Məhkəmə qərarları › İş №3(025)-49/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-49/2023

07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-49/2023 07.02.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı Orxan İsmayılovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1998-ci ildə Qəbələ rayonu, Laza kəndində anadan olmuş, Qəbələ rayonu, Laza kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Qəbələ rayonu, Laza kənd sakini Şəxs xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində Qəbələ şəhəri ərazisində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı Orxan İsmayılov Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı Orxan İsmayılovun izahatında bildirmişdir ki, Qəbələ rayonu, Laza kənd sakini Şəxs xx.xx.2022-ci il tarixdə Qəbələ şəhəri ərazisində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Qəbələ şəhər sakini X9 onun dostudur. xx.xx.2023-cü il tarixdə axşam saat 23 radələrindən onunla Zərifə Əliyeva parkındakı diskotekaya getmişlər. Orada pivə içmişlər. Kafedən çıxaraq evə getmək üçün Qəbələ şəhərinin mərkəzinə gəlirdilər. Sərxoş olduqları üçün Yusif ilə zarafatlaşmış, bir-birinə əl-qol atırdılar. Bu zaman onun əli Yusifin sol qaş nahiyyəsinə dəydi və onun qaşı qanadı. Daha sonra piyada Qəbələ şəhərinin mərkəzinə doğru gedirdilər. Antəp adlı kafenin qarşısında olan zaman 3 nəfər polis əməkdaşı onlara yaxınlaşmış, onlara “maşına oturun gedək” demişlər, o maşına oturmuş, lakin Yusif oturmadı, polis əməkdaşları onunla söhbət etdilər, sonra onu PPX maşınına mindirdlər, ayrı-ayrı maşınlarda polis şöbəsinə gətirdilər. Sonra onları şərxoşluq müayinəsindən keçirtdilər. Məhkəmə iclasında şahid X8 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində Qəbələ rayon polis şöbəsinin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili X5 ilə birlikdə xidməti ərazisində geçə gəzintidə olan zaman X14 yaxınlığında tanımadığı iki şəxsin küçənin ortasında ictimai yerdə bir-biri ilə mübahisə edərək dalaşdıqlarını görüb onlara yaxınlaşıb özlərini təqdim edərək nəyə görə mübahisə edib dalaşdığını soruşanda “mən qaziyəm özümüz bilərik dalaşarkən vurmuşam öz işimdi” demişdir. Onlar həmin şəxslərə törətdiyi əməlin hüquq pozuntusu olmasını, hərəkətlərinə son qoymasını bildirərək, onu nizam-intizama dəvət edərək sakitləşdirməyə çalışdılar, lakin həmin şəxslər qəsdən qanuni tələblərinə tabe olmayaraq, hərəkətlərini davam etdirdi. Adı qeyd olunan şəxsləri təkrar, bir neçə dəfə nizam-intizama dəvət edərək onları sakitləşdirməyə çalışdılar, lakin səyləri nəticə vermədi. Hadisə yerinə İstintaq-Əməliyyat Qrupunun üzvləri gəldi və onların köməkliyi ilə Şəxs barəsində qanuni tədbir görülməsi üçün Qəbələ RPŞ-yə gətirmişlər. Məhkəmə iclasında şahid X5 şahid X6 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında müdafiəçi X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs daha yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə Şəxs törətdiyi əməli etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X7 məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Qəbələ rayon vəkil bürosunun vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, lal, kar, kor, fiziki və ya psixi qüsurlarına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. 66.3-cü maddəsinə əsasən, maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Qəbələ rayon Vəkil Bürosunun vəkili X3 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə baxışı dövründə hüquqlarını 2,5 saat müddətində müdafiə etmişdir. Odur ki, Şəxs göstərilmiş 2,5 saat hüquqi xidmətə görə vəkil X2 15 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Şəxs göstərilmiş 2,5 saat hüquqi xidmətə görə vəkil X2 15 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbəblə Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar