Məhkəmə qərarları › İş №3(025)-542/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-542/2025

05.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-542/2025 05.11.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsin Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, ADSEA Suların İstifadəsinə və Mühafizəsinə DNX 12 saylı X2 nümayəndəsi Nümayəndə2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Şəxs MMC barəsində AR İXM-nin 262.1.2 və 264.0.3-cü maddələri ilə olan «inzibati xəta haqqında» xx.xx.2025-ci il tarixli ******* nömrəli protokol üzrə inzibati xəta haqqında iş üzrə icraat materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs MMC barəsində AR İXM-nin 262.1.2 və 264.0.3-cü maddələri ilə ondan ötrü inzibati xəta haqqında iş üzrə icraat (inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli ******* nömrəli protokol üzrə) bağlanmışdır ki, o, Türyançay çayının Qəbələ rayonu Savalan kəndi ərazisindən keçən hissəsində (koordinatlar: x-40.767983; y-47.602295) su obyeklərini özbaşına tutmuş, habelə su mühafizə zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət etməmişdir. ADSEA Suların İstifadəsinə və Mühafizəsinə DNX 12 saylı X2 nümayəndəsi Nümayəndə2 göstərmişdir ki, ADSEA Suların İstifadəsinə və Mühafizəsinə DNX 12 saylı X2 xx.xx.2025-ci il tarixli 0027 saylı sərancamı əsasında xx.xx.2025-ci il tarixdə əməkdaşlar tərəfindən Türyançay çayının Qəbələ rayonu Savalan kəndi ərazisindən keçən hissəsində (koordinatlar: x-40.767983; y- 47.602295) baxış keçirilərkən 3 ədəd dövlət qeydiyyat nişanı olmayan tırtıllı ekskovator və 1 ədəd **-AC-*** dövlət nömrə nişanlı avtomaşınla qum-çınqıl hasilatı aparılaraq daşınması faktı aşkar edilmişdir. Yerində aparılan araşdırma nəticəsində həmin texnikalar vasitəsilə AR ETSN X6 X1 xx.xx.2023-cü il tarixli 0219 saylı və xx.xx.2024-cü il tarixli 0259 nömrəli “X7 Aktı”na əsasən “Türyançay İİİ” qum-çınqıl yatağında qum-çınqıl hasilatı məqsədilə cəmiyyətə ayrılmış ərazidən təxminən 250 metr yuxarıda 0,30-0,40 ha ərazidə hasilat apardığı müəyyən edilərək Şəxs MMC barəsində AR İXM-nin 262.1.2 və 264.0.3-cü maddələri ilə olan “inzibati xəta haqqında» xx.xx.2025-ci il tarixli ******* nömrəli protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC nümayəndəsi Nümayəndə1 göstərmişdir ki, Şəxs MMC Türyançay çayının Qəbələ rayonu Savalan kəndi ərazisindən keçən hissəsində qum-çınqıl hasilatını həyata keçirməkdən ötrü Qəbələ RİHB-nin xx.xx.2024-cü il tarixli 23 saylı sənəncamı ilə ayrılıb icarəsinə verilmiş “Türyançay İİİ” qum-çınqıl yatağında yerləşən 3,0 ha və 0,4 ha torpaq sahəsində fəaliyyət göstərir. Dövlət Ekspertiza İdarəsi tərəfindən cəmiyyətin istifadəsində olan olan 3,0 ha və 4,0 ha torpaq sahələrinin markşeyder planı tərtib edilərək AR ETSN X6 X1 xx.xx.2023-cü il tarixli 0219 saylı və xx.xx.2024-cü il tarixli 0259 nömrəli “X7 Aktı” ilə təsdiq olunmuşdur. “X7 Aktları”nda qeyd olunan koordinatları əhatə edən ərazinin mərz nişanları aramsız yağan yağışlar nəticəsində sel suları tərəfindən yuyulub aparıldığı üçün istifadə olunan ərazinin hüdudlarından kənara çıxma halı baş vermişdir. Lakin su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə müəyyən edilmiş tələblər pozulmamışdır. İşdə olan xx.xx.2025-ci il tarixli 002442 nömrəli Aktda göstərilmişdir ki, ADSEA Suların İstifadəsinə və Mühafizəsinə DNX 12 saylı X2 xx.xx.2025-ci il tarixli 0027 saylı sərancamı əsasında xx.xx.2025ci il tarixdə əməkdaşlar tərəfindən Türyançay çayının Qəbələ rayonu Savalan kəndi ərazisindən keçən hissəsində (koordinatlar: x-40.767983; y-47.602295) baxış keçirilərkən 3 ədəd dövlət qeydiyyat nişanı olmayan tırtıllı ekskovator və 1 ədəd **-AC-*** dövlət nömrə nişanlı avtomaşınla qum-çınqıl hasilatı aparılaraq daşınması faktı aşkar edilmişdir. Yerində aparılan araşdırma nəticəsində tırtıllı ekskovator və avtomaşının Şəxs MMC-yə (VÖEN: **********) məxsus olduğu və AR ETSN X6 X1 xx.xx.2023-cü il tarixli 0219 saylı və xx.xx.2024-cü il tarixli 0259 nömrəli “X7 Aktı”na əsasən qum-çınqıl hasilatı məqsədilə cəmiyyətə ayrılmış ərazidən təxminən 250 metr yuxarıda 0,30-0,40 ha ərazidə hasilat apardığı müəyyən edilmişdir. MMC-də frontal yükləyici vəzifəsində işləyən X3 “X7 Aktları”nı təqdim edərək həmin sənədlərdə qeyd olunan koordinatların yer aldığı nöqtələri bildirən xüsusi nişanların aramsız yağan yağışlar nəticəsində sel suları tərəfindən yuyulub aparıldığını, buna baxmayaraq texnikaların ayrılmış ərazidə işlədiyini bildirmişdir. Ona texnikaların ayrılmış ərazidən təxminən 250 metr yuxarıda işlədiyi bildirildikdə kənara çıxmanı sərhəd nişanlarının aramsız yağan yağışlar nəticəsində sel suları tərəfindən yuyulub aparılması ilə izah etmişdir. İşdə olan Qəbələ RİHB-nin xx.xx.2024-cü il tarixli 23 saylı sənəncamının surətinə əsasən AR ETSN X6 X1 xx.xx.2023-cü il tarixli 3-14-19/2-1546/2023 nömrəli müraciəti nəzərə alınıb (LOT- X- 719408.67, Y-4515669.20, X-719283.64, Y-4515646.82, X-719523.96, Y-4********.98, X- 719605.94, Y-4515974.92) üzrə hərracı keçirilmiş “Türyançay İİİ” qum-çınqıl yatağında yerləşən 0,4 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixli 0219 nömrəli “X7 Aktı”na əsasən qum-çınqıl hasilatı məqsədilə 4 il müddətinə, xx.xx.2028-ci il tarixədək Şəxs MMC–nin istifadəsinə verilmişdir. AR Su Məcəlləsinin 82-ci maddəsinin 1-ci abzastına əsasən su obyektlərinin ekoloji tələblərə uyğun vəziyyətdə saxlanması, yerüstü və yeraltı suların çirklənməsinin, zibillənməsinin və tükənməsinin qarşısının alınması, habelə heyvanlar və bitkilər aləminin məskunlaşdığı mühitin qorunub saxlanması üçün su mühafizə zonaları müəyyən edilir. Həmin Məcəllənin 82-ci maddəsinin 2-ci abzastına əsasən su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir. Həmin Məcəllənin 82-ci maddəsinin 3-cü abzastına əsasən su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir.Sahil mühafizə zolaqlarında torpaqların şumlanması və əkilməsi, meşələrin qırılması, ağac və kolların kökündən çıxarılması, heyvandarlıq ferma və düşərgələrinin, qəbiristanlığın, zibilxananın yerləşdirilməsi, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, digər fəaliyyət növləri qadağan edilir. AR İXM-nin 75.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. Həmin Məcəllənin 75.0.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs MMC “Türyançay İİİ” qum-çınqıl yatağında AR ETSN X6 X1 xx.xx.2023-cü il tarixli 0219 saylı və xx.xx.2024-cü il tarixli 0259 nömrəli “X7 Aktı”nda qeyd olunmuş koordinatları əhatə edən ərazidən kənarda ( koordinatlar: x-40.767983; y-47.602295) hasilat aparmışdır. MMC-nin Qəbələ rayonu Savalan kəndi ərazisindən keçən hissədə Türyançay çayının akvatoriyasından kənara çıxaraq su mühafizəsi zonaları və sahil mühafizə zolaqlarının müəyyən edilmiş koordinatları əhatə edən ərazisində fəaliyyət göstərməsi müəyyən edilməmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (ərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 262.1.2-ci maddəsinə əsasən su obyeklərinin özbaşına tutulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 264.0.3-cü maddəsinə əsasən su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2025-ci il tarixdə Şəxs MMC AR ETSN X6 X1 xx.xx.2023-cü il tarixli 0219 saylı və xx.xx.2024-cü il tarixli 0259 nömrəli “X7 Aktı”nda qeyd olunmuş koordinatları əhatə edən ərazidən kənarda hasilat aparmaqla AR İXM-nin 262.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Səlahiyyətli orqan Şəxs MMC-nin Türyançay çayının akvatoriyasından kənara çıxaraq su mühafizəsi zonaları və sahil mühafizə zolaqlarının müəyyən edilmiş koordinatları əhatə edən ərazisində fəaliyyət göstərməsini təsdiq edən heç bir sübut əldə etmədiyi halda cəmiyyətin fəaliyyətini AR İXM-nin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətləri ilə uyğunlaşdırmaqla səhvə yol vermişdir. AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin AR İXM-nin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsinin tərkibi olmadığından Şəxs MMC barəsində İXM-nin həmin maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 262.1.2-ci maddəsi ilə təqsirli bilinsin və 3000,0 (üç min) manat cərimə edilsin. Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar