Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-50/2023 07.02.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X2, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1995-ci il avqustun 05-də Qəbələ şəhərində doğulmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 07 fevral 2022-ci il tarixdə Qəbələ rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə polis işçilərinin ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 07 fevral 2023-cü il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X5 göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə polis işçilərinin ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Həmin şəxsin barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü izahatında göstərmişdir ki, Qəbələ rayon Sırtyengicə kənd sakini X6 onun dostudur. xx.xx.2023-cü il tarixdə axşam saat təxminən 23 radələrindən sonra onunla Zərifə Əliyeva parkındakı diskotekaya getmişlər. Orada pivə spirtli içkisi qəbul etmişlər. Kafedən çıxaraq evə Qəbələ şəhərinin mərkəzinə gəlmişlər. Bəhruz ilə zarafatlaşmışlar, bir-birlərinə əl atmışlar. Bu zaman Bəhruzun əli onun sol qaş nahiyyəsinə dəymiş və qaşı qanamışdır. Daha sonra piyada Qəbələ şəhərinin mərkəzinə doğru getmişlər. “Antep” adlı kafenin qarşısında olan zaman 3 nəfər polis əməkdaşı onlara yaxınlaşmışdır. Polislər onlara maşına oturub polis şöbəsinə getmələrini bildirmişlər, o isə “oturmuram, gedin işiniz ilə məşğul olun” demişdir. Bəhruz polis maşınına oturmuşdur. Daha sonra polis əməkdaşları ona yaxınlaşaraq maşına oturmasını demişlər və o da maşına oturmuşdur. Sonradan onları sərxoşluq müayinəsindən keçirmişlər. Törətdiyi əməldən peşmandır. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlini səmimi etiraf edərək peşiman olmasının nəzərə alınmasını və barəsində yüngül qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam vaxtı saat təxminən 00:30 radələrində xidməti ərazisində gecə gəzintisində olan zaman Heydər Əliyev parkının yaxınlığında tanımadığı iki şəxsin küçəsinin ortasında ictimai yerdə bir-birlərinən mübahisə etdiklərini və dalaşdıqlarını görmüşdür. O isə iş yoldaşları Musa Əlizadə və Sərxan Bəşirzadə ilə birlikdə hər iki şəxsin yanına yaxınlaşmışlar və özlərini təqdim edərək onların nə üçün dalaşdıqlarını, mübahisə etdiklərini soruşmuşlar. Bu zaman biri “mən qaziyəm, dalaşmışam, vuruşmuşam, özümüz bilərik” deyə cavab vermişdir. Həmin iki şəxsə özlərini nizam-intizamlı aparmalarını, söyüş söyməmələrini bildirsələr də, onların sözlərinə əməl etməyərək qanuni tələblərinə qəsdən tabe olmamışlar. Belə olub dərhal kömək üçün Qəbələ RPŞ-nin növbətçi hissəsinə məlumat vermişlər. Həmin ərazidə xidmət aparan PPX-nın əməkdaşları isə onları polis şöbəsinə aparmışlar. Lakin onlar əməllərinə davam edərək polis şöbəsində də söyüşlərinə davam etmişlər. Daha sonra isə onları Qəbələ rayon Mərkəzi Xəstəxanasına apararaq sərxoşluq müayinəsindən keçirmişlər və hər ikisinin sərxoş olması məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Kənan İsmayıl oğlu ilə oxşar məzmunlu izahat verərək onun dediklərini təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 24 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə sərxoş olmuşdur və qanında alkoqolun miqdarı 0,304 % olmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özünün etirafı, şahidlərin izahatı və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi qəbul edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə polis işçilərinin ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə işin faktiki hallarını nəzərə almaqla hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-50/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-50/2023
07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver