Məhkəmə qərarları › İş №3(025)-524/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-524/2025

24.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-524/2025 24.10.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X5 Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin rəisi İ dərəcəli ədliyyə qulluqçusu X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1981-ci ildə Qəbələ rayonu, Tüntül kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Tüntül kəndində qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2025-ci il tarixli MN 2326682) tərtib olunmuşdur ki, o, xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tələbkar Zərərçəkmiş şəxs xeyrinə hər ay 220 manat aliment ödəməsi barədə Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(031)-578/2023 saylı icra sənədini üzürsüz səbəbdən icra etməmiş və 1800 manat aliment borcu yaranmışdır. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tələbkar Zərərçəkmiş şəxs xeyrinə hər ay 220 manat aliment ödəməsi barədə Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(031)-578/2023 saylı icra sənədi üzrə tələbi ödəməməsi üzürsüz səbəbdən olmamışdır. Belə ki, o, həmin icra sənədi üzrə 2025-ci ilin aprel ayınadək ödənişləri vaxtı-vaxtında edərək cəmi 4360,0 manat ödəmişdir. O, tikintidə fəhlə işləyərək ayda 550,0 manat alır və boşandıqdan sonra yenidən evlənmişdir. Arvadının hamilə olması ilə əlaqədar müalicə xərclərini ödədiyi üçün axır vaxtlarda alimenti ödəyə bilməyərək 1800,0 manat borclu qalmış, başqa gəlirləri və qiymətli əmlakı olmadığından həmin məbləği indiyədək ödəyə bilməmişdir. Aliment borcunu tam şəkildə ödəmək niyyətindədir. Ona görə də, borcun ödənilməsinə möhlət verilməsini xahiş edir. İşdə olan Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(031)-578/2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq hazırki mülki iş üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərardad nəzərə alınmaqla, xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması məqsədi ilə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Qəbələ Rayon İcra Qrupunun xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(031)-578/2023-cü il tarixli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 42597/2024-11-9-003 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(031)-578/2023-cü il nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan Qəbələ rayon İPŞ-nin xx.xx.2025-ci il tarixli qərarının surətinə əsasən, Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(031)-578/2023-cü il tarixli icra sənədi üzrə borclu xx.xx.1991-ci il təvəllüdlü Şəxs icra yerinə gəlmədiyindən və yaşadığı yerdə tapılmadığından haqqında axtarış elan edilmişdir. İşdə olan AR ƏN Qəbələ Rİ və Probasiya şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(031)-578/2023 saylı icra sənədi üzrə Şəxs icra sənədi üzrə tələbkara 4360 manat ödəmiş, 1800 manat ödənilməmiş aliment borcu yaranmışdır. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görəinzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 24 oktyabr 2025-ci il tarixdən saat 17:40-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar