Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-519/2025 21.10.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, İsayeva Elvina Allahverdi qızının katibliyi, Qəbələ rayon İcra və probasiya şöbəsinin rəisi X1, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə Şəxs - 1983-cü il iyulun 20-də Xocalı rayonu, Qırmızıkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Xocalı şəhərində qeydiyyatda olmaqla, Qəbələ şəhəri, Zarağan 2 Qaçqın şəhərciyində müvəqqəti məskunlaşan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Qəbələ rayon İcra və probasiya şöbəsinin rəisi T.A.Həsənquliyevin tərtib etdiyi 21 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qəbələ Rayon Məhkəməsinin 2(025)-887/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qəbələ rayon İcra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2025-cü il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-887/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər üçün 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı X4 verilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə icra olunması üçün borclunun ünvanına göndərilmişdir. İcra sənədinin icrası barədə borcluya bildiriş göndərilməsinə baxmayaraq, icra sənədi üzrə tələb təmin edilməmiş və bunun səbəbi barədə icra şöbəsinə məlumat verilməmişdir. Borclunun əmlak vəziyyəti araşdırılmış, lakin tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borcluya xəbərdarlıq edilmiş və icra sənədi üzrə tələbi icra etməsi bildirilmiş, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi və məhkəməyə göndəriləcəyi barədə məlumat verilmişdir. Lakin onun barəsində görülən tədbirlərin nəticəsi olmamış, onun yekun olaraq protokol tərtib edilərkən 4902 manat borcu qalmışdır. Məhkəmə iclasında Qəbələ rayon İcra və probasiya şöbəsinin rəisi X2 protokolda göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, borclu Şəxs qərar və bildirişləri alsa da, Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını tam təmin etməmişdir. Belə ki, icra sənədi şöbənin icraatına daxil olduqdan sonra 2021-ci və 2022-ci il ərzində borclu aliment ödənişlərini yerinə yetirmişdir. Daha sonra 2025-ci ilin iyul ayına qədər barışıb birlikdə yaşamağa başlamışlar. Lakin bərabər yaşadıqları dövrdə də borclu aliment ödənişlərini yerinə yetirmiş və bu barədə ödəniş qəbzləri də vardır. Daha sonra 2025-ci ilin iyul ayında tələbkar şöbəyə ərizə ilə müraciət etmiş, bundan sonra borclu yenidən şöbəyə dəvət olunmuşdur. Borclu sentyabr ayında şöbəyə yaxınlaşarkən 800 manat, xx.xx.2025-ci il tarixdə isə 200 manat ödəniş etmişdir. Halhazırda isə 700 manat ödəniş etməyə imkanının olduğunu bildirir. Tələbkar isə aliment məbləğinin hamısının ödənilməsini tələb edir. Odur ki, müvafiq qərar qəbul edilmıəsini məhkəmənin mülahizəsinə buraxdığını bildirir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, onun 4902 manat məbləğində borcunun olmasını qəbul edir. Belə ki, bir müddət tələbkarla barışıb birlikdə yaşamışdır. Bərabər yaşadıqları dövrdə də aliment ödənişini etmişdir. Lakin bir müddət əvvəl birgə nikahdan doğulmuş uşaqları qəzaya düşmüş, onun müalicəsinə pul xərclədiyindən aliment ödənişlərini gecikdirmişdir. Həmçinin bir neçə aydır ki, o, yenidən ailə həyatı qurmuşdur. xx.xx.2025-ci il tarixdə 800 manat, xx.xx.2025-ci il tarixdə 200 manat ödəniş etmişdir. Hazırda isə 1000 manat ödəniş edə bilir. Qalan borcunu da 5 ay ərzində ödəyəcəkdir. O, aliment borcunun ödənilməsindən yayınmır. İcra məmurunun da çağırışlarına vaxtında gəlmişdir. Hesab edir ki, onun əməlində qərəzlilik yoxdur. Əgər əməlində qərəzlilik olsa ümumiyyətlə heç bir ödəniş etməzdir. Heç bir əmlakını icra və probasiya şöbəsindən gizlətməmişdir. Göstərilənlərin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil izahatında bildirdi ki, icra məmurunun və Şəxs əməlində qərəzlilik sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. İşə baxılmasının yeri və müddəti barədə lazımı qaydada xəbər verilməsinə baxmayaraq, Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinin tələblərinə əsasən inzibati materiala Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə, məhkəmə icra məmurunu və barəsində İXH protokol tərtib olunan şəxsi dinləyib, işin faktiki hallarını nəzərdən keçirib belə hesab edir ki, Şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmədiyindən və onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzürsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət etməmişdir. Məhkəmə prosesində borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərini üzürsüz səbəbdən icra etməməsi məhkəmə tərəfindən araşdırılmış icra işi, proses iştirakçılarının izahatları və tədqiq olunmuş digər materiallarla da təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş icra işindən görünür ki: - Qəbələ Rayon Məhkəməsinin 2(025)-887/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən iddia tələbi qismən təmin edilmiş, cavabdeh Şəxs ilə iddiaçı X6 arasında 07 noyabr 2006-cı il tarixdə bağlanmış və Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 191 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 29 noyabr 2007-ci il təvəllüdlü X5 və 04 fevral 2009-cu il təvəllüdlü X7 anaları X3 yanında qalması, cavabdeh Şəxs 26 may 2021-ci il tarixdən başlayaraq, 29 noyabr 2007-ci il təvəllüdlü X5 və 04 fevral 2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 verilməsi qət edilmişdir. - Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru Təbiyyət Həsənquliyevin xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarına əsasən Qəbələ Rayon Məhkəməsinin 2(025)-887/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraata başlanılmışdır. - “Elektron icra sistem”indən Çıxarışlardan görünür ki, Şəxs adına hər hansı daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqdim etdiyi xx.xx.2025-ci il tarixli qəbzə əsasən 800 manat, xx.xx.2025-ci il tarixli qəbzə əsasən 200 manat, 21.xx.xx.2025-ci il tarixli qəbzə əsasən 1000 manat ödəniş etməsi müəyyən olunur. - Qəbələ rayon İcra və probasiya şöbəsindən verilmiş xx.xx.2025-ci il tarixli məktubda göstərilmişdir ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-887/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs icra sənədi üzrə tələbkara 5208 manat ödəniş etmiş, 4902 manat ödənilməmiş borcu qalmışdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli Qərarında vurğulanır: «Məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarını qərəzli icra etməmə, bir qayda olaraq, hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər.» «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, «məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə qərarlarının icrası məsələsinin daim xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, səlahiyyətli dövlət orqanları məhkəmə qərarlarının icrası ilə bağlı bütün lazımi tədbirləri vaxtında görməlidirlər.» Beləliklə, yuxarıda qeyd olunan müddəalardan aydın olduğu kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını təmin etmək vəzifəsi, borclu ilə yanaşı səlahiyyətli dövlət orqanlarının, bu halda icra qurumunun və bu sənədin icrasına nəzarət edən məhkəmənin vəzifəsidir. Borclunun icra sənədinin icrasından qərəzli olaraq yayınmasını əks etdirən hallar Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında sadalanmışdır. Hazırki işdə borclu Şəxs bu cür hərəkətləri etməsi məhkəmə iclasında tədqiq edilən sübutlarla təsdiq edilmir və eyni zamanda icra işindədə buna dair sənədlər mövcud deyildir. Belə ki, birincisi, borclu Şəxs icra məmurunun çağırışlarına vaxt-vaxtında gəlmiş və izahat vermişdir. İkincisi, borcunun əmlak vəziyyəti yoxlanılmış, lakin tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Göründüyü kimi, borclu tərəfindən, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi kimi qərəzli hərəkətlərə yol verilməmişdir. Üçüncüsü, borclu tələbkarla barışıb birlikdə yaşadıqları dövrdə belə davamlı olaraq aliment borcundan ödənişlər etmişdir. Ayrıldıqdan sonra isə iki aydan az müddətdə 2000 manat ödəniş etmişdir. Nəhayət, məhkəməsinin qənaətincə, Şəxs Qəbələ Rayon Məhkəməsinin 2(025)-887/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə olan borcunu ödənilməsindən qərəzli şəkildə yayınmır, belə ki, aliment borcundan hər ay ödəniş etmişdir. Həmçinin məhkəmə araşdırması zamanı borcundan 1000 (bir min) manat ödəməsi özü-özülüyündə sübut edir ki, Şəxs öhdəliklərinin icrasından yayınmır. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, Şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmədiyindən və onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə barəsində olan izibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından Qəbələ Rayon Məhkəməsinin 2(025)-887/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-519/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-519/2025
21.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver