Məhkəmə qərarları › İş №3(025)-504/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-504/2023

22.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-504/2023 22.09.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 və barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1995-ci ildə Qəbələ rayonu Aydınqışlaq kəndində anadan olmuş, Qəbələ rayonu, Aydınqışlaq kəndində qeydiyyatda olan və Bakı şəhəri, Hökməli qəsəbəsində yaşayan Şəxs barəsində Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Qəbələ rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramin İbadov Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin İbadov protokolu müdafiə edərək bildirdi ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-1556/2021 saylı xx.xx.2021-ci il tarixli, 2(025)-1884/2021 saylı xx.xx.2021-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-132/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən icra məmurunun qanuni tələbini yerinə yetirmir. 2(025)-1556/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 1134.30 manat məbləğində əsas borc, 230.36 manat məbləğində faiz borc və 6.33 manat məbləğində cərimə borcu olmaqla cəmi 1370.99 (bir min üç yüz yetmiş manat doxsan doqquz qəpik) manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə, 2(025)-1884/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 94.80 manat məbləğində əsas borc, 23.90 manat məbləğində faiz borc, 1.24 manat məbləğində cərimə borcu olmaqla, cəmi 119.94 (bir yüz on doqquz manat doxsan dörd qəpik) manat borc, 30.40 (otuz manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə və 2(103)-132/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs maddi ziyanın əvəzi olaraq 4232 (dörd min iki yüz otuz iki) manat, dövlət rüsumu qismində ödənilmiş 30 (otuz) manat, cəmi 4262 (dörd min iki yüz altmış iki) manat alınaraq iddiaçı Zərərçəkmiş şəxs2 Oqtay oğluna və məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat cavabdeh Şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. xx.xx.2022-ci il, xx.xx.2021-ci il və xx.xx.2023-cü il tarixlərdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra edilməsi üçün borclunun ünvanına göndərilmiş, lakin icra sənədinin icrası təmin edilməmiş, tələbkarlara olan borcu ödənilməmiş, borclu borcunu tam şəkildə ödəməkdən boyun qaçırır. Hal-hazırda sözügedən məbləği ödəməkdən yayınır və ödəmir, məhkəmədən müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, himayəsində azyaşlı uşaqları vardır, iş yeri yoxdur və maddi vəziyyəti yaxşı deyil. Məhkəmə qərarından və icra işindən heç bir məlumatı olmamış, icra şöbəsi tərəfindən hər hansı bir bildiriş və qərar almamışdır. İcradan yayındığı hal olmamışdır. İcra məlumatı olmadığından ödənişlər etməmişdir. Bu barədə icra məmurunun bildirişini aldıqda məlumatı olmuş və bundan sonra icra məmurunun yanına gəlmişdir. Ona vaxt verilərsə, borcunu ödəyəcəkdir. Qeyd olunanları nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs borcun ödəməkdən qəsdən boyun qaçırmamışdır. Hal-hazırda onun maddi imkanı olduqca aşağıdır. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci bəndinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 8.3-ci bəndinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Həmin Qanunun 8.5-ci bəndinə əsasən tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Məhkəmə baxışı zaman müəyyən edildi ki, borclu Şəxs xx.xx.2022-ci il, xx.xx.2021-ci il və xx.xx.2023-ci il tarixdə icraata başlamaq haqqında qərarlar və könüllü icra barədə bildirişlər göndərildiyi icra məmuru tərəfindən bildirilsə də, Şəxs həmin qərar və könüllü icra barədə bildiriş alması barədə hər hansı bir sübut növü təqdim edilməmişdir. Borclu Şəxs isə icraata başlamaq haqqında qərarı və könüllü icra barədə bildirişiləri almadığını qeyd etmişdir. İşdə olan Qəbələ rayon İcra və Probasiya şöbəsinin 22 sentyabr 2023-cü il tarixli 147666/5 nömrəli arayışından görünür ki, Şəxs borclu olduğu icra sənədləri üzrə heç bir ödəniş etməmişdir. Məhkəmə qeyd edir ki, icra məmuru qanunvericiliyin tələblərinə əməl etmədən, yəni həm qərardan 10 gün müddətinə şikayət vermə hüququnu, həmçinin könüllü icra üçün müəyyən olunmuş müddəti gözləmədən, yalnız borcludan izahat almaqla kifayətlənərək “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 82.1-ci maddəsinə istinad etməklə xx.xx.2023-cü il tarixdə Şəxs inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardan biridir. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Qanunun tələbindən göründüyü kimi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclu icra sənədini üzrsüz səbəbdən icra etmədikdə icra məmuru onun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə araşdırlması zamanı müəyyən edilmişdir ki, Şəxs icra sənədinin üzrsüz səbəbdən icra etməməsini, icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini təsdiq edən sübutlar da məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar