Məhkəmə qərarları › İş №3(025)-480/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-480/2021

29.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-480/2021 29.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X4, Müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs - 1962-ci il yanvarın 31-də Qəbələ rayonu Soltan Nuxa kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Qəbələ rayonu Soltan Nuxa kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 29 sentyabr 2021-ci il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X5 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokollar və onlara əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, 18.08.2021-ci il tarixdə Şəxs aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs zor tətbiq edərək sağlamlığa zərər vurmayan bədən xəsarəti, 21.08.2021-ci il tarixdə isə fiziki ağrı yetirmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 29 sentyabr 2021-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X5 göstərdi ki, 18.08.2021-ci il tarixdə Şəxs aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs zor tətbiq edərək sağlamlığa zərər vurmayan bədən xəsarəti, 21.08.2021-ci il tarixdə isə fiziki ağrı yetirmişdir. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, keçmiş arvadı Zərərçəkmiş şəxs ilə 2018-ci ilin sonlarında boşanmış, sonradan Səhiyyə adlı qadın ilə evlənmişdir. Fındıq bağları vardır ki, həmin bağ sahəsini Şəfiqə ilə bölüşdürmüşlər. 18.08.2021-ci il tarixdə arvadı Səhiyyə ilə birlikdə bağ sahəsində fındıq yığan zaman Şəfiqə gələrək onlara nalayiq ifadələr işlətmiş, belə olub aralarında sözlü mübahisə olmuşdur. Lakin aralarında heç bir dava-dalaş olmamışdır. 21.08.2021-ci il tarixdə səhər saat 08 radələrindən sonra bağ sahəsinə yoldaşı Səhiyyə ilə birlikdə getmişdir. Bu zaman Şəfiqə onların qarşısını kəsərək onlara bağa daxil olmağa imkan verməmişdir. Daha sonra bağa daxil olanda görmüşlər ki, Şəfiqə Ağdaş rayon sakinlərini fəhlə kimi gətirərək ona aid hissədə fındıq yığırlarmış. Onlara yaxınlaşaraq torbalardakı fındıqları boşaltmış, Şəfiqə ilə aralarında sözlü mübahisə başlamış, lakin dava olmamışdır. Bir müddət sonra oğlu Vüsal gəlmiş, əlindəki butulkanı ona atmış, lakin dəyməmişdir. Mübahisə təxminən 5-10 dəqiqə davam etmiş, nə Şəfiqəni, nə də ki Şəfiqə onu vurmamışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs birinci qrup əlil olmasını, yaşının nəzərə alınmasını, həmçinin “onkoloji” xəstə olmasının nəzərə alınmasını və daha yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, keçmiş əri Şəxs ilə 2018-ci ilin sonlarında boşanmış, əri sonradan Səhiyyə adlı qadın ilə evlənmişdir. Əri ilə evliliyindən iki övladları vardır. Onlar ilə birlikdə yaşayır. Fındıq bağları vardır ki, öz aralarında həmin bağ sahəsini bölüşdürmüşlər. Lakin keçmiş əri bu il onlara verdiyi fındıq sahəsini onlara demədən avqust ayının 1-dən yığmağa başlamışdır. 18.08.2021-ci il tarixdə həmin bağ sahəsinə gəlmiş və görmüş ki, Bəylər və yoldaşı Səhiyyə fındıq yağırlar. Orada əri ilə mübahisəsi düşmüş, Bəylər onu nalayiq ifadələr ilə təhqir etmiş, sağ qolundan tutub sıxıb itələmişdir. Sonra oradan çıxıb getmişdir. Fındıq sahəsini yığmaq üçün fəhlə gətirərək bağ sahəsini yığdırmaq qərarına gəlmiş, belə olub 21.08.2021-ci il tarixdə Ağdaş rayon sakinlərini həmin bağ sahəsinə gətirmişdir. Onlar səhər saat 07:30 radələrində gələrək fəhlələri və onu nalayiq ifadələr ilə təhqir etmişlər. Bəylər fəhlələrin əlindəki torbanı götürərək yerə boşaltmış, daha sonra onun üzərinə gələrək əli başına, bədəninə, sağ böyür nahiyyəsinə təpik ilə zərbə vurmuşdur. O isə qaçmış, oradakı fəhlələr də Bəylərin üzərinə gəlməsinə imkan verməmişlər. Daha sonra oğlu Vüsala bu barədə məlumat vermiş və Vüsal gələrək 102 xidmətinə zəng etmişdir. Mübahisə təxminən 5-10 dəqiqə davam etmiş, mübahisə zamanı Səhiyyə və Bəyləri vurmamış, oğlu Vüsal gəldikdən sonra Bəylər ilə mübahisə etməmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs cəzalandırılmasını məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X2 canlı şəxsin ekspertizasının 25.08.2021-ci il tarixli 405 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ dirsək oynağının iç səthinin qançırı və sağ baldırın bayır orta 1/3-nin sıyrığı kimi xəsarəti vardır. Qeyd olunan xəsarətlər küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə, yəni 18 avqust 2021-ci ildə törənə bilər. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 09 sentyabr 2021-ci il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə toplanmış HK-1/1043 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmaları üçün qərarın surəti Qəbələ RPŞ-nin İTB-yə göndərilmişdir. Məhkəmə baxışı zamanı iş materiallarına əlavə edilmiş “Elektron sistem”dən çıxarışdan görünür ki, Şəxs İ qrup əlildir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 32.1-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs birinci qrup əlil olmasını məhkəmə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hall hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, eləcə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1-ci maddəsini nəzərə almaqla hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar