Məhkəmə qərarları › İş №3(025)-546/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-546/2024

21.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-546/2024 21.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı-məsləhətçi müfəttişi Nümayəndə1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə MN № ******* nömrəli 01 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü materialı baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Qəbələ şəhərində yerləşən Şəxs MMC-nin fəaliyyəti nəticəsində əmələ gələn çirkab suların heç bir qurğu və avadanlıqdan keçmədən, təmizləmədən birbaşa Qaraçayın ərazisinə axıdılması müəyyən edilmişdir. Nəticədə Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə MN № ******* nömrəli 01 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparacı-məsləhətçi müfəttişi Nümayəndə1 izahatında göstərdi ki, Qəbələ rayon Soltannuxa kənd sakini Şahid2 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xətt xidmətinə etdiyi müraciət ilə əlaqədar araşdırılma aparılmış və məlum olmuşdur ki, Qəbələ şəhərində yerləşən Şəxs MMC-nin fəaliyyəti nəticəsində əmələ gələn çirkab suların heç bir qurğu və avadanlıqdan keçmədən, təmizləmədən birbaşa Qaraçayın ərazisinə axıdılır. Odur ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə MN № ******* nömrəli 01 oktyabr 2024-cü il tarixliinzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs MMCnin Azərbaycan Respublikası İXM-in 264.0.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmasından ötrü Qəbələ Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2məhkəməyə elektron qaydada təqdim etdiyi etiraz ərizəsinə uyğun çıxış edərək göstərmişdir ki, Regional İdarə ərizəsini onunla əsaslandırıb ki, Şəxs MMC tərəfindən guya mövcud qanunvericiliyin tələblərinə riayət edilməyərək zavodun fəaliyyəti nəticəsində əmələ gələn çirkab suları Qaraçayın ərazisinə axıdılmaqla inzibati xəta törədilir. Regional İdarə tərəfindən məhkəməyə təqdim edilən həmin ərizə və tərtib edilmiş inzibati xəta haqqında protokol və digər iş materialları üzrə dəlillər aşağıda qeyd edilənlərə uyğun olaraq əsassızdır: Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün mötəbər sübutlara əsaslanmaq lazımdır. X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında müvafiq protokol və digər iş materialları həqiqəti əks etdirmir və mötəbər deyil. Məhz bu səbəbdən də hazırkı iş üzrə işin obyektiv həllində sübut qismində qiymətləndirilə bilməz. Məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, iş materiallarında bəzi fotoşəkillər yer alır ki, bununla da iddia edildiyinə görə guya Şəxs MMC tərəfindən su hövzələrinə çirkab su axıdılır. Lakin sözügedən fotoşəkillərə sadə nəzərlə diqqət yetirdikdə həmin ərazinin harada yerləşdiyi, buradakı tullantı qismində görünən maddələrin nədən ibarət olması, tərkibi və s. kimi zəruri məlumatlar öz əksini tapmır. Çox müəmmalıdır, adi fotoşəkillərdən necə əmin olmaq olar ki, bu ərazidəki qalıntılar həqiqətən də Şəxs MMC tərəfindən atılıb və ya həqiqətən də zavodun fəaliyyəti nəticəsində meydana gəlmişdir. Hər bir halda əgər həmin qalıqların zavod tərəfindən yarandığı və bunun zavod fəaliyyəti nəticəsində meydana gələn çirkab sulardan ibarət olması iddia edilirsə, iş materiallarında bu faktı təsdiq edən sübutlar da öz əksini tapmalı idi. Fotoşəkillərin çəkildiyi ərazi dövlət mülkiyyətində olan və hər kəsin asanlıqla əlçatımlılığı olan bölgələrdir. Sırf vətəndaş müraciəti və vətəndaşın fərziyyəsi üzərinə əraziyə əyani baxış keçirmək, hər hansı təsdiqedici əsaslara tabe tutmamaqla sıradan gözlə nəzər yetirib tullantıların Şəxs MMC tərəfindən buraxıldığı qənaətinə gəlmək tamamilə absurddur. Digər bir tərəfdən, iş materiallarında mövcud olan 86485 nömrəli aktdan görünür ki, müraciəti daxil olmuş vətəndaşlardan biri su hövzəsində yaranmış çirkab qalıntının “Cipsi Zavodu”ndan, digəri isə “Gilan Holdinq”dən qaynaqlandığı qeyd edib. Daha bir müəmmalı məqam odur ki, Regional İdarə bu ifadələrdən yola çıxaraq necə, nə üçün, hansı əsasla diqqət mərkəzini Şəxs MMC-yə yönəldib?! Şəxs MMC nə Gilan Holdinqdir, nə onun tabeliyindədir, nə hal-hazırda onunla faktiki olaraq və ya hər hansı hüquqi müstəvidə əlaqəsi var, nə də cipsi istehsalı üzrə fəaliyyət göstərir. Regional idarə şikayət üzrə araşdırma aparırdısa ilk müraciət etməli olduğu qurum Gilan Holdinq olmalı idi. Qeyd edilənlərdən qısaca belə anlaşılır ki, vətəndaşların “Gilan Holdinq”, “cipsi zavodu”, “çayda çirklənmə” ifadələrindən yola çıxmış Regional İdarə Şəxs MMC-yə fokuslanmış, qeyd edilən ərazini sadə şəkildə gözlə nəzərdən keçirmiş və Şəxs MMC tərəfindən guya mövcud qanunvericiliyin tələblərinə riayət edilməyərək zavodun fəaliyyəti nəticəsində əmələ gələn çirkab suların Qaraçayın ərazisinə axıdılması” faktını heç bir xüsusi yoxlanış aparmaq zərurəti duymadan təsdiqləmişdir. Onu da məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, sözügedən 86485 nömrəli aktdan belə anlaşılır ki, ümumi istifadədə olan çay hövzəsi ərazisinə şikayətçi – Şahid2 və zavod əməkdaşı Şahid1 da iştirakı ilə baxış keçirilib. Məhz bu məqamda iddia edilənin əksinə Şahid1 ümumiyyətlə Regional İdarə əməkdaşları ilə görüşməyib, o həmin ərəfə həkim qəbulunda olub. O ki qaldı digər işdə iştirak etdiyi qeyd edilən şəxsə baxmayaraq hazırkı iş üzrə ilkin araşdırma Şahid2 müraciəti əsasında başladılıb və aktda da həmin şəxsin iştirakı qeyd edilib, lakin onun da iştirakçı qismində aktda imzası öz əksini tapmır. Yuxarıda qeyd edilənlərin işığında görünən tək həqiqət odur ki, tərtib edilmiş protokol və digər iş materialları qanunvericiliyin imterativ tələblərinə ziddir. Odur ki, iş materiallarında mövcud olan sənədlər mötəbər sübut kimi qiymətləndirməsi və bunun əsasında Şəxs MMCbarəsində inzibati tənbehin tətbiq edilməsi qanunvericiliyin, maddi və prosessual hüquq normalarının pozulmasına gətirib çıxarar. Göstərilənlərə əsasən Qəbələ Rayon Məhkəməsinin icraatında olan 3(025)-546/2924 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Qəbələ rayonu Soltan Nuxa kəndində yaşayır. Çay onların evlərinin yanından keçir. Çaya zibillərin və çirkab sulların atılması nəticəsində sudan pis iy gəlir, eyni zamanda su istifadə üçün də yararsız hala düşür. Yayda suyun iyindən evdə yaşamaq mümkün olmur. Suyun çirkələnməsi nəticəsində suyun rəngi də dəyişilmişdir. Belə olub, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xətt xidmətinə müraciət etmişdir. Müraciəti əsasında araşdırılma aparılmış və məlum olmuşdur ki, pozuntunu törədən Şəxs MMC-dir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 264.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetirildiyindən Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 01 oktyabr 2024-cü il tarixdə tərtib olunmuş 86485 saylı aktın surətindən görünür ki, Qəbələ rayon Soltannuxa kənd sakini Şahid2 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xətt xidmətinə etdiyi müraciət ilə əlaqədar araşdırılma aparılmış və məlum olmuşdur ki, Qəbələ şəhərində yerləşən Şəxs MMC-nin fəaliyyəti nəticəsində əmələ gələn çirkab suların heç bir qurğu və avadanlıqdan keçmədən, təmizləmədən birbaşa Qaraçayın ərazisinə axıdılır. - Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(025)-504/2022 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 7500 (yeddi min beş yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən bütün zəruri tədbirlər görülmüş, sonda fakta düzgün olaraq hüquqi qiymət verilmiş və Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə MN № ******* nömrəli 01 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 61.1.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ vardır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, Şəxs MMC çirkab suların heç bir qurğu və avadanlıqdan keçmədən, təmizləmədən birbaşa Qaraçayın ərazisinə axıdılması müəyyən edilmişdir. Həmçinin məhkəmə o halı da nəzərə alır ki, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı-məsləhətçi müfəttişi Nümayəndə1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2, eyni zamanda Şəxs MMC-nin səlahiyyətli şəxslərin iştirakı ilə İnzibati xəta haqqında protokola əlavə edilmiş foto-şəkillərin, yəni çirkab sularının axıldığı yerə baxış keçirilmişdir. Məhkəmə tərəfindən baxış keçirilən zaman həqiqətən də müəyyən edilmişdir ki, Şəxs MMC-nin fəaliyyəti nəticəsində əmələ gələn çirkab suların heç bir qurğu və avadanlıqdan keçmədən, təmizləmədən birbaşa Qaraçayın ərazisinə axıdılır. Həmçinin Şəxs MMC-nin səlahiyyətli şəxsləri bununla bağlı müvafiq avadanlıqların gətirildiyi, yaxın zamanlarda avadanlıqların quraşdırılacağını bildirmişlər. Göstərilən bu hallar həqiqətəndə Şəxs MMC-nin hərəkətlərində İXM-nin 264.0.1-ci maddəsinin tərkibinin olduğunu göstərir. Əlavə olaraq məhkəmə qeyd edir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(025)-504/2022 nömrəli qərarı ilə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 7500 (yeddi min beş yüz) manat məbləğində cərimə edilmiş, həmin qərardan Şəxs MMC tərəfindən apellyasiya şikayəti verilməmişdir. Şəxs MMC isə məhkəmə tərəfindən həmin qərar qəbul ediləndən sonra su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuların və avadanlıqların quraşdırılmasına dair hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyəti və işin digər hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs MMC-yə inzibati qaydada cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 390, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 8000 (səkkiz min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar