Məhkəmə qərarları › İş №3(025)-49/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-49/2024

31.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-49/2024 31.01.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X1, Müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs - 1987-ci il fevralın 02-də Qəbələ rayonu Zarağan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Qəbələ rayonu Zarağan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 31 yanvar 2024-cü il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X2 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokollar və onlara əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə yaşadıqları ünvanda arvadı Zərərçəkmiş şəxs döyərək ona fiziki ağrı yetirmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 31 yanvar 2024-cü il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X2 göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə yaşadıqları ünvanda arvadı Zərərçəkmiş şəxs döyərək ona fiziki ağrı yetirmişdir. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bundan əlavə 2023-cü ildə də Şəxs arvadı Məlyekə Əliyevanı döymüş, məhkəmə tərəfindən həm cərimə, həm də həbs olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Onların birgə nigahdan iki uşaqlar olmuş, Zərərçəkmiş şəxs ilə ailə həyatı qurduğu vaxtdan müxtəlif səbəblərdən onların arasında ailə münaqişləri baş vermişdir. O, hər gün evlərinin yanında yerləşən avtoyuma məntəqəsinə işə gedib axşam isə evə gəlmişdir. xx.xx.2024-ci il tarixdə işdən evə gəlmiş, həmin vaxt arvadı Məlyekə ona "evə nə qədər pul gətirmisən" demişdir. O isə ona pul olmadığını bildirmiş, bu zaman Məleykə evə 30 manat pul gətirməyini istəmişdir. O isə iş olmadığını, buna görə pulda olmadığını bildirmiş, lakin buna baxmayaraq Məleykə qışqırıb səs-küy salmağa və münaqişə yaratmağa başlamış, həmin vaxt onların arasında mübahisə baş vermişdir. Məleykə sobanın yanında olan dəmir götürüb onun başına zərbə ilə vurmuş, Zərbədən onun başı yarılmış və qan axmağa başlamışdır. O, evdən çölə çıxmış, bu zaman səs- küyə anası onun yanına gəlmişdir. O, Zərərçəkmiş şəxsı özünü müdafiət etmək üçün itələmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun əridir. Onun ilə 2015-ci ildə rəsmi nigah ilə ailə həyatı qurmuş, onların birgə nigahdan iki uşaqları olmuşdur. O, əvvəllər qayınanası və qayınatası ilə birlikdə yaşamış, lakin 10 aydır ki onları bir otaqlı ev tikib evdən çıxarmışlar. Şəxs ilə onlar arasında mütəmadi olaraq ailə daxili münaqişlər baş verir, buna səbəb isə Şəxs müətmadi olaraq səxroş halda evə gəlməsi, ailə üzvülərinin onların ailə işlərinə qarşıması olmuşdur. xx.xx.2024-cü il tarixdə uşaqları ilə evdə olmuş, Tehran isə avtoyuma məntəqəsində işdə olmuşdur. Axşam saatlarında Tehran evə gəlmiş, həmin vaxt Tehranın sərxoş halda olduğunu görmüşdür. Tehran ona qaz balonunu verməyini bildirmiş, o isə Tehrana "qaz balonunu anam doldurub gətirib sən balonu nə üçün başqasına vermək istəyirsən" demişdir. Bu zaman Tehran onu hədələmiş və evdən çıxıb getmişdir. Sonradan Tehran evə qayıtmış və o, Tehrana yemək vermiş, Tehran yemək yemişdir. Həmin vaxt azyaşlı oğlu yuxudan durmuş, ona yemək vermiş, Tehran həmin vaxt heç bir səbəb olmadan uşağı söymüşdür, sonra isə Tehran evə xalcanın üzərinə təbii ehtiyacını etmişdir. O, əyilib xalçanı götürmək istəyən zaman onun sacından tutub dartaraq yerə vurmuş, sonra isə yemək qazanı ilə başına zərbə vurmuş, o isə sobanın qarşısında olan dəmir maşanı götürüb bir dəfə Tehranın başına zərbə vurmuşdur. Tehran başını tutub soba tərəfə yıxılmışdır. Tehran onu dəfələrlə döymüş, onların əvvəllərdə məhkəmədə işləri olmuşdur. Tehran məhkəmə zamanı həm cərimə olunmuş, həm də həbs olunmuşdur. Lakin o, bundan nəticə çıxarmamışdır. Halhazırda Şəxs ilə barışmamış və onun cəzalandırılmasını xahiş edir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 20 yanvar 2024-cü il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə toplanmış HK-1/49 və HK- 1/51 nömrəli materiallar üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs və Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmaları üçün qərarın surəti Qəbələ RPŞ-nin İTB-yə göndərilmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 20 yanvar 2024-cü il tarixli qərarın surətindən görünür ki, araşdırma zamanı Şəxs və Zərərçəkmiş şəxs MTE və PAB-nin Qəbələ rayon şöbəsinə təqdim edilmiş, 18 saylı tibbi müayinə rəyinə əsasən Şəxs bədəni üzərində başın arxa ənsə sol və sağ təpə nahiyyələrinin səthi əzilmiş yaraları kimi xəsarəti olduğu və həmin xəsarət xx.xx.2024-ci il tarixə təsadüf etdiyini, qeyd olunan xəsarətlər ağlamlığa zərər vurmayan bədən xəsarətinə aid olduğu, 19 saylı tibbi müayinə rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində başın sağ və sol təpə nahiyyəsinin qançırı kimi xəsarəti olduğu və həmin xəsarət xx.xx.2024-ci il tarixə təsadüf etdiyini, qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aid olduğu bildirilmişdir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(025)- 92/2023 nömrəli qərarından görünür ki, Şəxs AR İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat cərimə edilmişdir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(025)- 522/2023 nömrəli qərarından görünür ki, Şəxs AR İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən olunmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların müəyyən edilməməsini, məsuliyyəti ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 31 yanvar 2024-cü il saat 12:00-dan hesablansın. Qərarın icrası Qəbələ rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar