Məhkəmə qərarları › İş №3(025)-511/2023

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-511/2023

26.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-511/2023 26.09.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 26 sentyabr 2023-cü il tarixdə Qəbələ rayonu İcra və Probasiya şöbəsi tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana (vəzifəli şəxsə) geri qaytarılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 1.1-1-ci maddəsinə əsasən inzibati xətalara dair işlər üzrə inzibati cərimə tətbiq edilməsi barədə qərarlar İXM-in 142, 143, 144.1, 145, 146.3, 147, 150-ci maddələrinin tələbləri nəzərə alınmaqla həmin Qanuna müvafiq icra olunur. İXM-in 150.1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. İXM-in 150.7-ci maddəsinə əsasən barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilən fiziki şəxs işləmirsə, yaxud onun əməkhaqqından və ya digər gəlirlərindən inzibati cərimənin ödənilməsi mümkün deyildirsə, eləcə də hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları barədə məlumat və ya hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, yaxud cərimə könüllü qaydada ödənilmədikdə inzibati cərimə tətbiq etmə haqqında qərar “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada məcburi icraya yönəldilir. İXM-in 150.9-cu maddəsinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin 16 mart 2023-cü il tarixli, MN ******* nömrəli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 3500 (üç min beş yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərar icraya yönəldikdən sonra Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru Ramin İbadov tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Şəxs səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarını icra etmədiyinə görə onun barəsində 25 sentyabr 2023-cü il tarixdə Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin İbadov tərəfindən İXM-in 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Halbuki, İXM-in 150.9-cu maddəsinin tələbinə görə fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində icra olunmadıqda, icra məmuru bu İXM-in 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə göndərməli idi. Bu halda İXM-in 150.9-cu maddəsində nəzərdə tutulmuş müddətlər pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud tərtib edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru Ramin İbadov tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən İXM-nin yuxarıda qeyd olunan normalarının tələblərinə riayət edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru Ramin İbadov tərəfindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Qəbələ rayon İcra və Probasiya şöbəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Qəbələ rayon İcra və Probasiya şöbəsinə geri qaytarılsın. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar