Məhkəmə qərarları › İş №3(025)-482/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-482/2021

30.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-482/2021 30.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis leytenantı X3, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə Şəxs - 1993-cü il yanvarın 10-da Qəbələ rayonu Laza kəndində doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Qəbələ rayonu Mıxlıqovaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 30 sentyabr 2021-ci il tarixdə Qəbələ rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs 30.09.2021-ci il tarixdə saat təxminən 11:40 radələrində Qəbələ rayon Polis şöbəsində polis əməkdaşlarının qanuni göstərişlərini icra etməyərək qəsdən tabesizlik göstərmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXMnin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 30 sentyabr 2021-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis leytenantı X5 göstərdi ki, Şəxs 30.09.2021-ci il tarixdə saat təxminən 11:40 radələrində Qəbələ rayon Polis şöbəsində polis əməkdaşlarının qanuni göstərişlərini icra etməyərək qəsdən tabesizlik göstərmişdir. Həmin şəxsin barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, təxminən avqust ayının əvvəllərində ona məxsus **-OK-*** dövlət qeydiyyat nişanlı “Vaz 2107” markalı avtomobili özü yaylaqda olduğu üçün qardaşı idarə edirmiş. Qardaşı həmin avtomobili etibarnamə olmadan idarə etmişdir. Həmin vaxtı polis əməkdaşları qardaşına yaxınlaşıb deyiblər ki, həmin maşının üzərində ödənilməyən cərimələr var, maşın duracağa getməlidir. Beləliklə polis əməkdaşları avtomobili Qəbələ RPŞ-yə gətirərək duracağa yerləşdirmişlər. Bu hadisədən təxminən 13-14 gün əvvəl polis əməkdaşları onu saxlamışla və ona maşınının üzərində ödəmməmiş cərimələr olduğunu bildirmişlər. O da həmin polis əməkdaşlarına pul vermiş ki, avtomobili duracağa yerləşdirməsinlər. O pulu verdikdən sonra avtomobilə minib getmişdir. O, maşınının üzərində olan cərimənin bir qismini tapdığı üçün 30.09.2021-ci il tarixdə Qəbələ rayon Polis şöbəsinə yaxınlaşmaşdır. Qəbələ RPŞ-nin DYPBnin Fərhad adlı əməkdaşının yanına yaxınlaşmışdır. O isə bildirmişdir ki, cərimələri çox olduğu üçün maşının üzərindən inzibati həbsi götürə bilməyəcəkdir. Bunun üçün DYPB-nin rəisi Aydın Heydərova yaxınlaşmağı bildirmişdir. Lakin rəis otaqda olmadığı üçün onu yarım saat gözləmişdir. X8 gəlmiş və onun qəbuluna girmişdir. Aydın Heydərova 1500 manat cəriməsi olduğunu, hal-hazırda 1300 manatı ödəyə bildiyini bildirmiş və avtomobilini buraxmağı xahiş etmişdir. Həmçinin qalan cərimə borcunu 1 ay ərzində ödəyəcəyini bildirmişdir. Aydın Heydərov isə bununla razılaşmamışdır. Belə olub Aydın Heydərova əvvəl ona verdiyi 100 manatı qaytarmağı və həmin pulu cərimə borcuna ödəyəcəyini bildirmişdir. Bu zaman Aydın Heydərov rəisə yaraşmayan hərəkət edərək ona söyüş qoymuşdur. Bu zaman Aydın Heydərova “ağzının danışığını bil” demiş və onu otaqdan çıxartmışlar. O, polis işçilərinə heç bir müqavimət göstərməmişdir. Sadəcə olaraq haqqını tələb etdiyi və düzgün danışdığı üçün ona qarşı oyun oynamışlar. Əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürsounun vəkili X2 çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi yoxdur və bu səbəbdən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ DYPB-nin YPXİ-nin polis baş serjantı Novruzov Əhliman oğlu izahatında bildirmişdir ki, 21.08.2021-ci il tarixdə saat təxminən 11:00 radələrində Qəbələ şəhər H.Əliyev pr-də Kia markalı **-YP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla YPXİ-ru polis leytenantı Asif Əliyarovla xidmətdə olduqları zaman “Vaz 21074” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomaşında konstruksiya dəyişikliyi olduğu üçün nəqliyyat vasitəsi saxlanılmış və araşdırma zamanı müəyyən olunmuşdur ki, sürücü avtomaşını etibarnamə olmadan olmadan idarə edir və avtomaşının üzərində 3 aydan çox ödənilməyən cərimə var. Sürücü Şəxs barəsində AR İXM-nin 332.1 və 342.2.3-cü maddəsi ilə İXP ******* saylı inzibati protokol tərtib edilmiş və avtomobil Qəbələ RPŞ-nin mühafizə olunan duracağına yerləşdirilmişdir. Həmin hadəsidən 1 aydan çox vaxt keçməsindən sonra, yəni 30.09.2021-ci il tarixdə “Vaz 2107” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Şəxs qardaşı Şəxs Qəbələ RPŞ-nin inzibati binasına daxil olub DYPB-nin rəisi polis mayoru Aydın Heydərovun xidməti otağına gedərək ucadan səs-küy yaratmış qardaşı Vahidin avtomaşınını mühafizə olunan duracağdan buraxılmasını tələb etmişdir. Həmin vaxt o və DYPB-nin YPXBİ polis leytenantı Asif Əliyarov həmin şəxsin, yəni Tamerlanın yanına yaxınlaşmışlar və onu sakitləşdirmək istəyərək nə baş verməsini ondan öyrənmək istəmişlər. Lakin Tamerlan qəsdən onların qanuni tələblərinə tabe olmaq istəməmiş və hərəkətlərini davam etdirərək təkidlə avtomaşınının buraxılmasını tələb etmişdir. Əks halda isə DYPB əməkdaşları ilə daima mübahisə yaradacağını və onların xidməti fəaliyyətinə maneəçilik törədəcəyini bildirilmişdir. Tamerlanın qərəzli və qəsdən etdiyi hərəkətlərinin qarşısını almaq üçün ona təkrar sakitləşdirməyə çalışmışlar və nizam intizama dəvət etmişlər. Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmamış və hərəkətlərini davam etmişdir. Buna görə də onlar həmin şəxsu qanuna müvafiq qaydada sakitləşdirmişlər və barəsində qanuni tədbir görülməsi üçün şöbənin Növbətçi Hissəsinə təhvil vermişlər. - İş materiallarında olan Sərxoşluq vəziyyətinin tibbi müayinənin 30 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs sərxoşluq vəziyyəti yoxlanılmış, sonuncunun spirtli içki qəbul etmədiyi məlum olmuşdur. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXMin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. İctimai qayda dedikdə dövlət orqanları və qeyri-hökümət təşkilatlarının fəaliyyəti, əhalinin əməyi və istirahəti üçün normal şəraitin və ictimai həyatın əmin-amanlıq vəziyyətinin təmin edilməsi məqsədi daşıyan, ictimai yerlərdə insanların ünsiyyəti prosesində yaranan, cəmiyyətin tələbatı ilə şərtləndirilən və sosial normalarla tənzimlənən ictiami münasibətlər sistemi kimi başa düşülür. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas vermir. Ona görə də məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokoldan və məhkəmə iclasında araşdırılan sübutlardan göründüyü kimi Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi hallar mövcud deyil və bu hallar öz təsdiqini tapmadı. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi Şəxs üzərinə düşmədiyindən və məhkəməyə Şəxs polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, hazırki protokol əsasında Şəxs oğku İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. İş materiallarından, barəsində inzibati icraat aparılan şəxsin izahatından görünür ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması kimi hərəkətlər etməmişdir. İşdəki materiallarla isə onun İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi sübut olunmur. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, şəxsin inzibati xətaların törədilməsində təqsirli hesab edilməsi üçün ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl mövcud olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması kimi hərəkətlər edilmədiyindən onun İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Bu səbəbdən Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Odur ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,105,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar