şəxs uca səslə ünvanlarına nalayiq ifadələr işlədərək onlara tərəf gəlmişdir. Onlar onu sakitləşdirməyi söyüş söyməməyi bildirsələrdə o xidməti fəaliyyətlərinə mane olur və ünvanlarına nalayiq ifadələr işlətməyə davam edirdi. Şəxs uca səslə nalayiq ifadələr işlətməsi nəticəsində binanın ətrafına çox sayda insanlar toplaşmasına səbəb olmuşdur. Şəxs da qanuni tələblərinə qəsdən tabe olmadığından tərəflərindən xidməti avtomobilə mindiriiərək polis şöbəsinə gətirilib barələrində araşdırma aparılması üçün Növbətçi Hissəyə təhvil verilmişdir. Məhkəmə iclasında şahid polis baş serjantı X4 şahid polis leytenantı Səxavət Qafarovun izahatına uyğun eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid X7 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Qəbələ şəhəri, M.Abduyev küçəsində Jekdə işləyən Eldar Dəmirov atası Mehmana zəng edib onlara verilən evə iki nəfər qadının daxil olduğunu bildirmişdir. Atası bu barədə ərazidə xidmət aparan polis baş serjantı Fəxrəddin Rasimliyə zəng edib Qəbələ rayonu M.Abduyev küçəsi, bina 73, 3 nömrəli mənzilə adlarını bilmədikləri qadınların mənzilin qapısını sındıraraq ora daxil olduqlarını bildirdi. Fəxrəddin atasına həmin ünvana gedəcəklərini və onları də ora çağırdı. Saat təxminən 12:40 radəsində oğlu atası Mehmanla birlikdə onlara məxsus məznilə getmişdilər. Sonradan adlarını bilmədikləri Zenfira Davudova orada polis əməkdaşları ilə mübahisə edir və onların ünvanına nalayiq ifadələr işlədirdi. O onu və atasını orada görüb uca səslə onların ünvanına nalayiq ifadələr işlətməyə başladı. Orada olan polis əməkdaşları onunla söhbət aparıb nizam-intizamlı olmağı bildirsədə o buna məhəl qoymur və onun, atasının və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədirdi. Polis əməkdaşları Zenfira Davudovanı sakitləşdirə bilmədiklərindən və onlarında ünvanına nalayiq ifadələr işlətdiklərindən onu polis avtomobilinə mindirən vaxt Zenfiranın qızı Şəxs uca səslə nalayiq ifadələr işlədərək onlara tərəf getdi. Aytac polislərə yaxınlaşıb anasını polis avtomobilindən düşürmək istəyir və kobud formada nalayiq ifadələr işlədirdi. Polis əməkdaşları onu da nizam intizamlı olmağı, nalayiq ifadələr işlətməməyi bildirsədə o polislərin qanuni tələbinə tabe olmadığından onu da avtomobilə mindirdilər və onlar də polis şöbəsinə gəlməyi bildirdilər. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dair iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Bundan başqa, məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən polis mayoru X11 tərəfindən tərtib edilmiş 04 sentyabr 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə uyğun olaraq, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tədbiq edilməklə barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 106-109, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tədbiq edilməklə 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar