Məhkəmə qərarları › İş №3(025)-555/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-555/2023

12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-555/2023 12.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsi İTB-nin sahə rəisi polis kapitanı X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1979-cu ildə Qəbələ rayonu, Dızaxlı kəndində anadan olmuş, Qəbələ rayonu, Dızaxlı kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 12 oktyabr 2023-cü il tarixdə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X9 tərəfindən Şəxs barəsində tərtib olunmuş, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 11 oktyabr 2023-cü il tarixdə Qəbələ rayonu, Böyük Əmilli kəndi ərazisində yerləşən əkin sahəsində kənd sakinlərinin qarşısında xidməti vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan başqa, 12 oktyabr 2023-cü il tarixdə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı X9 tərəfindən Şəxs barəsində tərtib olunmuş, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* saylı İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 11 oktyabr 2023-cü il tarixdə ünvan 1 ünvanlı və ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X9 izahatında göstərdi ki, Qəbələ rayon Yeni Dızaxiı kənd inzibati ərazi nümayəndəliyindən daxil olmuş 10 və 11 oktyabr 2023-cü il tarixlərdə Yeni Dızaxlı kənd sakini Şəxs təşkilatçılığı ilə bir qrup kənd sakinlərinin 3 (üç) ədəd şum çıxaran traktor vasitəsi ilə Bakı şəhər sakini X2 mülkiyyətinə məxsus olan Böyük Əmili kəndi ərazisində yerləşən əkin sahəsində özbaşına olaraq şum işlərini aparmaları və köməklik göstərilməsi barədə şikayət ərizəsi əsasında Qəbələ rayon polis şöbəsinin X1 sahə rəisi, polis baş leytenantı X10, sahə polis nəfərləri, polis baş serjantı X3, polis serjantı X14 və polis serjantı X7 ilə birlikdə ərizədə qeyd olunan ərazidə olarkən təxminən 15-20 (on beş-iyirmi) nəfər şəxsin orada toplaşmasını, əkin sahəsində üç ədəd “Belarus-traktor” markalı mexaniki nəqliyyat vasitəsinin şumlama işləri apardığını görüb, orada toplaşan vətəndaşlara yaxınlaşaraq nə baş verməsini aydınlaşdırmağa çalışmışdılar. Bu zaman adı sonradan onlara məlum olan Qəbələ rayonu Yeni Dızaxlı kənd sakini Şəxs qeyd olunan torpaq sahəsi barədə Qəbələ rayon məhkəməsinin qəbul etdiyi qərardan narazılığını bildirərək digər kənd sakinlərinin qarşısında uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr səsləndirməyə, torpaq sahibinin, torpaqdan istifadə edən şəxslərin, məhkəmə və digər orqanların ünvanına və digər ünvansız nalayiq ifadələrlə təhqiredici sözlər, söyüşlər səsləndirdi. Onlar həmin şəxsə digər vətəndaşların yanında, ictimai yerdə bu tip hərəkətlərinin ictimai qayda pozuntusu olması, barəsində qanuni tədbir görüləcəyi barədə xəbərdarlıq edərək, hərəkətlərinə son qoyması barədə bildirsələrdə, o, qəsdən qanuni tələblərinə tabe olmayıb, hərəkətlərini davam etdirmişdir. Onlar ona dəfələrlə qanuni tələblərinə tabe olmasını, ictimai yerdə nəlayiq ifadələr səsləndirməməsini, barəsində tədbir görülməsi məqsədilə polis şöbəsinə getməli olması barədə bildirsələrdə qəsdən kənd sakinlərinin yanında nümayişkaranə şəkildə hərəkətlərini davam etdirdi. Şəxs ictimai qaydanı pozaraq, xırda xuliqanlıq hərəkətləri etdiyinə və qəsdən qanuni tələblərinə tabe olmadığına görə tərəflərindən qanuni tədbir görülməsi məqsədilə Qəbələ rayon polis şöbəsinə gətirilmiş və Növbətçi Hissəyə təhvil verilmişdir. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* saylı və Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* saylı İnzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək, izahatında göstərdi ki, 10 oktyabr 2023-cü il tarixdə vətəndaşların dəvəti ilə Kiçik Əmillidə yerləşən torpaq sahəsinə gəlmişdir. Gələndə orada həmkəndliləri şum işləri aparırdılar. Polislər hadisə yerinə gələn zaman, o, orada olmamışdır. Polis əməkdaşları hadisə yerində işləyən traktor sürücülərini polis şöbəsinə aparmışdılar. Sahə rəisinə zəng edib traktor sürücüləri ilə praflaktik söhbətlər aparılmasını istəsə də bu öz əksini tapmamışdır. Traktor sürücülərini aparmaqları ilə bağlı video çəkiliş hazırlayıb, çəkilişi çəkən vətəndaş tərəfindən video çəkiliş sosial şəbəkədə yerləşdirilmişdir. Daha sonra polis mayoru Nəzər müəllim ona zəng edərək Polis şöbəsinə onu dəvət etmişdir. Heç-bir əxlaqsız hərəkət etməmiş, polislərə qarşı tabesizlik göstərməmiş, ona qarşı verilən ittiham uydurma, şər və böhtandır. Məhkəmə iclasında şahid Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X10 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Qəbələ rayon Yeni Dızaxlı kənd inzibati ərazi nümayəndəliyindən Qəbələ rayon polis şöbəsinə daxil olmuş şikayət ərizəsi əsasında Qəbələ rayon polis şöbəsinin X1 sahə rəisi, polis kapitanı X9, sahə polis nəfərləri, polis serjantı X4, polis baş serjantı X3, polis serjantı, Nəbiyev Abid Äzad oğlu ilə birlikdə ərizədə qeyd olunan Qəbələ rayonu Yeni Dızaxlı kənd sakini Şəxs təşkilatçılığı ilə bir qrup kənd sakinlərinin özbaşına şum işləri apardıqları Bakı şəhər sakini X2 mülkiyyətinə məxsus Qəbələ rayonu Böyük Əmili kəndində yerləşən əraziyə getmişdilər. Oraya yaxınlaşdıqda təxminən 15-20 nəfər şəxsin orada toplaşdığını, əkin sahəsində üç ədəd “Bəlarus-traktor” markalı mexaniki nəqliyyat vasitəsinin şumlama işləri apardığını görmüdülər. Orada toplaşan vətəndaşlara yaxınlaşaraq nə baş verməsini aydınlaşdırmağa çalışmışdılar. Bu zaman adı sonradan onlara məlum olan Qəbələ rayonu Yeni Dızaxlı kənd sakini Şəxs onları qarşılayaraq kənd camaatını oraya özünün gətirdiyini, əkin sahələrinin onların mülkiyyətində olduğunu, bununla bağlı Qəbələ rayon məhkəməsinə müraciət etdiklərini, lakin düzgün qarar qəbul olunmadığını, bu səbəbdən kənd camaatı ilə birlikdə torpaq sahəsindən istifadə edəcəklərini, torpaq sahəsini şumlamaq məqsədilə oraya traktorlar gətirdiyini, məsələnin mülki məsələ olmasını, polisin qarışmamasını, oradan uzaqlaşmaqlarını, çəkiliş məqsədilə telekanallarıda oraya dəvət edəcəyini, baş vermiş qanunsuzluqla bağlı çıxışlar edərək, paylaşacağını bildirmişdir. Onlar həmin şəxsə kənd sakinlərini yanlış məlumatlandırdığını, qeyd olunan torpaq sahəsinin Bakı şəhər sakini X5 mülkiyyətində olması barədə inzibati dairə üzrə nümayəndənin ərizəsinin olması barədə bildirmişdilər. Şəxs heç bir səbəb olmadan digər kənd sakinlərinin qarşısında uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr səsləndirməyə, torpaq sahibinin, torpaqdan istifadə edən şəxslərin və məhkəmə və digər orqanların ünvanına və digər ünvansız nalayiq ifadələrlə təhqiredici sözlər, söyüşlər səsləndirmişdir. Onlar həmin şəxsə digər vətəndaşların yanında, ictimai yerdə bu tip hərəkətlərinin ictimai qayda pozuntusu olması, barəsində qanuni tədbir görüləcəyi barədə dəfələrlə xəbərdarlıq edərək, hərəkətlərinə son qoyması barədə bildirsələrdə, o, qəsdən qanuni tələblərinə tabe olmayıb, hərəkətlərini davam etdirmişdir. Onlar onu dəfələrlə qanuni tələblərinə tabe olmasını, ictimai yerdə nalayiq ifadələr səsləndirməməsini, barəsində tədbir görülməsi məqsədilə polis şöbəsinə getməli olması barədə bildirsələrdə qəsdən kənd sakinlərinin yanında nümayişkaranə şəkildə hərəkətlərini davam etdirmişdir. Şəxs ictimai qaydanı pozaraq, xırda xuliqanlıq hərəkətləri etdiyinə və qəsdən qanuni tələblərinə tabe olmadığına görə tərəflərindən qanuni tədbir görülməsi məqsədilə Qəbələ rayon polis şöbəsinə gətirmişdilər. Məhkəmə iclasında şahid Qəbələ rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri, polis baş serjantı, X3 şahid X8 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati xəta tərkibi olmadığından işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla və tərəflərin izahatları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Bundan başqa, məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X9 tərəfindən tərtib edilmiş 12 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan əməli, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə uyğun olaraq, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tədbiq edilməklə barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tədbiq edilməklə 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 11 oktyabr 2023-cü il tarixdən saat 21:00-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar