Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-477/2023 05.09.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X1, Müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs - 1984-cü il iyunun 28-də Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 05 sentyabr 2023-cü il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X3 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, xx.xx.2023-cü il tarixdə Şəxs ailə-məişət münaqişəsi zəmnində həyat yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 05 sentyabr 2023-cü il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X3 göstərdi ki, xx.xx.2023-cü il tarixdə Şəxs ailə-məişət münaqişəsi zəmnində həyat yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü izahatında göstərdi ki, Zərərçəkmiş şəxs ilə o, 2022-ci ilin may ayında ailə həyatı qurmuş və Vüsalə ikinci həyat yoldaşıdır. Zərərçəkmiş şəxs ilə evlilikləri müddətində münasibətləri yaxşı vəziyyətdə olmuşdur, lakin buna baxmayaraq aralarında ara-sıra qısqanclıq zəmnində münaqişələr yaranmışdır. Vüsalə təxminən 2023-cü ilin iyun ayının sonlarında ata evinə getmək istədiyini bildirərək Qəbələ rayon Vəndam qəsəbəsinə gəlmişdir və geri qayıtmadığına görə o, 04 avqust 2023-cü il günorta radələrində Vüsalənin ata həyətinə gedərək onunla gəlməsini xahiş etmiş, lakin Vüsalə onunla gəzməyə getmək istəmədiyini bildirərək ünvanına nalayiq ifadələr işlətmişdir. O da həyat yoldaşının təhqirindən əsəbləşərək əlindəki su butulkasını yerə çırparaq həyəti tərk etmiş və tərk etməmişdən qabaq Vüsalənin ondan boşanması üçün ərizə ilə müraciət etməsini tələb etmişdir. Etdiyi əməldən peşmandır və buna görə Vüsalədən üzr istəyir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, həyat yoldaşı Şəxs ilə təxminən 1 il 2 ay müddətdir ki, ailə həyatı qurmuşdur, lakin birgə evliliklərindən övladları yoxdur. Şəxs onun ikinci həyat yoldaşıdır. Şəxsla evlilikləri müddətində münasibətləri ümumən normal vəziyyətdə olmasına baxmayaraq sonuncu tez-tez hər hansısa səbəb olmadan onu döyür, ünvanına nalayiq ifadələr işlədərək şəxsiyyətini alçatmışdır. 04 avqust 2023-cü il tarixdə günün ikinci yarısında saat təqribən 16 radələrində o, Vəndam qəsəbəsində ata evində anası Tənzilə Nəsirova və gəlinləri Mehranə Pənahova ilə birgə olduqları zaman həyat yoldaşı Xəyal həyət qapısını açaraq həyətə daxil olmuş və onu Mingəçevir şəhərinə aparmaq üçün gəldiyini bildirmişdir. O isə Xəyala getmək istəmədiyini söyləmişdir. Bu səbəbdən aralarında sözlü mübahisə düşmüş və mübahisə zamanı Xəyal ilk olaraq yumruqla sifətinin sol tərəfindən vurmuş, daha sonra isə əli ilə ağzını tutaraq qulağındakı bir cüt dəyəri təxminən 300 (üç yüz) manat təşkil edən qızıl sırğalarını çıxarmışdır. O da bu səbəbdən qışqırmış və səsinə gəlinləri Mehranə bayıra çıxmışdır. Bu səbəbdən Xəyal dərhal həyəti tərk edərək uzaqlaşmışdır. Hal-hazırda həmin şəxslə barışmamış və həmin şəxs barəsində qanuni tədbir görülməsini istəyir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X2 canlı şəxsin ekspertizasının 09 avqust 2023-cü il tarixli, 392 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol gözün alt hissəsinin, sol bazunun içəri orta, sağ bazunun içəri aşağı 1/3-nin qançırları və hər iki qulaqların sırğalıq adlanan hissələrindəki sırğalara məxsus dəliklərin kənarının sıyrığı kimi xəsarətləri vardır. Qeyd olunan xəsarətlər küt alətin(əşyanın) təsirindən yuxarıda göstərdiyi tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixində törənə biləcəyi, qeyd olunan xəsarətin sağlamlığa zərər vurmayan bədən xəsarətinə aid olduğu müəyyən edilmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 24 avqust 2023-cü il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə toplanmış HK- 1/1140 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti Qəbələ RPŞ-nin İTB-yə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olaraq zərərçəkmiş şəxsdən üzr istəməsini məsuliyyətini yüngülləşdirlən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, eləcə də tərəflər arasında mövcud olan ailə hüquq münasibətlərini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-477/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-477/2023
05.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver