Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-504/2020 15.12.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis kapitanı X2, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə Şəxs - 1985-ci il iyunun 06-da Qəbələ rayonu Nic qəsəbəsində doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Qəbələ rayonu Nic qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx xxxxxx 2020-ci il tarixdə Qəbələ rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 15:58 radələrində polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis kapitanı X7 göstərdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 15:58 radələrində polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, göstərilən tarixdə Şəxs avtomobili ilə sürətli hərəkət edərək manevr qaydalarını pozmuş və avtomobilini saxlamamışdır. Həmçinin polis əməkdaşları ilə kobud rəftar etmişdir. O, hadisə yerinə gələnə kimi polis əməkdaşlarına müqavimət göstərmiş, lakin o gələndən sonra maşına minmiş və şöbəyə gəlmişdir. Həmin şəxsin barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 12:00 radələrində kənd ərazisində yerləşən pirin ərazisini təmizləməyə getmişlər. Onlar orada təmizlik işləri görüb qutardıqdan sonra həmkəndliləri ilə birlikdə yeyib içmişlər. Oradan təmizlədikləri quru odunları öz şəxsi avtomobilinə yığaraq evinə yandırmaq üçün gətirmişdir. Bu zaman hərəkətdə olarkən polis avtomobili görmüş, lakin onlar maşını saxlamaq barədə hər hansı bir göstəriş verməmişlər və o hərəkətini davam etdirmişdir. Polislərin onun arxası ilə gəldiyini bilməmiş, evlərinin qabağında maşını saxlayarkən onlar da gəlmişlər. O, avtomobildən düşərək onların nə üçün gəldiklərini soruşmuşdur. Polislər onun maskasız olduğuna görə irad bildirmişlər və nə yük apardığını soruşmuşlar. Daha sonra ondan spirtli içki iyi gəldiyini hiss etmişlər və onu polis şöbəsinə dəvət etmişlər. O, könüllü olaraq polis şöbəsinə gəlmişdir. O, polis işçilərinə müqavimət göstərməmiş və onların əmrlərinə tabe olmuşdur. Əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürsounun vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi yoxdur və bu səbəbdən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin PPXB-nün bölük komandiri, polis kapitanı X4 izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə xidməti avtomobillə dislokasiya üzrə xidməti yoxlamağa çıxmışdır. Onunla PPXB-nin manqa komandiri Feyzulla Bilalov və polis sürücü nəfəri Nurlan Quluzadə olmuşdur. Qəbələ rayonu Nic qəsəbəsi ərazisində olan zaman xidməti avtomobilinin qarşısından yüksək sürətlə **-BL-*** dövlət nömrə nişanlı “Ford” markalı avtomobil keçmişdir. Onun yük yerində növü məlum olmayan ağac kötükləri görmüşlər və avtomobilə saxla işarəsi vermişlər. Əvvəlcə saxlamamış, daha sonra isə 150-200 metr irəlidə evinin qabağında saxlamışdır və avtomobilində quru odun olmuşdur. Ona avtomobilini yüksək sürətlə idarə etməsinə görə irad bildirmişdir. Ona avtomobilinin yük yerində ağac kötüklərinin olmasını soruşmuş və bu zaman o uca səslə polis adına xələl gətirən ifadələr işlətmişdir. Onu polis şöbəsinə dəvət edəndə getməyəcəyini, sahə rəisi gəldikdən sonra gedəcəyini bildirmişdir. Belə olub sahə rəisi ilə əlaqə saxlamış və bundan sonra Polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri X6 izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixində Qəbələ rayon Polis şöbəsinin post-patrul xidməti bölüyü komandiri, polis kapitanı Orxan Cəbrayılov və manqa komandiri, polis baş serjantı Feyzulla Bilalovla birlikdə dislokalsiya üzrə postları yoxlamağa çıxmışlar. Onlar Nic qəsəbəsində olarkən xidməti avtomobillərinin qarşısından **-BL-*** dövlət nömrə nişanlı “Ford” markalı avtomobil yüksək surətlə keçmişdir. Onun yük yerində növü məlum olmayan ağac kötükləri görünmüşdür. Onlar saxla işarəsi vermişlər və sayrışan işıqları yandırmışlar. Avtomobil bir qədər qarşıdan sağa dönərək həyət qapısının qarşısında dayanmışdır. Onlar sürücüyə yaxınlaşanda avtomobildən düşərək “nə var, niyə gəlmisiniz” deyə aqressiv cavab vermişdir. Bu zaman komandirləri tibbi maskadan nə üçün istifadə etməməsi barədə irad bildirmişdir. Həmin vaxt sürücüdən kəskin spirtli içki qoxusu gəldiyini hiss etmişlər. Ona spirtli içki içib avtomobili idarə etməyinin inzibati xəta olduğunu başa salsalar da, sürücü səs-küy salaraq polis adına xələl gətirəcək ifadələr işlətmişdir. Daha sonra Şəxs qardaşı həyətə çıxaraq onlara qarşı yüksək səslə “qışqır bağır” salmağa başlamışdır. Bundan sonra qəsəbənin sahə rəisi həmin əraziyə çağırılmış və həmin şəxslər Qəbələ RPŞ-nə gətirilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin PPXB-nin polis baş serjantı X1 Nurlan Mehman oğlu ilə oxşar məzmunlu izahat verərək onun dediklərini təsdiq etmişdir. - İş materiallarında olan Sərxoşluq vəziyyətinin tibbi müayinənin xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şəxs sərxoşluq vəziyyəti yoxlanılmış, sonuncunun qanında alkoqolun miqdarı 4,00‰ təşkil etmişdir. - İş materiallarında olan inzibati xəta törətmiş şəxsi tutma haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 20:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, proses iştirakçılarının izahatını və şahidlərin ifadələrini dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. İctimai qayda dedikdə dövlət orqanları və qeyri-hökümət təşkilatlarının fəaliyyəti, əhalinin əməyi və istirahəti üçün normal şəraitin və ictimai həyatın əmin-amanlıq vəziyyətinin təmin edilməsi məqsədi daşıyan, ictimai yerlərdə insanların ünsiyyəti prosesində yaranan, cəmiyyətin tələbatı ilə şərtləndirilən və sosial normalarla tənzimlənən ictiami münasibətlər sistemi kimi başa düşülür. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas vermir. Ona görə də məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokoldan və məhkəmə iclasında araşdırılan sübutlardan göründüyü kimi Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi hallarmövcud deyil və bu hallar öz təsdiqini tapmadı. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi Şəxs üzərinə düşmədiyindən və məhkəməyə Şəxs polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, hazırki protokol əsasında Şəxs İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Bundan əlavə məhkəmə iclasında şahid qismində ifadə verən polis əməkdaşları bir-birinə uyğun olmayan, ziddiyətli ifadələrək vermişlər. Belə ki, şahid qismində dindirilmiş polis əməkdaşları Qəbələ rayon Polis şöbəsində verdikləri izahatlarında Şəxs onların ünvanlarına söyüş söydüklərini, səs-küy yaratdıqlarını bildirsələr də, məhkəmə zamanı verdikləri ifadələrində Şəxs söyüş söyməsi barədə heç nə qeyd etməmişdirlər. İş materiallarından, barəsində inzibati icraat aparılan şəxsin izahatından görünür ki, barəsində inzibati icraat aparılan şəxs Şəxspolis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması kimi hərəkətlər etməmişdir. İşdəki materiallarla isə onun İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi sübut olunmur. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, şəxsin inzibati xətaların törədilməsində təqsirli hesab edilməsi üçün ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl mövcud olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması kimi hərəkətlər edilmədiyindən onun İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Bu səbəbdən Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Odur ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,105,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-504/2020
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-504/2020
15.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver