Məhkəmə qərarları › İş №3(025)-529/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-529/2024

17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-529/2024 17.09.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X1, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1970-ci il iyulun 31-də Qəbələ rayonu, Bum qəsəbəsində doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu, Bum qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə 17 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X3 tərəfindən Şəxs barədə tərtib edilmiş 17 sentyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə tanımadığı şəxsdən əldə etdiyi narkotik vasitə olan marixuananı istifadə etmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi göstərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X3 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Qəbələ RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Babək Nağıyev xx.xx.2024-cü il tarixdə xidməti ərazisi olan Qəbələ rayonu Bum qəsəbəsi ərazisində elektrik kabellərinin oğurlanması ilə bağlı həmin qəsəbə sakinləri ilə kəşfiyyat xarakterli söhbətlər aparılarkən həmin kənddə yaşayan, spirtli içkilərə aludəçiliyi olan kənd ərazisində mənfi xarakterizə olunan Şəxs həmin hadisəni törətməsini ehtimal etdiklərini bildirmişlər. Bu səbəbdən Şəxs izahatının alınması məqsədilə Bum qəsəbəsində yerləşən yaşayış evinə gedib həmin şəxslə oğurluq hadisəsi ilə bağlı söhbətlər apararkən onun hərəkət və davranışlarına nəzarət edə bilmədiyini müşahidə etmişdir. Bundan sonra o, təkrar profilaktiki və maarifləndirici söhbətlər apararaq onun psixoloji problemlərinin olub-olmamasını yoxlamağa çalışmışdır. Həmin şəxs psixoloji durumunun yerində olduğunu, heç bir narahatçılığın olmadığını bildirərək yenə də əvvəlki qayda da hərəkətlərini idarə edə bilmir və qeyri normal hərəkətlər etməyə davam edirmiş. Şəxs nəfəsindən spirtli içki qoxusu gəlməsi bilinməsə də, hərəkət və davranışlarından sərxoş vəziyyətdə olması onda əsaslı şübhələr yaratmışdır. Bu barədə həmin şəxsdən spirtli içki qəbul edib-etməməsini soruşan zaman şəxs spirtli içki qəbul etmədiyini bildirmişdir. Bir qədər sonra təkrar eyni sualı verdikdən sonra həmin şəxs bir qədər fikirləşərək təxminən bir gün əvvəl narkotik vasitə olan marixuana istifadə etdiyini etiraf etmişdir. Buna görə də həmin şəxs tərəfindən barəsində tədbir görülməsi üçün Qəbələ RPŞ-yə gətirilərək Növbətçi Hissəyə təhvil verilmişdir. Bununla bağlı məhkəmə-narkoloji ekspertizası təyin edilməsi barədə qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş rəydə də, bu fakt öz təsdqini tapmışdır. Belə olub Şəxs barəsində tərəfindən protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Qəbələ rayon Bum qəsəbəsində özüməməxsus yaşayış evində evdə istrahət edərkən bir nəfər şəxsin onu çağırdığını eşidib küçəyə qapının ağzına çıxmış, həmin bir nəfər şəxs özünü Qəbələ rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvvəkkili kimi özünü təqdim etmişdir. O, həyəcanlanıb polis əməkdaşına ilk öncə özünü düzgün təqdim edə bilməsə də, daha sonra özünü düzgün təqdim etmişdir. Polis əməkdaşı Bum qəsəbəsi ərazisində elektrik kabellərinin oğurlanması ilə bağlı baş vermiş oğurluq hadisəsi barədə məlumatımın olub-olmadığını soruşduqda ona gülərək baş vermiş oğurluq hadisəsi ilə bağlı məlumatının olmadığını bildirmişdir. Həmin vaxt narkotik vasitənin təsiri altında olduğundan hərəkətlərimə nəzarət edə bilməmişdir. Gah gülmüş, gah kövrəlmiş, polis əməkdaşının suallarına doğru-dürüst cavab verə bilməmişdir. Daha sonra polis əməkdaşı ondan hər hansı bir alkaqollu içki qəbul edib-etmədiyini soruşduqda heç bir spirtli içki içmədiyini bildirmişdir. Daha sonra təkrar olaraq sərxoş vəziyyətdə olub olmamağını soruşduqda səmimi şəkildə təxminən bir gün əvvəl İsmayıllı rayonunda tanımadığı şəxsdən "bir baş" dedikləri, yəni bir bükümlük narkotik vasitə olan marixuana alıb istifadə etdiyini etiraf etmişdir. Daha sonra barəsində qanuni tədbir görülməsi üçün Qəbələ RPŞ-yə gətirib Növbətçi Hissəyə təhvil vermişlər. Son olaraq törətdiyi əməldən peşman olduğunu bildirməklə barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Vəkil Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 206-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etiraf edici izahatı, işdə olan ekspert rəyi və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilmişdir: İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 17 sentyabr 2024-cü il tarixli, 1562 nömrəli rəydən görünür ki, Şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji despanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşdə olan 17 sentyabr 2024-cü il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs məxsus sidikdə marixuana aşkar edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 206-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə - iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati protokolu tərtib etmiş şəxsin izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, barəsində həbs növündə inzibati təhbeh tətbiq edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 17 sentyabr 2024-cü il tarixli, 1562 nömrəli rəy nəzərə alınmaqla, Şəxs ərazi Narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 01 (bir) ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsdə saxlama müddətinin əvvəli 17 sentyabr 2024-cü il saat 16:40-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs ərazi Narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar