Məhkəmə qərarları › İş №3(025)-548/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-548/2024

22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-548/2024 22.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Tahirova Ləman Kamran qızının katibliyi və inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin DYPB-nin İTÜBİ-nin polis kapitanı X1 və Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə (İXP 6603937) icraat materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC barəsində ondan ötrü inzibati xəta haqqında protokol (İXP 6603937) tərtib edilmişdir ki, onun mülkiyyətində olan “İSUZU NPR YÜK” markalı 99JA271 dövlət nömrə nişanlı avtomaşını xx.xx.2024-cü il tarixdə saat 12:49 radələrində Bakı Quba yolunun 8.7 km ilə idarə edərək AR İXM-nin 327.1-1-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törədən fiziki şəxs barədə məlumatın Qəbələ RPŞ DYPB-nin sorğusuna əsasən 5 gün müddətində verilməsini təmin etməmişdir. X2” MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, “İSUZU NPR YÜK ” markalı 99JA271 dövlət nömrə nişanlı avtomaşını xx.xx.2024-cü il tarixdə saat 12:49 radələrində Bakı Quba yolunun 8.7 km ilə idarə edərək AR İXM-nin 327.1-1-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törədən fiziki şəxs barədə məlumatın verilməsi haqqında Qəbələ RPŞ DYPB-nin sorğusu cəmiyyətə daxil olmuş və sistemdə xəta olduğuna görə “online” qaydasında cavablandırmaq mümkün olmadığından lazımi məlumat kağız daşıcı vasitəsilə dərhal Qəbələ RPŞə göndərilmişdir. Belə ki, Şəxs MMC-nin mülkiyyətində olan “İSUZU NPR YÜK ” markalı 99JA271 dövlət nömrə nişanlı avtomaşın xx.xx.2023-cü il tarixli 03İ23 saylı icarə müqaviləsi ilə “X4 LTD” MMC-nin icarəsinə verilmiş və avtomobil xx.xx.2024-xx.xx.2024-cü il tarix aralığı dövründə icarəçi cəmiyyətdə sürücü işləyən Amil Həsənquliyevin idarəetməsində olmuşdur. Ona görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli 03İ23 saylı icarə müqaviləsinin surətinə əsasən Şəxs MMC-nin mülkiyyətində olan “İSUZU NPR YÜK” markalı 99JA271 dövlət nömrə nişanlı avtomaşın “X4 LTD” MMC-nin icarəsinə verilmişdir. İşdə olan 302110 saylı Yük avtoqəqliyyatı üçün Yol vərəqinin surətinə əsasən “X4 LTD” MMC– nin icarəsində olan “İSUZU NPR YÜK” markalı 99JA271 dövlət nömrə nişanlı avtomaşın xx.xx.2024-xx.xx.2024-cü il tarix aralığı dövründə Amil Həsənquliyevin idarəetməsində olmuşdur və avtomobil icarəçi cəmiyyətdə sürücü işləyən Amil Həsənquliyevin idarəetməsinə verilmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Həmin Məcəllənin 123.2-ci maddəsinə əsasən hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar çıxarır. İnzibati tənbeh vermə haqqında qərar həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin mülkiyyətində olan “İSUZU NPR YÜK” markalı 99JA271 dövlət nömrə nişanlı avtomaşın xx.xx.2023-cü il tarixli 03İ23 saylı icarə müqaviləsinə əsasən “X4 LTD” MMC-nin istifadəsində olduğundan həmin nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə saat 12:49 radələrində Bakı Quba yolunun 8.7 km ilə idarə edərək AR İXM-nin 327.1-1-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törədən fiziki şəxs barədə məlumat Şəxs MMC-də olmamışdır. Ona görə də, Şəxs MMC-dən tələb olunan həmin məlumatın səlahiyyətli orqanın sorğusu əsasında verilməməsi AR İXM-nin 347-ci maddəsinin tərkibini yaratmır. AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin AR İXM-nin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, inzibati xəta tərkibi olmadığından Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 115, 117 və 130–cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə ( İXP 6603937) icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar