Məhkəmə qərarları › İş №3(025)-493/2023

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-493/2023

13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-493/2023 13.09.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Mən, Qəbələ Rayon Məhkəməsinin hakimi İsayev X2 RPŞ-nin DYPB-nin YPXİ polis baş serjantı X1 tərəfindən yetkinlik yaşına çatmayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1, 332.3 və 332.4-cü maddələri üzrə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən, M Ü Ə Y Y Ə N E T D İ M: Qəbələ RPŞ-nin DYPB-nin YPXİ polis baş serjantı X1 12 sentyabr 2023-cü il tarixdə yetkinlik yaşına çatmayan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2, 332.1, 332.3 və 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə AP ******* nömrəli protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, yetkinlik yaşına çatmayan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2, 332.1, 332.3 və 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunması haqqında material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2006cı il tarixdə doğulmuş, onun on səkkiz yaşı tamam olmamış, yəni, o, yetkinlik yaşına çatmayan şəxsdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan) baxır. Həmin Məcəllənin 41-ci maddəsinə əsasən bu Məcəllənin 189.1, 189.3, 189.4, 212.3, 512 və 522-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxan yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların (kollegial orqanın) yaradılması və fəaliyyət qaydası Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə” ilə müəyyən olunur. “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında” Əsasnamənin 4-cü maddəsinə əsasən on səkkiz yaşınadək yetkinlik yaşına çatmayanlar barəsində müvafiq dövlət orqanları tərəfindən daxil olan inzibati xətalar haqqında işlərə və ya materiallara komissiyalar baxır və bu Əsasnamənin 9-cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş intizam təsir tədbirlərindən birini tətbiq edirlər. Müvafiq dövlət orqanları yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında işləri və ya materialları üç günədək müddətdə yerli komissiyalara göndərirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq komissiyalar, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189.1, 189.3, 189.4, 212.3, 512 və 522-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxır və inzibati xəta törətmiş şəxslər barəsində inzibati tənbeh tətbiq edirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.2-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə şikayət, prokuror isə protest verə bilər. Göründüyü kimi on səkkiz yaşınadək yetkinlik yaşına çatmayanlar barəsində müvafiq dövlət orqanları tərəfindən daxil olan inzibati xətalar haqqında işlərə və ya materiallara yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar baxır, komissiyalar tərəfindən qəbul edilmiş qərardan tərəf narazı qaldığı təqdirdə məhkəməyə şikayət, prokuror isə protest verə bilər. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 63.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. Həmin Məcəllənin 63.2-ci maddəsinə əsasən valideynlər, övladlığa götürənlər, himayəçilər və qəyyumlar fiziki şəxsin qanuni nümayəndələri hesab olunurlar. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən bu Məcəllənin 63.1-ci maddəsində göstərilən şəxslərin qanuni nümayəndələri olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli vəzifəli şəxs qəyyumluq və himayəçilik orqanını qanuni nümayəndə hesab edir. Həmin Məcəllənin 63.6-ci maddəsinə əsasən on səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.1-ci maddəsinə əsasən inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, nitq, eşitmə, görmə qabiliyyəti tam məhdud olan, fiziki və ya psixi pozuntularına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Göstərilən hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur. Daxil olmuş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yetkinlik yaşına çatmayan şəxs olmasına baxmayaraq, inzibati orqan tərəfindən onun qanuni nümayəndəsinin və vəkilin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, inzibati materialla bağlı qanunun tələblərinə riayət edilmədiyi üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlinin hüquqi tövsifi dəqiq müəyyən etmək mümkün deyildir. Həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Hesab edirəm ki, məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokol yuxarıda göstərilən qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığına görə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı və 109-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Yetkinlik yaşına çatmayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1, 332.3 və 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunması üçün Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar geri qaytarılsın. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar