Məhkəmə qərarları › İş №3(025)-490/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-490/2023

12.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-490/2023 12.09.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1977-ci ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ şəhəri, Axundov küçəsi ilə Cəfər Cabbarlı küçəsinin kəsişməsində sərxoş vəziyyətdə qəsdən ucadan arvadı Yasəmən Hüseynovanın ünvanına nalayiq ifadələr işlətməklə ictimai yerdə ictimai qaydanı pozmuş, xırda xuliqanlıq etmişdir. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, X4, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, X4 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ şəhəri, Axundov küçəsi ilə Cəfər Cabbarlı küçəsinin kəsişməsində sərxoş vəziyyətdə qəsdən ucadan arvadı Yasəmən Hüseynovanın ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Qəbələ şəhəri, Axundov küçəsi ilə Cəfər Cabbarlı küçəsinin kəsişməsində keçmiş həyat yoldaşı Yasəmən Hüseynovaya uca səslə nalayiq ifadələr işlətmişdir. Həmin vaxt içkili vəziyyətdə olmuşdur. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid X2 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18:45 radələrində Qəbələ şəhəri, Axundov küçəsi ilə Cəfər Cabbarlı küçəsinin kəsişməsində keçmiş əri Şəxs sərxoş vəziyyətdə küçədə uca səslə onun ünvanına daha sonra ünvansız nalayiq ifadələr işlətmişdir. Bu barədə polis orqanlarına şikayət etmişdir. Keçmiş əri Şəxs barəsində qanuni tədbirlər görülməyini xaiş etmişdir. Hal-hazırda Şəxs şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid Qəbələ RPŞ-nin polis serjantı X3 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə xidmətdə olarkən saat 18:45 radələrində Qəbələ şəhəri, Axundov küçəsi ilə Cəfər Cabbarlı küçəsinin kəsişməsində qadınla kişinin mübahisə etdiyini görmüşdür. Hadisə yerinə yaxınlaşaraq özünü təqdim etmişdir. Şəxs uca səslə keçmiş həyat yoldaşına qarşı ünvanlı-ünvansız ifadələr işlətdiyindən, arvadı X2 şikayətci olduğundan, Şəxs barədə növbətçi hissəyə məruzə edərək Polis şöbəsinə gətirmişdilər. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dair iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə olan 11 sentyabr 2023-cü il tarixli İnzibati qaydada tutma haqqında Protokoldan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Şəxs 11 sentyabr 2023-cü il saat 23:00-da İnzibati qaydada müvəqqəti saxlama otağına salınmış və 12 sentyabr 2023-cü il saat 14:00-da azad edilmişdir. İşdə olan 11 sentyabr 2023-cü il tarixli 282 №-li sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Şəxs orta dərəcədə sərxoşluq aşkar edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsində nəzərdə tutulmuş əməli törətməsi Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi, X4 tərəfindən tərtib edilmiş 12 sentyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolla, şahidlərin izahatları və digər iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə Şəxs törətdiyi əməldən peşiman olduğunu məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar