Məhkəmə qərarları › İş №3(025)-534/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-534/2022

06.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-534/2022 06.12.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X2, zərərçəkmiş Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə 1991-ci il martın 05-də Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqınhda işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 06 dekabr 2022-ci il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X3 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs Qəbələ şəhəri “Tural” adlanan marketdən xx.xx.2022 və xx.xx.2022-ci il tarixdə oğurluq edərək 29 manat 60 qəpik maddi ziyan vurmuşdur. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXMnin 227-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 06 dekabr 2022-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X3 göstərdi ki, Şəxs Qəbələ şəhəri “Tural” adlanan marketdən xx.xx.2022 və xx.xx.2022-ci il tarixdə oğurluq edərək 29 manat 60 qəpik maddi ziyan vurmuşdur. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətinə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bildi və izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 18 radələrindən sonra Qəbələ şəhərindəki Tural marketə daxil olmuş və oradan makaron almaq fikri var imiş. Marketə daxil olaraq vitrindən bir ədəd üçü bir yerdə, bir ədəd ikisi bir yerdə, bir ədəd də tək Alpen Gold şokoladlarını götürüb cibinə qoymuş, daha sonra tək olan şokoladı qaytarıb vitrinə qoymuşdur. Sonra kassaya yaxınlaşmadan marketdən çıxmışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 21 radələrindən sonra həmin marketə daxil olmuş, oradan 5 kq pesok, iki ədəd çörək və bir ədəd makaron alaraq pulunu verib marketdən çıxmışdır. Həmin zaman 4 ədəd bir kiloqramlıq Vest Gold yağlarını da götürmüş, salfetka olan vitrinlərin yanına qoymuş ki, yağın pulunu sonra qayıdıb verər. Aldığı malları öz “Vaz 2106” markalı, **-ED-*** dövlət nömrə nişanlı avtomobilinə qoymuş, daha sonra marketə təkrar daxil olmuş, ödəmə terminalından kontur vurmaq istəmişdir. Bu zaman vitrindən 9 ədəd müxtəlif markalı qadın bəzək əşyalarını götürərək cibinə qoymuş, marketdən çıxmaq istəyən zaman nəzarətçi onu saxlatmış, rəhbərliyə məlumat vermiş, üzərində olan şokoladları çıxarmışlar. Daha sonra avtmobilə baxaraq oradan bəzək əşyalarını aşkar etmişlər. Daha sonra polis əməkdaşları gələrək onu polis şöbəsinə aparmışlar. Həmin marketdən başqa vaxt hec nə oğurlamamışdır. Törətdiyi əməldən çox peşimandır və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil Vəliyyədin oğlu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs bildirdi ki, ona məxsus Qəbələ şəhər Vahid Qəhrəmanov küçəsində “Tural” adlı market vardır. xx.xx.2022-ci il tarixdə marketdə işləyən nəzarətçi Sırac adlı şəxs ona zəng edərək Saleh adlı şəxsin marketdən 5 ədəd “Alpen Gold” şokoladlarını oğurladığını kamera vasitəsi ilə aşkar etdiyini bildirmişdir. Buna görə marketə gəlmiş və saat təxminən 18 radələrindən sonra kameraya baxış keçirtmiş, saat 18:11 radələrində Şəxs vitrindən bir ədəd üçü bir yerdə olan, bir ədəd ikisi bir yerdə olan və bir ədəd də tək Alpen Gold şokoladını götürdüyünü, sonradan tək olan şokoladı şübhələnməmək üçün vitrinə qaytardığını, kassaya yaxınlaşmadan marketdən çıxdığını aşkar etmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 21:30 radələrində Sırac ona zəng edərək Şəxs oğurluq edən zaman tutub saxladığını bildirmişdir. Buna görə marketə getmiş, polisə məlumat vermiş, Sırac Salehin cibindən 5 ədəd hər birinin dəyəri 1.80 manata, ümumi dəyəri 9 manata olan “Alpen Gold” şokoladlarını çıxardaraq stolun üzərinə qoymuş, daha sonra onun maşınına öz iştirakı ilə baxmış və oturacağın altından hər birinin dəyəri 2 manat 50 qəpik olan 9 müxtəlif markada qadın bəzək əşyalarını aşkar etmişlər. Saleh özü etiraf edərək həmin əşyaları oğurladığını bildirmişdir. Sonra kameraya baxmış və bəzək əşyalarını oğurlayaraq kassaya yaxınlaşmadan marketdən çıxmış, sonra marketə qayıdaraq şokoladları cibinə qoymuş və sonra isə 4 ədəd hər birinin dəyəri 15.90 manata olan bir kiloqramlıq Vest Gold yağını isə salfetkaların yanında gizlətmişdir. Yağlar və şokoladları ona qaytarmışlar. 5 ədəd ümumi dəyəri 7 manat 10 qəpik olan “Alpen Gold”, 22 manat 50 qəpik dəyərində olan 9 müxtəlif markada qadın üçün bəzək əşyalarının oğurlanması nəticəsində ona 29 manat 60 qəpik maddi ziyan dəymişdir. Şəxs qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Qəbələ RPŞ-nin təhqiqat qrupunun təhqiqatçısı X1 21 noyabr 2022-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət təqibi olmadığından, fakt üzrə cinayət işinin başlanması rədd edilmiş, inzibati xətanı törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti Qəbələ RPŞ-nin İTB-nə verilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək Şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs oğurluq yolu ilə özgəsinin əmlakını talayaraq Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tədqiq olunmuş digər materiallarla tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən,xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 53.0 və 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə, inzibati xəta törətmiş Şəxs vurulmuş ziyanı ödəməsi ilə bağlı zərərçəkmiş şəxslə razılığa gəlməsini və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci və 53.0.10-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci və 53.0.10-cu maddəsi tətbiq edilməklə inzibati məsuliyyətdən azad edilsin. Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar