Məhkəmə qərarları › İş №3(025)-53/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-53/2021

10.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-53/2021 10.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun iştirakı ilə, xx.xx.1961-ci ildə Qəbələ rayonu, Kiçik Pirəlli kəndində anadan olmuş, Qəbələ rayonu, Kiçik Pirəlli kəndində qeydiyyatda olan və yaşayan Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx xxxxxx 2021-ci il tarixdə Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs oğlu barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs oğlu xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus 4 ədəd fındıq ağacının və 1 ədəd Tut ağacının budağını kəsərək ona 14 manat 40 qəpik maddi ziyan vurmuşdur. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis kapitanı X2 göstərdi ki, Şəxs oğlu xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus 4 ədəd fındıq ağacının və 1 ədəd Tut ağacının budağını kəsərək ona 14 manat 40 qəpik maddi ziyan vurmuşdur. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Beləliklə, Şəxs oğlu barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 232-1.-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu özünü Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, Qəbələ rayon Kiçik Pİrəlli kəndində yaşayır, ailəlidir. Zərərçəkmiş şəxs onun qonşusudur. Zərərçəkmiş şəxs ilə arasında qonşu münaqişələri baş vermişdir, onun evi Zərərçəkmiş şəxs bağı ilə sərhəddədir, təxminən 15-20 il bundan əvvəl Xatirə onun evinin arxasında evindən təxminən 1,50 sm aralıda Tut və Fındıq ağacı əkmişdir. Həmin vaxt isə o Xatirəyə ağacı evdən aralı əkməsini demişdir, lakin Xatirə onun sözünə məhəl qoymayaraq “bağ mənə məxsusdur özüm harada istəyərəm orada əkərəm” demiş, ağacları onun evinə yaxın əkmişdir. Həmin vaxtdan ağaclar böyüyərək onun evinin dam örtüyü üçün təhlükə yaratmışdır. O, bir neçə dəfə Xatirəyə ağacları kəsməsini bildirmiş, lakin Xatirə ağacları kəsməyəcəyini demişdir. O, bu məsələ ilə bağlı Kiçik Pirəlli kənd İƏN-ə məlumat vermiş, lakin heç bir tədbir görülməmişdir. O, da buna görə xx.xx.2020-ci il tarixdə özünə məxsus balta ilə Fındıq ağacının 4 ədəd budağını, Tut ağacının isə 01 ədəd budağını kəsib yerə salmışdır və həmin vaxt Xatirə yanına gələrək onun ünvanına nalayiq ifadələr işlətmişdir. Əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş edir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə bağlı HK-1/1441 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs oğlu barəsində AR İXM-nin 232-1-ci maddəsi ilə protokol tərtib edilməsi məqsədilə qərarın surəti Qəbələ RPŞ-nin İTB-yə verilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs oğlunun hərəkətlərində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatları ilə Şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus 4 ədəd fındıq ağacının və 1 ədəd Tut ağacının budağını kəsməsi müəyyən edilsə də Şəxs özgənin əmlakını qəsdən məhv edərək maddi ziyan vurması faktı öz təsdiqini tapmır. Belə ki, Qəbələ RPŞ-nin təhqiqatçısı tərəfindən aparılmış araşdırma zamanı Şəxs Zərərçəkmiş şəxs məxsus əmlakı ziyan vurmaq məqsədi ilə qəsdən zədələməsi müəyyən olunsa da, Şəxs oğlu həm məhkəmə iclasında, həm də iş materiallarında olan izahatlarında bu halları təkzib etmiş, həmin ağacların budaqlarının onun həyətinə sallanaraq təhlükə yaratdığından kəsdiyini bildirmişdir. Yəni, Şəxs hərəkətlərinin qəsdən özgənin əmlakının zədələnməsinə yönəlməsi məhkəmə iclasında sübuta yetmir. Eyni zamanda məhkəmə qeyd edir ki, Qəbələ Rayon Polis şöbəsinin təhqiqatçısı, polis leytenantı Elşən Qasımov tərəfindən aparılmış araşdırma zamanı Şəxs izahatında 4 ədəd fındıq ağacının və 1 ədəd Tut ağacının budaqlarını onun həyətinə sallanaraq təhlükə yaratdığından kəsdiyini bildirmişdir. Lakin, təhqiqatçı heç bir şahid ifadəsi olmadan və hansı əsaslarla Şəxs oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin yarandığını əsaslandırmadan, işin faktiki hallarına düzgün hüquqi qiymət verməyərək, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, onun barəsində əsassız olaraq həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edilməli olduğunu göstərmişdir. Həmçinin İXM-nin 232-1-ci maddəsi ilə məsuliyyətin yaranması üçün təqsirli şəxsin əməlində qəsd olmalıdır. İXM-nə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmçinin İXM-nə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi həmin maddə ilə məsuliyyətin yaranması üçün təqsirli şəxsin əməlində qəsd olmalıdır. Hazırki halda Şəxs oğlunun hərəkətlərində özgənin əmlakını qəsdən zədələməsinin və məhv etməsinin mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmadı. Ona görə də məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokoldan və məhkəmə iclasında araşdırılan sübutlardan göründüyü kimi Şəxs oğlunun hərəkətlərində özgənin əmlakını qəsdən məhv etməsi və ya kimi hallar mövcud deyildir. Bütün bu qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, baş vermiş hadisədə Şəxs qəsdən Zərərçəkmiş şəxs məxsus 4 ədəd fındıq ağacının və 1 ədəd Tut ağacının budağını kəsərək ona maddi ziyan vurması iş materialları ilə sübut olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, Şəxs oğlunun özgənin əmlakına qəsdən zərər vurulması hər hansı sübutla öz təsdiqini tapmamışdır. Bu səbəbdən Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.0, 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə əlaqədar başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işin icraatına, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar