Məhkəmə qərarları › İş №3(025)-55/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-55/2024

15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-55/2024 15.02.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, xx.xx.1984-cü ildə Qəbələ rayonu, Böyük Əmili kəndində anadan olmuş, Qəbələ rayonu, Böyük Əmili kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis şöbəsi tərəfindən 30 yanvar 2024-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:00-da ov icazəsi olmadan, dövlət rüsumu ödəməyərək istifadəsində olan 12 kalibrli “ATA Arms” markalı, yivsiz ov tüfəngi ilə atəş açma yolu ilə 1 ədəd göyərçini qanunsuz formada ovlamışdır, ov etmə qaydalarını pozmuşdur. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan 30 yanvar 2024-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş aparılan Şəxs və Qəbələ Rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan Qəbələ RPŞ-nin İTB-nin sahə nəfəri, polis baş serjantı Abid Nəbiyev tərəfindən Qəbələ RPŞ-nin rəisi, polis polkovniki Fəxrəddin Abbasova ünvanlanmış xx.xx.2024-cü il tarixli Raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu, Böyük Əmili kəndində xidmətdə olarkən ov tüfəngindən açılan atəş səsi eşitmişlər və həmin yerə yaxınlaşmışlar. Orada adı onlara sonradan məlum olan Şəxs ov tüfəngi ilə 1 ədəd çöl quşunu ovlamasını aşkar etmişlər, həmin vaxt Şəxs ov etməyi ilə bağlı müvafiq icazə almadığını və dövlət rüsumu ödəmədiyini bildirdikdən sonra barəsində qanuni tədbir görülməsi üçün həmin şəxsi Qəbələ RPŞ-yə gətirib Növbətçi Hissəyə təhvil vermişlər. İş materiallarında olan 25 yanvar 2024-cü il tarixli “mülki ov silahının və patronların növbətçi hissəyə təhvil verilməsi barədə” aktdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsində 1 ədəd qanunsuz göyərçin quşu ovu edərkən istifadə etdiyi 1 (bir) ədəd, 12 kalibrli, “Ata arms” markalı, 19/D 13261 nömrəli yivsiz lüləli ov tüfəngi və 3 ədəd patron saxlanılması üçün Qəbələ rayon polis şöbəsinin Növbətçi Hissəsinin məsul növbətçi əvəzi, polis kapitanı X1 oğluna təhvil verilmişdir. İş materiallarında olan 25 yanvar 2024-cü il tarixli aktdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsində 1 ədəd qanunsuz göyərçin quşu ovu edərkən istifadə etdiyi 1 (bir) ədəd ,12 kalibrli, “Ata arms” markalı, 19/D 13261 nömrəli yivsiz lüləli ov tüfəngi və 3 ədəd patron polis əməkdaşları tərəfindən Şəxs götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional və Təbii Sərvətlər İdarəsinin 30 yanvar 2024-cü il tarixli, 3-14-45/2-033/2024 nömrəli məktubunun surətindən görünür ki, 1 (bir) baş göyərçinin qanunsuz ovlanması nəticəsində təbiətə dəymiş ziyanın məbləği 5.50 (beş manat əlli qəpik) manat təşkil edir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə, cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinib, 1 (bir) ədəd, 12 kalibrli, “Ata arms” markalı, 19/D 13261 nömrəli yivsiz lüləli ov tüfəngi və 3 ədəd patron müsadirə edilməklə, 1000 (bir min) manat məbləğdə cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar