Məhkəmə qərarları › İş №3(025)-497/2020

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-497/2020

23.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-497/2020 23.12.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərərçəkmiş şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Zarağan kənd X2 nümayəndəsi X1 iştirakları ilə, xx.xx.1986-cı ildə Qəbələ rayonu, Zarağan kəndində anadan olmuş, Qəbələ rayonu, Zarağan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx xxxxxx 2020-ci il tarixdə Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis kapitanı X8 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs Qəbələ rayon, Zarağan kəndində dövlət tərəfindən çəkilmiş 8.2 kvadrat metr hasarı qəsdən sökərək dövlətə ümumilikdə 1440 manat maddi ziyan vurmuşdur. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis kapitanı X8 göstərdi ki, Şəxs Qəbələ rayon, Zarağan kəndində dövlət tərəfindən çəkilmiş 8.2 kvadrat metr hasarı qəsədən sökərək dövlətə ümumilikdə 1440 manat maddi ziyan vurmuşdur. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 232-1.-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, Qəbələ rayon Zarağan kəndində yaşayır, ailəlidir, üç övladı var, onun Zarağan kəndində yaşayan xalası oğlu X7 məxsus həyətyanı sahə var, həmin həyətyanı sahənin təxminən ölçüsü 52 sotdur, sözü gedən həyətyanı sahənin 1.5 solunu xalası oğlu Soltanov Mehman ona bağışlamışdır, lakin aralarında rəsmi şəkildə müqavilə olmamışdır, sözü gedən 1.5 sot sahəyə buğda toxumu tökmək üçün həmin 1.5 sot sahənin girişini sökərək qapı qoymuşdur. Onun qapı qoyduğu qala dövlət tərəfindən çəkilmişdir, lakin onun 1.5 sot sahəsinə gediş-gəliş yolu olmadığı üçün həmin qalanın təxminən 3.6 metr-ni sökərək yerinə dövlət standrtlarına uyğun olan, digər qapılardan seçilməyən bir qapı qoymuşdur. Onun sözü gedən əraziyə qapı qoymağına ərazinin mülkiyyətçisi olan xalası oğlu X4 heç bir narazılığı yoxdur. Ümumiyətlə isə onun ora qapı qoymağının yol üçün, eləcə də digər şəxslərin gediş-gəlişi üçün heç bir maneçilik yaratmır. Onun qalanı sökərək qapı qoyduğu ərazi asfaltdan 10.5 metr içəridədir. Həmin qapı qoyduğu əraziyə quraqlıq da tikdirmiş, sözü gedən quraqlığa taxılı gətirib tökəcək. Yağış yağan zaman taxıl batdığı üçün taxılını həmin quraqlığa gətirməlidir, lakin quraqlığa giriş qapısı olmadığı üçün həmin qalanın təxminən 3.6 metr hissəsini sökərək qapı qoymuşdur. Həmçinin, sözü gedən sökdüyü qalanın qarşısında olan təxmini diametri 25 sm olan Akasiya ağacını gediş gəlişinə maneəçilik yaratdığı üçün kəsərək öz həyətinə aparmışdır. Həmçinin qeyd olunan mübahisəli ərazidə qapı qoymaq istəməsi ilə bağlı Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Zarağan kənd X3 şifahi müraciət etsə də, nümayəndəlik tərəfindən onun bu müraciətləri cavablandırılmamışdır. Əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Zarağan kənd X2 nümayəndəsi X5 izahatında göstərdi ki, Qəbələ rayonu Zarağan kəndi İcra nümayəndəliyinin vəzifəli şəxsidir. Şəxs dövlət mülkiyyətində olan hasarı sökməsi və bununla da dövlətə ziyan verməsi barədə ona məlumat verilmişdir. Həmin torpaq sahəsini dövlət mülkiyyəti və ya xüsusi mülkiyyət olması barədə dəqiq məlumatı yoxdur. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx xxxxxxxx 2020-ci il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə bağlı HK-1/053 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs barəsində AR İXM-nin 232-1-ci maddəsi ilə protokol tərtib edilməsi məqsədilə qərarın surəti Qəbələ RPŞ-nin İTB-yə verilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatları ilə Şəxs tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə Qəbələ rayon, Zarağan kəndində dövlət tərəfindən çəkilmiş 8.2 kvadrat metr hasarın söküldüyü müəyyən edilsə də, Şəxs həmin hasarı qəsdən dövlət əmlakına zərər vurmaq məqsədi ilə məhv etməsi və ya zədələməsi öz təsdiqini tapmır. Belə ki, Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Zarağan kənd X2 nümayəndəsi tərəfindən araşdırma zamanı alınmış izahatlarında Şəxs dövlət əmlakını ziyan vurmaq məqsədi ilə qəsdən əmlakı zədələməsini qeyd etsə də, Şəxs həm məhkəmə iclasında, həm də iş materiallarında olan izahatlarında bu halları təkzib etmişdir. Yəni, Şəxs hərəkətlərinin qəsdən dövlət əmlakının zədələnməsinə yönəlməsi məhkəmə iclasında sübuta yetmir. Eyni zamanda məhkəmə qeyd edir ki, Qəbələ Rayon Polis şöbəsinin təhqiqatçısı, polis leytenantı İlkin Göyçəlinin xx xxxxxxxx 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında Şəxs izahatından aydın olur ki, o hasarı qəsdən dövlət əmlakına zərər vurmaq üçün sökmədiyini bildirir. Lakin təhqiqatçı heç bir şahid ifadəsi olmadan və hansı əsaslarla Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin yarandığını əsaslandırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, onun barəsində əsassız olaraq həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edilməli olduğunu göstərmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, Şəxs dövlət əmlakını zədələyərək 1440 manat maddi ziyan vurduğu üçün əməlində AR İXM-in 232-1-ci maddəsinin tərkib əlamətləri olduğu göstərilsə də, həmin hasarın yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olması məhkəmə prosesində və həmçinin iş materialları ilə sübuta yetirilmir. Həmçinin İXM-nin 232-1-ci maddəsi ilə məsuliyyətin yaranması üçün təqsirli şəxsin əməlində qəsd olmalıdır. İXM-nə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmçinin İXM-nə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi həmin maddə ilə məsuliyyətin yaranması üçün təqsirli şəxsin əməlində qəsd olmalıdır. Hazırki halda Şəxs hərəkətlərində dövlət əmlakını qəsdən zədələməsinin və məhv etməsinin mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmadı. Ona görə də məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokoldan və məhkəmə iclasında araşdırılan sübutlardan göründüyü kimi Şəxs hərəkətlərində özgənin əmlakını qəsdən məhv etməsi və ya kimi hallar mövcud deyildir. Bütün bu qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, baş vermiş hadisədə Şəxs əməlində dövlət əmlakına qəsdən zərər vurması (sökməsi) iş materialları ilə sübut olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, Şəxs dövlət əmlakına qəsdən zərər vurulması hər hansı sübutla öz təsdiqini tapmamışdır. Bu səbəbdən Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.0, 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 232-1ci maddəsi ilə əlaqədar başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işin icraatına, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar