Məhkəmə qərarları › İş №3(025)-489/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-489/2025

26.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-489/2025 26.09.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X2, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən Vəkil, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə 1972-ci il fevralın 28-də Qəbələ rayonu Zirik kəndində doğulmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu Zirik kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 26 sentyabr 2025-ci il tarixdə Qəbələ RPŞ İTB-nin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X5 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində yerləşən küçədə xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cı maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli 26 sentyabr 2025-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X5 göstərdi ki, X3 və X4 Qəbələ rayon Polis şöbəsinə müraciət edərək, Şəxs və Eyvaz Qocayevin onları söydüklərini, həmçinin onlara məxsus bağ sahəsinə girmək istədiklərini bildirmişlər. Ümumiyyətlə Şəxs və X12 qəsəbəsində bütün vətəndaşları incidirlər. xx.xx.2025-ci il tarixdə də Nic qəsəbə sakinlərinə qarşı nalayiq ifadələr işlətmişdir. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə o, maddi vəziyyəti aşağı olduğu üçün Qəbələ rayon Nic qəsəbəsinə X7 ilə birlikdə fındıq yığmağa getmişlər. Həmin gün saat 12 radələrində bağ sahəsinə keçmək istəyərkən Nic qəsəbə sakini adını bilmədiyi şəxs ona məxsus olduğunu bildirmiş və bağa girməyə icazə verməmişdir. Bu zaman yanında olan Eyvaz Qocayev ağzında sakitcə yaşayışından gileylənmiş, yaşadığı həyat tərzini söymüşdür. Lakin o özü heç kimi söyməmiş və təhqir etməmişdir. Maddi imkanları aşağı olduğu üçün artıq fındıq yığılmış bağ sahələrindən fındığın altında qalmış fındıqları yığıb sataraq belə dolanırlar. Heç kəsə qarşı xuliqanlıq etməmiş, heç kəsi söyməmiş və ictimai qaydanı pozmamışdır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Qəbələ rayonu Zirik kəndində yaşayır. Yoldaşı dializ xəstəliyindən rəhmətə getmişdir. Neçə ildir ki, evində işıq yoxdur. Maddi imkanı çox aşağıdır. O, Nic qəsəbəsində həmişə hamı öz bağının fındığın yığandan sonra yerdə tək-tük qalan fındıqları yığırlar. O, həmin gün ancaq öz yaşayışından gileylənmiş, öz həyatını söymüşdür. Bunu da kiminsə eşidə biləcəyinə inanmır. Lakin Nic qəsəbə sakinlərini söyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Nic qəsəbəsində ona məxsus 2 ha torpaq sahəsi vardır. xx.xx.2025-ci il tarixdə o, öz bağ sahəsində fındıq meyvəsi yığan zaman Qəbələ rayon Zirik kənd sakinləri Şəxs və X1 bağının kənarında yolda onun bağ sahəsinə keçmək istəmişlər. Vilyam buna icazə verməsə də, onlar Vilyamla əsassız mübahisə etmişdir. O, səs-küy eşidərək oraya gəlmişdir. Onlar iradlarına baxmayaq Vilyama məxsus bağ sahəsinə girmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Qəbələ rayonu Nic qəsəbəsində Dəlləkli məhləsində 0,96 ha torpaq sahəsi var. xx.xx.2025-ci il tarixdə o, öz bağ sahəsində fındıq meyvəsi yığan vaxt Qəbələ rayon Zirik kənd sakinləri Şəxs və X8 ona məxsus bağ sahəsinin kənarında yolda durub bağa keçmək istəyərkən onlara irad bildirmişdir. Bu zaman onlar, eləcə də orada olan digər şəxslər səs küy salmış bağda olan fındıq ağaclarından məhsul yığmaq istədiklərini bildirmişlər. Onlara polisə məlumat verəcəyini bildirsə də, buna məhəl qoymayaraq bağlarına keçmişlər. Onlarla söhbət aparsalar da, nəticəsi olmamışdır. Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs oğlunun hərəkətlərində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi həmin Məcəllənin 38-ci fəslinə, yəni ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyət əleyhinə olan inzibati xətalara daxil edilmişdir. İctimai qayda dedikdə dövlət orqanları və qeyri-hökümət təşkilatlarının fəaliyyəti, əhalinin əməyi və istirahəti üçün normal şəraitin və ictimai həyatın əmin-amanlıq vəziyyətinin təmin edilməsi məqsədi daşıyan, ictimai yerlərdə insanların ünsiyyəti prosesində yaranan, cəmiyyətin tələbatı ilə şərtləndirilən və sosial normalarla tənzimlənən ictiami münasibətlər sistemi kimi başa düşülür. Göründüyü kimi İXM-nin 510-cu maddəsi ilə məsuliyyətin yaranması üçün təqsirli şəxsin əməlində xırda xuliqanlıq hərəkətləri olmalıdır. Xırda xuliqanlıq isə ictimai qaydaya qəsd edən inzibati xətadır. O, təqsirli şəxsin mədəniyyət və dünyagörüşü səviyyəsinin aşağı olmasını, onun təkəbbürlüyünü, özündən razı olmasını, onu əhatə edən insanların maraqlarına laqeydliyini və əxlaq qaydalarına məhəl qoyulmamasını sübut edir. Bu inzibati xətanın obyekti ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat sahələrində yarana ictimai münasibətlərdir. Xətanın bilavəsitə obyekti isə vətəndaşların ictimai yerlərdə olması ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Bu xətaların törədilməsi zamanı, hər bir halda, ictimai qaydaya, vətəndaşların şərəf və ləyaqətinə, onların normal iş şəraitinə, istirahətinə, hüquq və qanuni maraqlarına ziyan vurulur. Obyektiv cəhətdən xırda xuliqanlıq ictimai qaydanı pozan hərəkətlərlə törədilir. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində həmin halların, yəni ictimai qaydanın pozulmasının mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmadı. Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol, onun Qəbələ rayonu, Nic qəsəbəsində ictimai qaydanı pozaraq xırda xuliqanlıq törətməsi iddiasına əsaslanır. Lakin, məhkəmə hesab edir ki, bu inzibati ittiham özünün obyektiv təsdiqini tapmamışdır və Şəxs hərəkətlərində xırda xuliqanlıq tərkibinin mövcudluğu sübuta yetirilməmişdir. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə, xırda xuliqanlıq, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdir. Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulan xuliqanlıq cinayətindən fərqli olaraq, xırda xuliqanlıq daha aşağı ictimai təhlükəlilik dərəcəsi ilə səciyyələnir. Lakin hər iki halda, əməlin tövsifi üçün fundamental şərt – ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik niyyətinin mövcud olmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, 1 saylı Qərarının 3-cü bəndində aydın şəkildə izah edilmişdir ki, “ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən... şəxsi münasibətlər zəminində... törədilən... hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir”. Həmin yanaşma, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli Qərarında da öz əksini tapmışdır. Həmin qərarlarda formalaşdırılmış hüquqi mövqeyə görə, təqsirkarın niyyəti (mens rea) konkret şəxsə qarşı deyil, məhz ictimai asayişə və cəmiyyətdə qəbul olunmuş davranış normalarına qarşı yönəlməlidir. Hazırkı işin materialları və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs ilə X4 və X3 arasında yaranmış mübahisənin mənbəyi ictimai qaydanı pozmaq və ya cəmiyyətə hörmətsizlik nümayiş etdirmək niyyəti olmamışdır. Münaqişə, Şəxs sonunculara məxsus bağ sahəsindən fındıq yığmaq istəməsi ilə konkret şəxsi münasibətlər zəminində yaranmışdır. Şəxs nalayiq ifadələr işlədilməsi barədə iddia, onun tərəfindən təkzib edilir. Əgər Şəxs nalayiq ifadə işlətsə belə, məhkəmə hər bir halda həmin təhqirin ictimai qaydanı pozmaq niyyəti ilə yox, şəxsi münasibətlər zəminində işlədilməsi qənaətindədir. Ona görə də məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokoldan və məhkəmə iclasında araşdırılan sübutlardan göründüyü kimi Şəxs hərəkətlərində ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər kimi hallar mövcud deyildir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, şəxsin inzibati xətaların törədilməsində təqsirli hesab edilməsi üçün ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl mövcud olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər kimi hərəkətlər edilmədiyindən onun İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Bu səbəbdən Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Odur ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,105,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar