Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-54/2024 01.02.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X4, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1962-ci il iyunun 20-də Qəbələ rayonu Bum qəsəbəsində doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu, Bum qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə 01 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X9 tərəfindən Şəxs barədə tərtib edilmiş 01 fevral 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokolda qeyd edilir ki, xx.xx.2023-cü il tarixdə Şəxs Qəbələ rayonu Bum qəsəbəsində yerləşən yaşadığı evin həyətində 2 ədəd yaş vəziyyətdə ümumi çəkisi 750 qr olan narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq etməklə əkmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi göstərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X9 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Şəxs Qəbələ rayonu Bum qəsəbəsində yerləşən yaşadığı evin həyətində 2 ədəd yaş vəziyyətdə ümumi çəkisi 750 qr olan narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq etməklə əkmişdir. 25 yanvar 2024-cü il tarixli “cinayət işinin icraatına xitam verilməsi haqqında” qərara əsasən Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə başlanmış ********* saylı cinayət işi üzrə əməlində cinayət tərkibi aşkar edilmədiyindən cinayət işinin icraatına xitam verilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qərarın surəti Qəbələ RPŞ-nin İTB-nə verilməsi qərara alınmışdır. Belə olub Şəxs barəsində tərəfindən protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 208-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, Qəbələ rayon Bum qəsəbəsində yaşayır, heç bir yerdə işləmir. 10 ildən artıqdır ki, narkotik vasitələrə aludəçiliyi vardır, marixuanadan istifadə edir. Qurudulmuş marixuananı siqaretə dolduraraq istifadə edir. Bir müddət Rusiya Federasiyasında yaşamışdır. Qeydiyyat qaydalarını pozduğu üçün 2020-ci ilin mart ayında Rusiya Federasiyasından deportasiya olunmuşdur. Həmin vaxt özü ilə birgə çantasında Rusiya Federasiyasından sayını dəqiq bilmədiyim qədər, təxminən 5 ədəd narkotik tərkibli bitki olan marixuana bitkisinin toxumlarını gətirmiş, həmin toxumları Sankt Peterburq şəhərində xatırlamadığı şəxsdən əldə etmişdir. Niyyəti həmin toxumları Bum qəsəbəsində yaşadığı evin həyətində əkib becərmək və qurudaraq özünə çəkmək olmuşdur. Təxminən 3 ay əvvəl 2023-cü ilin may ayının sonlarında dəqiq xatırlamadığı günündə toxumları əkmək qərarına gəlmiş, elə həmin vaxt həyətində olan 4 ədəd köhnə vedrələrdə toxumları əkmiş, vedrələri isə yaşadığı evin yaxınlığında olan yarımtikilinin içərisində yerləşdirmiş, mütəmadi olaraq su verməyə başlamış, həmçinin, yaxşı inkişaf etməsi üçün vedrədə torpağını yumşaltmışdır. Təxminən 10-15 gün keçdikdən sonra çətənə bitkilərindən 4 ədədinin bitdiyini, bir ədədinin ümumiyyətlə cücərmədiyini, bitmədiyini görmüş, bitkilərdən ikisinin zəif və keyfiyyətsiz olduğunu, iki ədəd çətənə kolunun isə yaxşı inkişaf etdiyini müəyyən etmiş, zəif inkişaf etmiş iki ədəd çətənə kolu olan iki ədəd vedrəni yarımtikilidən kənara aparmış ki, onları vedrələrdəki torpaqdan çıxardıb tullamış, içərsindəki torpağı yerə boşalmış, vedrələrin içərisində yapışmış azca torpaq qalmışdır. Zəif inkişaf etmiş çətənə bitkilərini evinin yanındakı bağ-meşəlik sahəyə apararaq tullamışdır. Qalan iki toxum isə yaxşı cücərib bitmiş, inkişaf etmiş, hər ikisinin uzunluğu təxminən 1 metrdən artıq olarmış. Onların yaxşı inkişaf etməsi üçün yarımtikilinin günəş düşən hissəsində saxlayırmış. xx.xx.2023-cü il tarixdə təxminən günortaya yaxın saatlarda Qəbələ rayon Bum qəsəbəsində yaşadığı həyətin qarşısında olan zaman Qəbələ RPŞ-nin əməkdaşları həyətinə gəlib onu çağırmışlar. Bayıra çıxdıqda özlərini təqdim edərək narkotik vasitələri əkib-becərməkdə şübhəli olduğunu deyib onu Qəbələ RPŞ-nin inzibati binasına dəvət etmişlər. Razılıq verərək polis şöbəsinə getmiş, polis şöbəsində ona narkotik tərkibli bitki olan marixuana əkib-becərməkdə şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşlarına həqiqətən də yaşadığı evin həyətində marixuana bitkisini əkib-becərdiyimi etiraf etmişdir. Qəbələ rayon Bum qəsəbəsində yerləşən həyətində 5 ədəd çətənə bitkisi əkdiyini, onlardan birinin ümumiyyətlə cücərmədiyini, sonradan ikisinin zəif inkişaf etdiyi üçün onları tulladığını, iki ədəd çətənə kolunun isə həyətində olduğunu bildirmişdir. Polis şöbəsindən müdafiəçinin, aqronomun iştirakı ilə polis əməkdaşları ilə birgə yaşadığı evə gəlmişlər. Öz razılıq ərizəsi əsasında evinə və həyətinə baxış keçirilmiş, yarımtikilidən inkişaf etmiş 2 ədəd marixuana bitkisi iştirakı ilə verdərəki torpaqdan çıxarıb uzunluqlarını ölçmüşlər. Onlardan birinin 132 sm, digərinin isə 105 sm olduğu müəyyən edilmişdir. Hər iki marixuana bitkisi polis əməkdaşları tərəfindən kisəyə qoyularaq möhürlənərək götürülmüşdür. Həmçinin, zəif inkişaf etdiyi üçün vedrələrin içərisindən boşaldığı torpaq, eləcə də digər vedrələrin içərisində qalmış az miqdarda torpaq, bitki kökləri hər biri ayrı-ayrılıqda ağ rəngli kisələrə yığılaraq götürülmüşdür. Marixuana bitkisini əkibbecərməsindən kimsə xəbərdar olmamış, məlumat verməmiş, ona heç kim köməklik etməmişdir. Evində və həyətində başqa heç bir narkotik tərkibli maddə aşkar edilməmişdir. Polis əməkdaşları evində xalçanın altından qara rəngli maddə aşkar etmişlər. Ancaq həmin maddənin narkotik vasitə deyilmiş. Çünki evində və həyətində başqa heç bir narkotik vasitə, psixotrop maddə saxlamırmış. Həmin maddə də şübhəli olduğu üçün polis əməkdaşları tərəfindən qablaşdırılıb möhürlənərək götürülmüşdür. Polis əməkdaşları tərəfindən baxış keçirilən zaman videoçəkiliş də aparılmış, eləcə də fotoşəkillər çəkilmiş, sonra protokolla tanış olaraq imzalamışdır. Son olaraq törətdiyi əməldən peşman olduğunu bildirməklə barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Osmanov X3 Xalidli barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 208-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etiraf edici izahatı, işdə olan ekspert rəyi və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilmişdir: İşdə olan 25 yanvar 2024-cü il tarixli “cinayət işinin icraatına xitam verilməsi haqqında” qərarından görünür ki: 08 avqust 2023-cü il tarixli Qəbələ RPŞ-nin TB-nin təhqiqatçısı Fərid Nizamlı tərəfindən tərtib edilmiş “baxış keçirilməsi barədə” protokoldan görünür ki, 08 avqust 2023-cü il tarixdə saat 13:00 radələrində şübhəli şəxs qismində tutulmuş Şəxs yaşadığı Bum qəsəbəsindəki fərdi yaşayış evinə və həyətyanı sahəsinə özünün, müdafiəçisinin, aqronom-mütəxəssisin və polis əməkdaşlarının iştirakı ilə razılıq ərizəsi əsasında baxış keçirilmişdir.Baxış zamanı həyətin giriş qapısından sağda, evindən 30 metr aralıda yarımtikili vardır.Şəxs həmin əkib-becərdiyi 02 ədəd marixuana bitkilərini həmin yarımtikilidə saxladığını bildirmişdir.Yarımtikiliyə baxış keçirilən zaman giriş qapısından sağ tərəfdə divarın yanında iki ədəd, biri vedrədə, digəri isə dəmir qabda olmaqla marixuana bitkisinə bənzər bitki aşkar olunmuşdur.Şəxs həmin bitkilərin marixuana bitkisi olduğunu, təxminən üç ay əvvəl özü tərəfindən əkildiyini, mütəmadi su verməklə qulluq etdiyini bildirmişdir. Aşkar edilmiş marixuana bitkisinə bənzər bitkilər qadakı torpaqdan çıxarılmış, metrə ilə uzunluqları ölçüldükdə 132 sm və 105 sm olduğu müəyyən edilmişdir.Çıxarılmış marixuanaya bənzər bitkilər ağ rəngli kisəyə qoyularaq üzəri “103” saylı möhürlə möhürlənmiş, ekspertiza üçün götürülmüşdür. Ali təhsilli X1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, “xx.xx.2023-cü il tarixdə vət.Şəxs yaşadığı Qəbələ rayon Bum qəsəbəsində yerləşən həyətyanı sahəyə baxış zamanı həməni həyətdə olan yaşayış evinin qarşı tərəfindəki yarımtikili binanın içərisində 2(iki) ədəd dibçəkdə əkilmiş 2(iki) ədəd narkotik tərkibli bitki olan çətənə(kannabis) bitkisinə bənzər bitki kolları aşkarlanmışdır.Həmin dibçəklərdə olan bitkilərin dibləri yumşaldılmış, dibçəklərdə aşkar olunmuş bitki kollarına su verilmiş, və xüsusi aqrotexniki qulluq olunmuşdur.Həmçinin, həmin həyətdə olan yaşayış evinin arxa tərəfində yerləşən yarımtikili içərisində 02(iki) ədəd içərisində yarıya kimi torpaqları yerə boşaldılmış dibçəklər aşkar edilmişdir.Həmin aşkar edilmiş 02(iki) ədəd dibçəklərdə və yerə boşaldılmış torpaqlarda bitki saçaqları müşahidə olunur.Aşkar edilmiş 02(iki) ədəd dibçəklərdə və yerə boşaldılmış torpaqlar münbitləşdirilmiş və gübrə verilmişdir.Şəxs bildirmişdir ki, 04(dörd) ədəd çətənə kollarını əkib-becərmiş, onlardan iki çətənə kolu dişi çıxdığı üçün onları dibçəklərlə bərabər çıxarıb atmışdır”. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası X10 Bölməsindən daxil olmuş 09 avqust 2023-cü il tarixli 17/594 nömrəli məhkəmə bioloji ekspertizasının rəyində göstərilmişdir ki: Tədqiqata təqdim olunmuş, üzərində yapışdırılmış kağızda “İştirakçılar Şübhəli şəxs 1./imza/Şəxs.2 Vəkil /imza/Vəkil.3.Aqronom ərifov Elimdar Möylam oğlu.....” sözləri, adları və imzalar olan 01(bir) ədəd sintetik kisənin içərisindəki, 02(iki) ədəd, uzunluqları 105 sm və 132 sm, yaş vəziyyətdə ümumi təmiz çəkiləri- 750,0 qram bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləridir. X8 08 avqust 2023cü il tarixli rəyinə əsasən təqdim edilmiş çətənə(kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata təqdim olunmuş, hər birinin üzərinə yapışdırılmış kağızlarda “İştirakçılar Şübhəli şəxs 1./İmza/Şəxs. 2 Vəkil/imza/ Vəkil. 3. X1....” yazısı, adlar və imzalar olan 02(iki) ədəd sintetik kisələrdəki torpaq nümunələrinin hər birində əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə(kannabis) bitkisinin hissəcikləri vardır. Tədqiqata təqdim olunmuş, 02(iki) ədəd sintetik kisələrdəki torpaq nümunələrinin münbitliyi həmin torpaqlarda çətənə(kannabis) bitkisinin yetişməsini mümkün edir. Tədqiqata təqdim olunmuş, 02 (iki) ədəd sintetik kisələrdəki torpaq nümunələrinin hər birində olan çətənə (kannabis) bitkisinin hissəcikləri cüzi miqdarda olduqlarına görə həmin obyektlərdə təqdim edilmiş 02 (iki) ədəd çətənə (kannabis) bitkilərinin müqayisəli (eynilik) tədqiqatını aparmaq mümkün olmadı. Tədqiqata təqdim olunmuş, üzərində “İştirakçılar Şübhəli şəxs 1./imza/Şəxs.2 Vəkil /imza/ Vəkil 3.X2.....”yazısı, adlar və imzalar olan 01(bir) ədəd zərfin içərisindəki 01(bir)ədəd salfet kağızı bükümündə, təmiz çəkisi-0,06 qram olan bitki mənşəli kütlə narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim olunmuş, 01(bir) ədəd salfet kağızı bükümündə olan bitki mənşəli kütlə narkotik vasitə olmadığından həmin obyektə təqdim edilmiş 02(iki) ədəd narkotik tərkibli çətənə bitkilərinin müqayisəli(eynilik) tədqiqatı aparılmadı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 29 dekabr 2023-cü il tarixli 3-16-16/2-7/1664 “əlavə bioloji ekspertizası” rəyindən görünür ki: 1.Tədqiqata təqdim edilmiş 02(iki) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləridir. 2.Təqdim edilmiş iki ədəd sintetik torbadakı torpaq nümunələrində cüzi miqdarda çətənə (kannabis) bitkisinin hiccəsikləri vardır. 2.1 Həmin hissəciklər çətənə (kannabis) bitkisinin yarpaq və budağ hissəciklərindən ibarətdir. 3.Təqdim edilmiş bir ədəd zərfdə olan kütlə bitki mənşəli narkotik vasitələrə aid deyil. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin təqdim etdiyi Şəxs barəsində olan xx.xx.2023-cü il tarixli 1642 nömrəli rəydə göstərilmişdir ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir.Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. 23 avqust 2023-cü il tarixli “maddi sübut kimi tanınma və saxlanılma haqqında” qərara əsasən Şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən aşkar edilərək götürülmüş və bioloji ekspetizadan sonra qalmış ümumilikdə 02 ədəd çətənə bitkiləri, həmçinin, əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə(kannabis) bitkisinin hissəcikləri olan torpaq kütləsi iş üşün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmın, saxlanılması üçün Qəbələ RPŞ-nin saxlancına verilmişdir. Məhkəmə, Şəxs əməlindən peşman olmasını inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 37.1-ci maddəsinə əsasən nzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. 37.4-cü maddəsinə əsasən Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 37.5-ci maddəsinə əsasən Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. 37.6-ci maddəsinə əsasən İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicə müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi şərtlərə və qaydalara uyğun aparılır. 37.7-ci maddəsinə əsasən İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. 37.8-ci maddəsinə əsasən İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicədə olan şəxsin məcburi müalicədən vaxtından əvvəl azad edilməsi və məcburi müalicə müddətinin uzadılması “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda həmin müəssisənin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla, müəssisənin yerləşdiyi yer üzrə məhkəmənin qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 208-ci maddəsinə əsasən Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə və ya yetişdirilməsinə) görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin maddənin qeyd hissəsində “az miqdarda” dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin müvafiq qanunla müəyyən edilmiş xeyli miqdardan aşağı miqdar başa düşülür. Göründüyü kimi Şəxs əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkilərini xeyli miqdardan yəni, 03 ədəddən az, yəni, 02 ədəd kultivasiya etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati protokolu tərtib etmiş şəxsin və barəsində inzibati icraat aparılan şəxsin izahatı, eləcə də cinayət işinin istintaqı zamanı şahidlərin ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası X10 Bölməsindən daxil olmuş 09 avqust 2023-cü il tarixli 17/594 nömrəli məhkəmə bioloji ekspertizasının rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 29 dekabr 2023-cü il tarixli 3-16-16/2-7/1664 “əlavə bioloji ekspertizası” rəyi, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, barəsində həbs növündə inzibati təhbeh tətbiq edilməlidir. Eyni zamanda İş üzrə maddi sübut – ********* saylı cinayət işinin materialına əsasən Qəbələ rayon Polis şöbəsində saxlanılan Şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən aşkar edilərək götürülmüş və bioloji ekspetizadan sonra qalmış ümumilikdə 02 ədəd çətənə bitkiləri, həmçinin, əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəcikləri olan torpaq kütləsi məhv edilməli, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X10 Bölməsinin 17/594 saylı, xx.xx.2023-cü il tarixli rəyinin ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat dövlət büdcəsi vəsaiti hesabına ödənilməli, Səhiyyə Nazirliyi Gəncə Şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin təqdim etdiyi Şəxs barəsində olan xx.xx.2023-cü il tarixli 1642 nömrəli rəy nəzərə alınmaqla, Şəxs ərazi Narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalı, Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, cəzasını çəkib qutardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunmalı, Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməli, qərarın icrası narkomaniyadan məcburi müalicə təyin edilməsi hissəsində ixtisaslaşdırılmış tibb müəssisəsinə və məcburi müalicənin icrasına nəzarət edilməsi üçün Qəbələ rayon İcra və probasiya şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 01 (bir) ay 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsdə saxlama müddətinin əvvəli 01 fevral 2024-cü il saat 16:00-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut – ********* saylı cinayət işinin materialına əsasən Qəbələ rayon Polis şöbəsində saxlanılan Şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən aşkar edilərək götürülmüş və bioloji ekspetizadan sonra qalmış ümumilikdə 02 ədəd çətənə bitkiləri, həmçinin, əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəcikləri olan torpaq kütləsi məhv edilsin. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X10 Bölməsinin 17/594 saylı, xx.xx.2023-cü il tarixli rəyinin ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Şəxs ərazi Narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, cəzasını çəkib qutardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunsun. Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Qərarın icrası narkomaniyadan məcburi müalicə təyin edilməsi hissəsində ixtisaslaşdırılmış tibb müəssisəsinə və məcburi müalicənin icrasına nəzarət edilməsi üçün Qəbələ rayon İcra və probasiya şöbəsinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-54/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-54/2024
01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver