Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-53/2025 17.02.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X6 Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1978-ci ildə Ağdam rayonu, Qarazeynallı kəndində anadan olmuş, AR vətəndaşı, evli, Ağdam rayonu, Qarazeynallı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 535.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda ptotokol (xx.xx.2025-ci il tarixli MN 2291565) tərtib edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 13:45-də Qəbələ rayonu, Nic qəsəbəsində ictimai asayişi mühafizə edən Qəbələ RPŞ əməkdaşlarının qanuni tələbinə əməl etməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Mingəçevir şəhərində yaşayır və hər həftə Mingeçevir şəhərindən köhnə 2-ci əl paltarları toplayıb Qəbələ rayonu Nic bazarına satmaq üçün gətirir. xx.xx.2025-ci il tarixdə səhər vaxtı Qəbələ rayon, Nic qəsəbəsində olarkən kafelərin birində xaş yemiş və təxminən 0.5 litr spirtli içki olan araq içmişdir. Kafedən çıxaraq özü ilə gətirdiyi köhnə paltarları satarkən tanımadığı bir nəfər qadın və bir nəfər kişi özləri ilə gətirdikləri köhnə paltarlarları satmaq məqsədilə onun yanında qoymuş, bu səbəbdən aralarında baş verən mübahisə zamanı o, həmin şəxsləri döymüşdür. Bir az sonra polis əməkdaşları hadisə yerinə gəlmiş, sərxoş olduğu üçün o, hərəkətlərini idarə edə bilməyərək polis əməkdaşları ilə mübahisə etmiş və səs-küy salmışdır. Qəbələ RPŞ-ə gətirilərkən o, polis maşınının avtomobilinə təpik və yumruqla vuraraq ziyan vurmaq istəmişdir. İş üzrə şahid X3 göstərmişdir ki, o, Qəbələ RPŞ PPXB-nin təhqiqat bölməsində təhqiqatçı vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə əməliyyat-istintaq qrupunun üzvü olduğu üçün növbətçi hissədən ona X1 DİN-nin “102” xidmətinə zəng edərək Şəxs tərəfindən döyülməsi barədə məlumat verməsi bildirilmiş, o, da Qəbələ RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Cavid Cabbarlı və Qəbələ RPŞ-nin növbətçi hissəsinin polis nəfəri, polis serjantı Nurlan Quliyev ilə birlikdə hadisə yerinə (Qəbələ rayonu Nic qəsəbəsinə) getmişdir. Şəxs müraciətlə bağlı izahat verməli olduğu izah edilərkən o ucadan ünvanlı və ünvansız nalayiq ifadələr işlədərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və nizam-intizama dəvət edilməsinə baxmayaraq ucadan ünvanlı və ünvansız söyüşlər söyməyə davam etmişdir. Bundan sonra Şəxs Qəbələ RPŞ-nin növbətçi hissəsinə məxsus avtomobilə sərxoşluq müayinəsindən keçirilməsi üçün gətirilərkən yenə də nalayiq söyüşlər söymüş, avtomobilə yumruq və təpiklə vuraraq dövlət əmlakına ziyan vurmağa cəhd etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli 022612 nömrəli İnzibati qaydada tutma haqqında protokola əsasən Şəxs həmin tarixdə, saat 14:30-da AR İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati qaydada tutulmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli 33 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə Protokolunun surətinə əsasən müayinə olunan Şəxs orta dərəcəli sərxoşluq (0,5 pr.m) aşkar edilmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2025-ci il tarixdə tarixdə Qəbələ RPŞ-nin konkret olaraq hansı polis əməkdaşının Qəbələ rayonu, Nic qəsəbəsində ictimai qaydanı mühafizə vəzifələrini icra etməsi, Şəxs həmin polis əməkdaşının nə kimi qanuni tələblərinə tabe olmadığı və tutulduğu halda necə tabesizlik göstərdiyi müəyyən deyil. Şəxs hərəkətləri AR İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri ilə əhatə olunmur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(025)-53/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-53/2025
17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver