Məhkəmə qərarları › İş №3(025)-503/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-503/2022

17.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-503/2022 17.11.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X1, zərərçəkmiş Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə 1990-ci il fevralın 05-də Qəbələ rayonu Mirzəbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Qəbələ rayonu, Mirzəbəyli kəndində qeydiyyatda və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqınhda işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 17 noyabr 2022-ci il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X3 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2022-ci il tarixdə qardaşının arvadı Zərərçəkmiş şəxs məxsus 250 manat pulu oğurlayaraq xırda talama hadisəsini törətmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 17 noyabr 2022-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X3 göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə qardaşının arvadı Zərərçəkmiş şəxs məxsus 250 manat pulu oğurlayaraq xırda talama hadisəsini törətmişdir. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətinə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bildi və izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşı Ravilin yoldaşıdır. Türanə onun yaşadığı həyətə bitişik həyətdə ayrı yaşayış evində yaşayır və münasibətləri normal vəziyyətdə olmuşdur. 25 oktyabr 2022-ci il tarixdə nahardan sonra qardaşı Ravilin həyətinə keçərək oradan əlvan metal yığdığı zaman qardaşının həyətindəki toyuq evinin yanında 1 kiloqramlıq bankanın içərisində qəpik və kağız pul əskinazlarının olduğunu görmüşdür. Kənara baxdığı zaman heç kimin olmadığına tam əmin olduqdan sonra içərisində dəqiq miqdarını bilmədiyi qədər qəpik və 80 manat məbləğində isə kağız pul əskinazlarının olduğu bankanı pullar qarışıq oğurlayaraq həyəti tərk etmişdir. Oğurladığı pullarının bir qisminə “Viceroy” markalı siqaret almış, digər hissəsi ilə isə yeyib-içmişdir. Törətdiyi əməldən çox peşimandır, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödənilməsi barədə onunla razılığa gəlmişdir və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs onun qaynıdır. Sonuncu onunla qonşuluqda yaşayır və onlara gediş-gəlişləri vardır. Pullarını həyətindəki toyuq evinin yan hissəsinə 1 kiloqramlıq bankanın içərisində saxlamış, topladığı pulunun ümumi miqdarı təxminən 250 manat olmuşdur. Şəxs oğurladığı pulu qısa zamanda qaytarmasına dair söz vermişdir. Bu səbəbdən ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Qəbələ RPŞ-nin təhqiqat qrupunun təhqiqatçısı X2 05 noyabr 2022-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət təqibi olmadığından, fakt üzrə cinayət işinin başlanması rədd edilmiş, inzibati xətanı törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti Qəbələ RPŞ-nin İTB-nə verilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək Şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs oğurluq yolu ilə özgəsinin əmlakını talayaraq Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tədqiq olunmuş digər materiallarla tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən,xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 53.0 və 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə, inzibati xəta törətmiş Şəxs vurulmuş ziyanı ödəməsi ilə bağlı zərərçəkmiş şəxslə razılığa gəlməsini və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci və 53.0.10-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci və 53.0.10-cu maddəsi tətbiq edilməklə inzibati məsuliyyətdən azad edilsin. Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar