Məhkəmə qərarları › İş №3(025)-533/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-533/2023

28.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-533/2023 28.09.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1967-ci ildə Qəbələ rayonu, İmamlı kəndində anadan olmuş, Qəbələ rayonu, İmamlı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 28 sentyabr 2023-cü il tarixdə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X4 tərəfindən Şəxs barəsində tərtib olunmuş, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 27 sentyabr 2023-cü il tarixdə Qəbələ rayonu, Mirzəbəyli kəndində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan başqa, 28 sentyabr 2023-cü il tarixdə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X4 tərəfindən Şəxs barəsində tərtib olunmuş, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* saylı İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 27 sentyabr 2023-cü il tarixdə Qəbələ rayonu, Mirzəbəyli kəndində ünvanlı və ünvansız söyüşlər söyərək, ictimai qaydanı pozmuş, xırda xuliqanlıq hərəkətləri törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X4 izahatında göstərdi ki, Şəxs Qəbələ rayonu, Mirzəbəyli kəndində polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq ictimai qaydanı kobud şəkildə pozmuşdur. Polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Həmçinin Şəxs Qəbələ rayonu Mirzəbəyli kəndində ünvanlı-ünvansız söyüşlər söyərək xırda xuliqanlıq törətmişdir. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* saylı və Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* saylı İnzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Mirzəbəyli kəndində toyuq yemi boşaldıb qazandığı pula içki alıb yolun kənarı ilə içə-içə gedərək həmin kənddə yerləşən Ayaz Ağayeva məxsus ərzaq mağazasının qarşısında içkili vəziyətdə öz həyatından tək qalmağından gileylənərək ünvanlı və ünvansız nalayiq söz və ifadələr işlətmişdir. Daha sonra polis mayoru Zamiq Nadirov və polis serjantı Azad Baxışlı özlərini təqdim edərək ona yaxınlaşıb söyüş söyməməyini tələb etmişdilər, lakin sərxoş vəziyyətdə olduğuna görə həmçinin əsəbi olduğu üçün yenədə söyüş söyməyə davam etmişdir. Məhkəmə iclasında şahid Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən X2 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Qəbələ rayon Mirzəbəyli kənd sakini X3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən istifadəsində olan ***-***-**-** saylı mobil nörməyə zəng edib Qəbələ rayon İmamlı kənd sakini Şəxs Mirzəbəyli kəndində Ayaz Ağayevə məxsus ərzaq mağazasının qarşısında sərxoş vəziyyətdə uca səslə nalayiq ifadələr işlətdiyini, hərəkətləri ilə yolla keçən şəxslərə maneçilik törətməsini bildirmişdir. O və İTB-nin sahə polis nəfəri, polis serjantı Azad Baxışlı ilə birlikdə həmin yerə getmişdilər. Orada Şəxs yaxınlaşaraq və özlərini təqdim edib onu sakitləşdirmək istəmişdilər. Lakin Şəxs hərəkətlərinə nəzarət edə bilmir uca səslə nalayiq ifadələr işlədərək onlarla mübahisə edir qanuni tələblərinə qəsdən tabe olmur və nümayişkəranə hərəkətlər edərək ictimai asayişi kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik edirdi. Onun bu cür hərəkətləri nəticəsində ora çoxlu sayda insanların toplaşmasına səbəb olmuşdur. Buna görə də həmin şəxs tərəflərindən müvafiq qaydada sakitləşdirilərək barəsində qanuna müvafiq qaydada tədbir görülməsi üçün polis şöbəsinə gətirilərək Növbətçi Hissəyə təhvil verilmişdir. Məhkəmə iclasında şahid X3 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə yaşadığı evdən çayxanaya gedərkən Qəbələ rayon İmamlı kənd sakini Şəxs həmkəndlisi Ayaz Ağayevə məxsus ərzaq mağazasının qarşısında söyüşlər söyürdü. Yolla gedən şəxslərə, yolun kənarında olan şəxslərə sataşırdı. O və digər kənd sakinləri Şəxs sakitləşdirməyə çalışsalar da o buna məhəl qoymur və hərəkətlərinə davam edirdi. Buna görə o ərazinin sahə rəisi polis mayoru Zamiq Nadirovun istifadəsində olan mobil nömrəyə zəng edib İlqarın etdiyi hərəkətlər barəsində məlumat vermişdir. Onun barəsində tədbirlər görülməsini xahiş etmişdir. Təxminən 7 dəqiqə sonra Zamiq Nadirov və köməkçisi ora gəlmişdilər. İlqarla söhbətlər aparıb nizam-intizamlı olmağı, insanları narahat etməməsi ilə bağlı söhbətlər aparsada o buna məhəl qoymur onların qanuni tələblərinə tabe olmur, onlarla kobud rəftar edirdi. Polis əməkdaşları bir neçə dəfə onunla söhbətlər aparsada İlqar hərəkətlərinə davam edirdi. Buna görə Übrahimovu polis şöbəsinə aparmışdılar. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs haqqında daha yüngül inazibati tənbeh növünün təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla və tərəflərin izahatları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Bundan başqa, məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X4 tərəfindən tərtib edilmiş 28 sentyabr 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan əməli, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə uyğun olaraq, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tədbiq edilməklə barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tədbiq edilməklə 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 27 sentyabr 2023-cü il tarixdən saat 23:00-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar