Məhkəmə qərarları › İş №3(025)-537/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-537/2021

10.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-537/2021 10.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş materiala baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati icraat və məhkəm işləri şöbəsinin aparıcı mütəxəssisi X2 tərəfindən tərtib edilmiş 30 sentyabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən (bank) təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs MMC 15695 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabında 04 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq, 15695 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 verdiyi izahatında göstərmişdir ki, şirkət 30 sentyabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilən inzibati xətanı törətməkdə təqsirli olmamış, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən araşdırma tam və ətraflı aparılmamışdır. Belə ki, cəmiyyət tərəfindən xarici şirkətlə bağlanan müqaviləyə əsasən ümumi 15695 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabında 04.09.2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, 15695 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən bəyannamələr təqdim olunmuş və sözügedən mallar ölkəyə idxal olunmuşdur. Həmin bəyannamənin surəti və bununla bağlı müvafiq sənədlər məhkəməyə təqdim olunur. Qeyd olunanları nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə nümayəndəsi gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCnin nümayəndəsi X1 izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin hərəkətlərində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından müəyyən edildi ki, Şəxs MMC 15695 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Azərbaycan Beynəlxalq Bankında olan hesabında 04 sentyabr 2019-cu il tarixində 15695 Avro məbləğində xarici valyutada olan vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Şəxs MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş **********84302 sorğu nömrəli gömrük bəyannaməsindən və ona əlavə edilmiş digər sənədlərdən görünür ki, şirkət tərəfindən 15695 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabında 04 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş və 02.10.2019-cu il tarixdə vəsait hesabına alınan mallar ölkəyə idxal olunmuşdur. Beləlikə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC və İtalyanın “CASARA della DELİZİA” şirkəti arasında müqavilə bağlanmış, müqavilənin əsasını 15695 Avro məbləğində üzümçülükdə istifadə olunan maşınların hissələri Azərbaycan Respublikasına idxal olunaraq Şəxs MMC-yə təhvil verilməsi təşkil etmişdir. Şəxs MMC qeyd olunan məbləği Azərbaycan Beynəlxalq Bankı vasitəsilə İtalyanın “CASARSA della DELİZİA” şirkətinin hesabına köçürmüş, müvafiq olaraq mallar da ölkəyə idxal olunmuşdir. Yuxarıda qeyd olunan gömrük bəyannaməsindən aydın olur ki, mübahisəli məbləğ 15695 Avro məbləğində vəsait həmin müqavilənin predmetini təşkil etmiş, 15695 Avro məbləğində vəsait hesabına alınan mallar isə ölkəyə idxal olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2 və 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati icraat və məhkəm işləri şöbəsinin aparıcı mütəxəssisi X2 tərəfindən tərtib edilmiş 30 sentyabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolunda göstərilən inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar