Məhkəmə qərarları › İş №3(025)-505/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-505/2022

21.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-505/2022 21.11.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi, polis leytenantı Səxavət Qafarovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1972-ci ildə Qəbələ rayonu, Zarağan kəndində anadan olmuş, Qəbələ rayonu, Zarağan kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə 21 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı Səxavət Qafarov tərəfindən Şəxs barədə tərtib edilmiş 21 noyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında həmin protokol Qəbələ rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Toğrul Aslanlının 18 noyabr 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı əsasında tərtib edilmişdir. İnzibati Xəta haqqında Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2022-ci il tarixdə narkotik vasitə olan nəşə qəbul etmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi göstərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı Səxavət Qafarov protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs barəsində cinayət işinin başlanılmasının rədd edilməsinə dair xx.xx.2022-ci il tarixli qərar qəbul edilmiş və həmin qərar əsasında da inzibati xəta haqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, əvvəllər bir neçə dəfə nəşə narkotik vasitəsindən istifadə edib. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə axşam radələrində Qəbələ rayon Zarağan kəndində yolda olarkən narkotik vasitə qəbul etdi. Həmin vaxt orada onun narkotik vasitəsini qəbul etdiyini heç kim görmədi. Həmin narkotik vasitəni Zarağan kəndində olarkən yoldan tapıb istifadə etdi. Heç kim ona narkotik vasitə verməyib. Narkotik vasitələrin alış və satışı ilə məşğul deyil, yəni heç kimə narkotik vasitə satmayıb. Narkotik vasitəni tək özü istifadə edib. Son olaraq törətdiyi əməldən peşman olduğunu bildirməklə barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçisi Vəkil çıxış edərək, Şəxs barəsində daha yüngül inzibati tənbehin tədbiq edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 206-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etiraf edici izahatı, işdə olan müayinə rəyi və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilmişdir: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Toğrul Aslanlının 21 noyabr 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış material üzrə cinayət hadisəsi olmadığından, fakt üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində AR İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Qəbələ RPŞ-nin İTB-nə verilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli 971 nömrəli «Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə» protokolundan görünür ki, Şəxs narkotik vasitə olan marixuanadan istifadə edilməsi müəyyən edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 206-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə - iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati protokolu tərtib etmiş şəxsin izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni 21 noyabr 2022-ci il tarixdən saat 11:45-dən hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 21 noyabr 2022-ci il tarixdən saat 11:45-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar