Məhkəmə qərarları › İş №3(025)-539/2020

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-539/2020

28.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-539/2020 28.12.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş materiala baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin uçot siyasəti şöbəsinin müdiri X3 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 2018-ci il üzrə maliyyə hesabatlarının 2019-cu ildə auditini aparmamışdır. Bununla da, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 verdiyi izahatında göstərmişdir ki, şirkət xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilən inzibati xətanı törətməkdə təqsirli olmamış, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən araşdırma tam və ətraflı aparılmamışdır. Belə ki, cəmiyyət tərəfindən maliyyə hesabatlarının auditinin verilməsi üçün halhazırki pandemiya səbəbi ilə tətbiq olunan karantin rejimi ilə əlaqədar olaraq yetərli olmadığından Maliyyə Nazirliyi həmin müddəti ilin sonuna kimi uzatmışdır. Şəxs auditor hesabatını həmin müddət çərçivəsində Maliyyə Nazirliyinə təqdim etmişdir, lakin Nazirlik bunu nəzərə almamış və Şəxs MMC barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, prosess iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin hərəkətlərində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Qəbələ Rayon Məhkəməsinə göndərilmiş xx xxxxxx 2020-ci il tarixli 10/04-277-6098 saylı məktubdan və ona əlavə edilmiş Şəxs MMC-nin səhmdarlarına və rəhbərliyinə müstəqil auditorun hesabatı barədə xx xxxxxx 2019-cu il tarixli Rəyin surətindən grünür ki, görünür ki, Şəxs 2018-ci il üzrə maliyyə hesabatlarına dair audit aparmış və xx xxxxxx 2019-cu il tarixli auditor rəyini (müstəqil auditor hesabatını) xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etmişdir. Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2 və 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin uçot siyasəti şöbəsinin müdiri X3 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolunda göstərilən inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar