Məhkəmə qərarları › İş №3(025)-484/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-484/2022

14.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-484/2022 14.11.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X3, Müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs - 1985-ci il fevralın 05-də Bakı şəhəri Nizami rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Qəbələ rayon X9 Sağlamlıq mərkəzində stomatoloq işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 14 noyabr 2022-ci il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X8 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs vuraraq ona sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 14 noyabr 2022-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X8 göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs vuraraq ona sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, ali təhsilli həkimdir. 2008-ci ildə universiteti, 2010-cu ildə isə internatura kursunu başa vurub Qəbələyə gəlmişdir. O, Bakı şəhər sakinidir. Ona bir pasiyent müraciət etmiş və həmin pasiyent həkim yoldaşlarının qızı olmuşdur. Rentgen çəkmək istəmiş, həmişə başqa yoldaşa göndərirmiş. O yoldaş həmin gün olmadığından məcbur Xalis həkimin otağına göndərmişdir. Koridorda səs eşitmiş, xəstəni otağa qaytarmış və özü otağa yaxınlaşmış ki, görsün nə məsələdir. Səxavət həkimin otağı kolidorun digər başındadır, rentgen otağı onun otağına yaxındır. Ondan üç otaq sonra rentgen otağıdır. Rentgen otağının qapısı açıq imiş, yaxınlaşanda səs eşitmiş və görmüş ki, Səxavət Xalisin yaxasından tutub. O da Səxavətin xasiyyətinə bələd imiş, belə ki, onunla eyni otaqda işləmişdir. Onlara yaxınlaşmış, ancaq məsələnin nədən ibarət olduğunu bilmirmiş. Səxavət həkim dəfələrlə çox adamlara hücum etmişdir. Xalisin otağı kolidorun tin hissəsində yerləşir, adam yox imiş. O görəndə Səxavət həkim Xalisin xalatının yaxasından tutub, söyüş söyürmüş. Səxavət Xalisi çox nalayiq ifadələrlə söyürmüş. Səxavət həkimlə danışmır və buna səbəb ona iki-üç dəfə hücum edib, kollektiv içində təhqir etməsi olmuşdur. Onların arasına keçmiş, lakin sənlik iş yoxdur deyə Səxavət həkim onu itələmişdir. Yenə də onları aralamaq istəmişdir. Daha sonra Səxavət həkim ümumiyətlə sən nə itəyirsən deyib onun yaxasından tutmuşdur. Yenə də əli ilə itələmiş, axırının dava olmasını hiss etmişdir. Bu vaxtı Səxavət həkim pis-pis söyüş söyməyə başlamışdır. Səxavət həkimə “ağzına gələni danışma” deyə irad bildirəndə, bu vaxt ona yumruq atmışdır. Onun idmançı dərəcəsi var və Bakı şəhəri Nizami rayonu üzrə 3-cü yer tutmuşdur. Onun Səxavət həkimi döymək niyyəti olmamışdır. Səxavət həkim onu vurmuş və qarşılıqlı olaraq o da onu vurmuşdur. Səxavət həkim otaqdan çıxandan sonra da xalatını cırmışdır. O da tez otağına girmiş, xalatımı dəyişib xəstəsi ilə məşğul olmuşdur. Daha sonra Səxavət həkim onun otağına girmiş, tibb bacısının yanında divara nəsə iti alətlə açar idi, ya nə idi dəqiq xatırlamadığı nə iləsə vurub onunla hesablaşacağını bildirmişdir. 15 dəqiqə sonra da Polis şöbəsindən zəng gəlmiş, o da sonradan şikayət etmişdir. Söyülən də, təhqir olunan da, döyülən də o olmuşdur. O, sadəcə haqlı olaraq, özünü müdafiə etmişdir. Onun Səxavətlə heç vaxt heç bir ədavəti olmamış, rentgen məsələsindən də məlumatsız olmuşdur. Həkim kimi əməlindən peşmandır və barışığa da razıdır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil Şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Qəbələ RMX ailə sağlamlıq mərkəzində stomatoloq vəzifəsində işləyir. 17 sentyabr 2022-ci il tarixdə həmkarı Şəxs tərəfindən həm döyülmüş, həm də söyülmüşdür. Belə ki, səhər saat 09:30 radələrində tanımadığı bir xəstə qapənı açaraq “bunu sən etmisən, düzəltmisən deyə” üstünə rentgen plyonkasını atmışdır. Xəstədən harada rentgen etdiyini soruşduqda hal-hazırda stomatoloji bölmədə fəaliyyət göstərən Xalisin etdiyini demişdir. O isə məsələni aydınlaşdırmaq üçün Xalisin otağına tərəf getmişdir. Dəhlizə çıxdıqda Xalisin dəhlizdə sanki onu gözləyircəsinə “ə bu nə dişdi düzəldirsən” deyə atmacalı sözləri ilə qarşılaşmışdır. Atmacalı danışığa məhəl qoymayaraq həkimlik etikasını gözləyərək ondan bu məsələni araşdırmaq üçün otağında söhbəti davam etdirməyi xahiş etmişdir. Xalis onu otağına keçirdərək “ 1 dəqiqə gözlə, gəlirəm” demişdir. Daha sonra Xalis Vüsalı çağırmışdır və məqsədi Vüsalın ona kömək göstərmək istəməsi olmuşdur. Xalis otağa daxil olmuş və onlar söhbət etməyə başlamışlar. O, Xalisə etdiyi hərəkətin səhv olduğunu izah etməyə çalışarkən otağa Şəxs daxil olmuş və sinəsinə toxunaraq “nə deyirsən əəə...” deyə onu itələmişdir. Bura yeri deyil deməsinə baxmayaraq sifətinə əli ilə zərbə endirmişdir. O, bir neçə saniyə, huşu ayılana qədər otaqdan çıxa bilməmişdir. Otaqdan çıxmaq istəyərkən Şəxs xalatından yapışaraq onu otağa çəkmiş, “çoxdandı çənəni çıxarmaq istəyirdim” deyərək sifətinə vurmuşdur. Onun dalaşmaq məqsədi olmamışdır, 5 il stabil şəkildə boksla məşğul olmuşdur, istəsə Şəxsla dalaşa bilərmiş. Davadan yayınmaq üçün otaqdan qaçmağa can atmış, ancaq Xalis arxadan əllərini tutduğu üçün Vüsalın çoxsaylı yumruq və təpik zərbələrindən qismən yayına bilmişdir. Hadisə zamanı Şəxs onun baş nahiyyəsindən, sinə nahiyyəsindən, sağ qol nahiyyəsindən, sağ göz nahiyyəsindən bir neçə dəfə yumruqla zərbə endirmişdir. O, Şəxs vurmamış, sadəcə olaraq itələmişdir. Hadisə zamanı kolidorun bir başı Vüsala tərəf adamlar olmuş, bir tərəfində isə təxminən 10 nəfər tamam başqa adamlar olmuşdur. O, Şəxs işçilərin yanında ondan üzr istəməsini və halda barışığa gedəcəyini bildirmişdir. Şəxs isə ondan üzr istəməmişdir. Şəxs barəsində ən sərt cəza tətbiq olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, o, xəstəxanada rentgen texniki işləyir. Onun işi dişi snimka eləmək, sınıqdırsa, sınığı rentgen eləməkdən ibarətdir. Bundan sonra da xəstəni həkiminin yanına göndərir. Onun konsultasiya vermək ixtiyarı yoxdur. Hadisədən bir gün qabaq saat 4 radələrində otaqda oturmuşdur. Bir qadın yanında 10-11 yaşında oğlan uşağı ilə birlikdə otağına daxil olmuşdur. Onları Şənlik həkimin göndərdiyini, bu uşağın dişini snimka eləmək lazım olduğunu demişdir. O da snimka eləmiş, sonra da Şənlik həkimin yanına göndərmişdir. Qadından bircə onu soruşmuş ki, “bu dişi müalicə elətmisi?”. Qadın isə müalicə elətdiyini və niyə görə soruşduğunu bilmək istəmişdir. O isə “get həkiminizin yanına, özü deyəcək” deyə bildirmişdir. Onlar da Şənlik həkimin yanına gediblər və həkim snimkaya baxıb görüb ki, diş bir dəfə yarımçıq müalicə olunub. O da xəstəyə deyib ki, heç kimin yarımçıq işini görmür. Həmçinin deyib ki, səhər gəlin, həkiminiz bugün burda yoxdusa, sabah olacaq, gedin müalicə elədin. Həmin xəstə də sabahı günü gedib Səxavət həkimin yanına, o da snimkanı görüb elə bilib ki, o demişdir. Belə olub onun yanına gəlib onu təhqir eləməyə başlamış, söyüş söymüşdür. Demişdir ki, xəstəyə guya o başa salmışdır ki, dişini yarımçıq müalicə etmişdir. Həmin vaxt qapıda xəstə olmuş, xəstə həkimlər dalaşırlar deyə qışqırmağa başlamışdır. Ondan sonra Vüsal müdaxilə eləmiş və görmüş ki, Səxavət onu təhqir eləyir. Vüsal xəstədən ayıb olduğunu, aralaşmağı bildirmişdir. Səxavət onu nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Onun yaxasından tutub boğmuş, əl-qol atmışdır. Vüsal həkim gəlib onları ayırmağa çalışmışdır. Səxavət isə sonra başlamış Vüsal həkimi təhqir eləməyə və sonra Vüsala yumruq atmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərdi ki, Qəbələ poliklinikasının Stomotologiya şöbəsində həkim stomatoloq işləyir. Hər ikisi şəxsi tanıyır, lakin son vaxtlar Səxavət həkimlə danışmır. Buna səbəb isə Səxavət həkimin iki dəfə onu təhqir etməsi, bir dəfə də yalandan üzünə şahid durması olmuşdur. Ondan sonrakı otaqda dalaşmışlar, o gəlib ayıb olduğunu, dalaşmamaqlarını demişdir. O otağa daxil olanda bunlar bir-birlərini vururmuşlar və Səxavət öldürməklə hədələmişdir. O otağa daxil olanda Şənlik həkim də gəlmişdir. Bundan sonra Səxavət həkim telefonla 102 xidmətinə zəng vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, həkim stomatoloqdur. O, heç kimin yanına xəstə göndərməmiş, belə ki onun özünə aid iş prinsipi var. Hər bir xəstəni qəbul edəndə və yola salanda otaqdan çıxır. Bir xəstəni yola salanda bir xanım yanında uşaqla müraciət etmiş ki, uşağın dişini 3 ay qabaq bir həkim müalicə etmiş və əlində də rentgen snimkası olmuşdur. Həkimin adının da İsmayıl həkim olduğunu demişdir. O da İsmayıl həkimin otağında olduğunu demişdir. Həmin xanım ona “bu snimkaya baxıb mənə bir rəy verə bilərsinizmi?” deyə bildirmiş, o isə müalicə həkimlərinin otağında olduğunu, ona yaxınlaşmaqlarını bildirmişdir. Onda xanım ona demiş ki, “rentgen həkimi deyir ki, bu dişin kanalı tam dolmayıb, müalicə yarımçıq gedib”. Orada Səxavət həkimin adı çəkilməmişdir. Rentgen həkiminin nəinki demək, həmçinin yazılı formada diaqnozu yazmaq hüququ da var. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X2 canlı şəxsin ekspertizasının xx.xx.2022-ci il tarixli 543 nömrəli rəyindən görünür ki, Şəxs bədəni üzərində üzün sol almaçıq nahiyyəsinin, döş qəfəsinin sol körpüçüküstü nahiyyəsinin, sol çiyinin üst səthinin qançırı və sağ əlin v barmağının üst səthinin sıyrığı kimi xəsarəti vardır. Qeyd olunan xəsarətlər küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə, yəni 17 sentyabr 2022-ci ildə törənə bilər. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X2 canlı şəxsin ekspertizasının xx.xx.2022-ci il tarixli 546 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində sol çiyinin ön səthinin qançırı küt alətin (əşyaların) təsirindən müayinə olunan vaxtdan 3-4 (üç-dörd) gün əvvəl törənə bilər. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X2 canlı şəxsin ekspertizasının xx.xx.2022-ci il tarixli 542 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində alt dodağın sol tərəfində selikli qişaya qansızma, üzün sağ almaçıq nahiyyəsinin, sol kürək nahiyyəsinin, döş qəfəsinin sağ ön qoltuqaltı hissəsinin, sol bazunun bayır aşağı 1/3-nin, sol baldırın bayır orta 1/3-nin, sağ budun ön aşağı 1/3-nin, qançırı, sol saidin içəri və bayır aşağı 1/3-nin, sağ dirsək oynağının bayır tərəfinin sıyrığı kimi xəsarəti vardır. Qeyd olunan xəsarətlər küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə, yəni 17 sentyabr 2022-ci ildə törənə bilər. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 24 oktyabr 2022-ci il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə toplanmış HK-1/1440, 1442, 1456 saylı materiallar üzrə cinayət işinin başlanması rədd edilərək Zərərçəkmiş şəxs və Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmaları üçün qərarın surəti Qəbələ RPŞ-nin İTB-yə göndərilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXMin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri aşkar edilmədiyindən, eyni zamanda inzibati xəta haqqında işdə Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətləri olduğundan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, toplanmış materiallar isə araşdırma aparmaq üçün prokurora göndərilməlidir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs hərəkətlərinə hüquqi qiymət verərkən ilk olaraq onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda əksini tapan inzibati xəta ilə bağlı məsələyə münasibət bildirir. Belə ki, Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi Azərbaycan Respublikası İXMin 157-ci maddəsi qəsdən fiziki ağrı yetirmədə ifadə olunur. Hazırki halda Şəxs hərəkətlərində həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapsa da, eyni zamanda onun hərəkətlərində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər də müəyyən edilmişdir. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs ictima yerdə (xəstəxanada) Zərərçəkmiş şəxs döymüş, nəticədə öz əməlləri ilə işlədiyi xəstəxananın normal iş rejimini pozmuş, xəstəxanada işləyən digər işçilərdə qorxu və narahatçılıq hissi yaratmış, nəticə də digər həkimlər də onları ayırmağa gəlmişlər. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olmaması, onun əməlində cinayət tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə inzibati xəta haqqında işdə xuliqanlıq cinayətinin əlamətləri olduğundan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə toplanmış materialların prokurora göndərilməli olduğu ilə bağlı aşağıdakıları qeyd edir. Toplanmış materiallardan və inzibati icraat iştirakçıların məhkəmə iclasında vermiş olduqları izahatlarından məlum olur ki, Şəxs Zərərçəkmiş şəxs döyməsi, nəticədə idarənin fəaliyyətinin pozulması Şəxs əməlində cinayət tərkibinin olması istisna edilmir. Buna görə də məhkəmə, baş vermiş hadisəyə qiymət verərək Şəxs tərəfindən Azərbaycan Respublikası CMnin 221-ci maddəsində nəzərdə tutulan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edilməsinin istisna olunmadığı qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, Xuliqanlıq öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, «aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir.» Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.» Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Hazırki işdən görünür ki, Şəxs öz əməlləri ilə işlədiyi xəstəxananın normal iş rejimini pozmuş, xəstəxanada işləyən digər işçilərdə qorxu və narahatçılıq hissi yaratmış, nəticə də digər həkimlər də onları ayırmağa gəlmişlər. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.» Məhkəmə iclasında araşdırılan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində xuliqanlıq cinayətinin əlamətləri vardır. Məhkəmə onu da qeyd edir ki, material Qəbələ rayon Polis şöbəsinə 17 sentyabr 2022-ci il tarixində daxil olmasına baxmayaraq, 24 oktyabr 2022-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Kifayət qədər vaxt olmasına baxmayaraq, iş üzrə ətraflı araşdırma aparılmamış, hadisəni görən şahidlər hamısı dindirilməmiş, Zərərçəkmiş şəxsla Şəxs arasında intiqam hissinin olması kifayət qədər araşdırılmamış, bir sözlə səthi araşdırma aparılaraq, Şəxs hərəkətlərində döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə kimi hallar olmadan əsassız olaraq barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Bundan əlavə təhqiqatçı “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarda hər hansı əmlakın zədələnməsə və ya məhv edilməsi halı baş vermədiyindən xuliqanlıq cinayətinin tərkibinin olmaması qənaətinə gəlmişdir. Lakin CM-nin 221-ci maddəsinin tərkibinin yaranması üçün ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edilməsinin də xuliqanlıq cinayətinin tərkibinin yaranmasına münasibət bildirməmişdir. Həmin qərarda bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər edilmədiyi göstərilsə də, Şəxs öz əməlləri ilə işlədiyi xəstəxananın normal iş rejimini pozması, xəstəxanada işləyən digər işçilərdə qorxu və narahatçılıq hissi yaratması, nəticədə ictimai qaydanın kobud surətdə pozulması ilə nəticələnən hərəkətlərə yol vermiş olması təhqiqatçı tərəfindən araşdırılmamışdır. Eyni zamanda Zərərçəkmiş şəxs məhkəmə zamanı ifadəsində hadisə zamanı xəstəxanada xeyli sayda adamların olduğunu bildirmiş, bu hal da təhqiqatçı tərəfindən kifayət qədər araşdırılmamışdır. Bundan əlavə qərarda mübahisənin şəxsi münasibətlər zəminində intiqam hissi əsasında baş verdiyi göstərildə də, izahatları alınan şəxslərin ifadələri ilə və ya başqa formada bu hal sübut olunmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə kimi hərəkətlər edilsə də, onun əməlində xuliqanlıq cinayətinin əlamətləri olduğundan, onun İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Bu səbəbdən Şəxsunun hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Lakin onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olduğundan, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, material yenidən araşdırılması üçün prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 114.2, 114.2.3 maddəslərinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə; inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.2.3, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri aşkar edilmədiyindən, MN ******* nömrəli, 14 noyabr 2022-ci il tarixli İnzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati xəta haqqında işdə cinayətin əlamətləri olduğundan, iş üzrə materiallar Qəbələ rayon prokuroruna göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar